2026-cı il mayın 18-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırovın başçılıq etdiyi nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib.
Səfər çərçivəsində
nümayəndə heyəti Qarabağ Universitetində olub, ali təhsil müəssisəsinin rektoru
Şahin Bayramov və Humanitar və sosial elmlər fakültəsinin hüquqşünaslıq
ixtisasının tələbələri ilə görüş keçirib.
Əvvəlcə nümayəndə heyəti
universitetin infrastrukturu, auditoriyaları, tədris imkanları və tələbələr
üçün yaradılmış müasir akademik mühitlə yaxından tanış olub. Eyni zamanda ali təhsil
müəssisəsində həyata keçirilən tədris prosesi, Humanitar və sosial elmlər
fakültəsinin hüquqşünaslıq ixtisasının fəaliyyəti, maddi-texniki baza və gələcək
inkişaf istiqamətləri barədə ətraflı məlumat təqdim edilib.
Görüşdə qonaqları
salamlayan Qarabağ Universitetinin rektoru Şahin Bayramov universitetin inkişaf
strategiyası, təhsil imkanları və qarşıya qoyulan əsas hədəflər barədə danışıb.
Rektor bildirib ki, Qarabağ Universitetində müasir təhsil standartlarına uyğun
yüksəkixtisaslı hüquqşünas kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi
və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi əsas prioritet istiqamətlərdəndir.
Kollegiya sədri Anar
Bağırov səmimi qəbula görə minnətdarlığını bildirərək iştirakçıları salamlayıb,
onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sədr işğaldan azad
edilmiş ərazilərdə fəaliyyət göstərən Qarabağ Universitetinin böyük qürur mənbəyi
olduğunu vurğulayıb. Qeyd edilib ki, universitet bölgənin yüksəkixtisaslı kadr
tələbatının ödənilməsində mühüm rol oynayır. Tarixən bu torpaqlarda kök salmış
təhsil ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından da universitetin
strateji əhəmiyyəti danılmazdır.
Görüşdə qarşılıqlı əməkdaşlıq
imkanları müzakirə olunub, bir sıra təkliflər irəli sürülüb və digər aktual məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Tələbələrlə görüş
zamanı isə Anar Bağırov ölkədə vəkillik institutunun inkişaf mərhələləri, hüquq sahəsində
həyata keçirilən müasir islahatlar və gənclər üçün yaradılan imkanlar barədə ətraflı
məlumat verib. Nəzərə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev tərəfindən hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində həyata
keçirilən mühüm siyasət nəticəsində vəkillik institutu yeni inkişaf mərhələsinə
qədəm qoyub.
Sədr son illərdə VK-da
aparılan institusional islahatlardan, vəkil korpusunun genişləndirilməsindən,
davamlı tədris və peşəkar hazırlıq proqramlarından danışaraq vəkillərin insan
hüquq və azadlıqlarının müdafiəsində, qanunun aliliyinin təmin olunmasında və ədalət
mühakiməsinin həyata keçirilməsində mühüm rol oynadıqlarını vurğulayıb.
Həmçinin görüşdə Anar
Bağırov tələbələrlə peşə təcrübəsini bölüşərək vəkillik institutunun tarixi
inkişaf yolu, hüquqi yardımın əlçatanlığının artırılması, regionlarda hüquqi
xidmət imkanlarının genişləndirilməsi və gənc hüquqşünasların peşəyə cəlb
olunması istiqamətində görülən işlər barədə təqdimatla çıxış edib.
Diqqətə çatdırılıb ki, Kollegiya
tərəfindən həyata keçirilən layihələrin mühüm hissəsi gənclərin hüquqi biliklərinin
artırılmasına, onların peşəkar inkişafına və vəkillik peşəsinə marağının gücləndirilməsinə
yönəlib. Bildirilib ki, hazırda vəkilliyə qəbul olunan hüquqşünasların əhəmiyyətli
hissəsini gənclər təşkil edir və onların fəal iştirakı institutun inkişafına
yeni dinamika qazandırır.
VK-nın hüquqşünas tələbələrə
dəstək göstərən əsas hüquq təsisatlarından biri olduğunu vurğulayan sədr qeyd
edib ki, Kollegiyanın təşəbbüsü ilə hər il hüquqi maarifləndirici tədbirlər,
seminarlar, intellektual yarışlar və müxtəlif layihələr təşkil olunur. Bununla
yanaşı, yüzlərlə tələbənin müxtəlif vəkil qurumlarında təcrübə keçməsi üçün şərait
yaradılır və onlar real hüquqi iş mühiti ilə yaxından tanış olmaq imkanı əldə
edirlər.
Bundan başqa, fərdi təqaüd
proqramlarının həyata keçirilməsi, Hüquq fakültələrinin elmi və praktiki layihələrinə
dəstək göstərilməsi, tələbə təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi
və beynəlxalq hüquq müsabiqələrində iştirak edən tələbələrə maliyyə və təşkilati
dəstəyin verilməsi Kollegiyanın gənclərlə bağlı fəaliyyətinin əsas istiqamətlərindən
biri kimi diqqətə çatdırılıb.
Görüş çərçivəsində
VK-nın üzvü, Ağsaqqallar Şurasının sədri, əməkdar hüquqşünas İkram Kərimov
iştirakçılarla öz zəngin peşə təcrübəsini bölüşüb. O, uzun illər davam edən
hüquqi təcrübəsi dövründə əldə etdiyi dərin bilik və bacarıqların əhəmiyyətini
vurğulayıb.
Çıxışında tələbələrə
müraciət edən İkram Kərimov peşəkarlığın, dürüstlüyün və ədalət prinsiplərinə
sarsılmaz sədaqətin bu sahədə uğurun əsas şərti olduğunu bildirib. O qeyd edib
ki, hüquqşünaslıq təkcə bilik tələb edən bir peşə deyil, eyni zamanda yüksək mənəvi
məsuliyyət daşıyan bir xidmətdir. İkram Kərimov gənclərə peşəkarlıq, dürüstlük
və ədalət prinsiplərinə sadiq qalmağın hüquqşünaslıq fəaliyyətində əsas şərt
olduğunu söyləyib, onlara təcrübədən irəli gələn dəyərli tövsiyələr verib.
VK-nın Vəkillərin
İxtisas Komissiyasının sədri Turqay Hüseynov isə görüşdə çıxış edərək
hüquqşünaslıq peşəsinin cəmiyyətdəki rolundan və əhəmiyyətindən danışıb, vəkillik
fəaliyyətinin dərin bilik və peşəkarlıqla yanaşı, yüksək mənəvi məsuliyyət tələb
edən bir xidmət olduğunu ifadə edib.
O, gənc hüquqşünasları
fasiləsiz öyrənməyə, etik dəyərlərə sadiq qalmağa çağırıb, Kollegiyanın gənc
kadrların peşəkar inkişafına həmişə dəstək verdiyini bildirərək tələbələrə gələcək
fəaliyyətlərində uğurlar arzulayıb.
Görüş çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb, hüquq təhsili, vəkillik peşəsinin perspektivləri və peşə etikası ilə bağlı fikir mübadiləsi aparılıb.












