Ölkə Prezidenti cənab İlham Əliyevin vəkillərin sayının artırılması, hüquqi yardımın əlçatanlığının genişləndirilməsi və vəkillik institutunun inkişafına dair verdiyi tövsiyələr çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) üzvlüyə qəbul prosesini ardıcıl və məqsədyönlü şəkildə davam etdirir. Bu işin məntiqi davamı olaraq yazılı və şifahi imtahan mərhələlərini uğurla başa vuran 71 namizəd üçün 2026-cı il mayın 25-dən etibarən Ədliyyə Akademiyasında icbari təlimlərə start verilib.
Təlim proqramı gələcək vəkillərin peşə hazırlığının artırılmasına,
praktiki bilik və bacarıqlarının möhkəmləndirilməsinə, vəkillik fəaliyyətinə
dair etik və hüquqi tələblərin dərindən mənimsədilməsinə yönəlib.
Təlimin açılış mərasimində çıxış edən VK Rəyasət Heyətinin sədri Anar
Bağırov namizədləri qarşıdan gələn müqəddəs Qurban bayramı və 28 May - Müstəqillik
Günü münasibətilə təbrik edərək bu mərhələnin peşəkar formalaşma baxımından
xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Sədr bildirib ki, təlim proqramı yalnız nəzəri biliklərə deyil, həm də
praktiki bacarıqların inkişafına, beynəlxalq təcrübənin öyrənilməsinə
hesablanıb, habelə məzmunu müasir hüquqi çağırışlara uyğun formalaşdırılıb.
Anar Bağırov vəkilliyə qəbul prosesinə dair ətraflı məlumat verərək deyib
ki, test mərhələsi Kollegiya və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı
ilə, yerli və beynəlxalq müşahidəçilərin, dövlət qurumları və qeyri-hökumət təşkilatları
nümayəndələrinin iştirakı ilə tam şəffaf şəraitdə keçirilir. Şifahi mərhələdə
isə videoyazı sisteminin tətbiqi və bütün namizədlərə eyni məzmunlu sualların
verilməsi vasitəsilə prosesin obyektivliyi təmin olunur.
Sədr təlimə başlayan namizədlərin tərkibinə dair statistik göstəriciləri
də diqqətə çatdıraraq söyləyib ki, 71
iştirakçının 31-i qadın, 40-ı kişidir. Namizədlərin 86 faizi, yəni 61 nəfəri 40 yaşadək olan şəxslərdir ki, bu
da vəkillik institutunun getdikcə gəncləşdiyini açıq şəkildə ortaya qoyur. Təlim
iştirakçılarının 91 faizi (65 nəfər) paytaxtdan, 9 faizi (6 nəfər) isə
regionlardan müraciət edən şəxslərdir.
Həmçinin Anar Bağırov qeyd edib ki, son illər VK-da vəkillərin, vəkil köməkçilərinin
və qadın vəkillərin sayında davamlı artım müşahidə olunur, institut cavanlaşır.
Növbəti andiçmə mərasimindən sonra ölkədə fəaliyyət göstərən vəkillərin ümumi
sayının 3 000 nəfəri keçəcəyi gözlənilir ki, bu da vətəndaşların hüquqi yardıma
əlçatanlığının artırılması baxımından mühüm göstəricidir.
Son illər Azərbaycan vəkilliyin tarixindən, inkişafı istiqamətində həyata
keçirilən genişmiqyaslı tədbirlərə toxunan sədr deyib ki, vəkillik institutu ötən
dövrlərdə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu müddətdə yerli və
beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin əhəmiyyətli dərəcədə genişləndirildiyini,
bir sıra nüfuzlu qurumlarla səmərəli tərəfdaşlıq münasibətlərinin qurulduğunu və
beynəlxalq hüquqi platformalarda Azərbaycan vəkilliyinin təmsilçiliyinin daha
da gücləndiyi qeyd edilib. Vəkillik institutunun təşəbbüslərinə dövlət tərəfindən
göstərilən tam dəstəyin bariz nümunəsidir. Eyni zamanda intizam, maliyyə və təşkilati
məsələlər üzrə sistemli islahatların həyata keçirildiyi də nəzərə çatdırılıb.
Anar Bağırov dövlət hesabına göstərilən hüquqi yardım mexanizminin genişləndirilməsinin
Kollegiyanın əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayaraq
bildirib ki, bu sahədə həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların
keyfiyyətli hüquqi yardıma çıxış imkanları daha da artırılıb.
Sədr deyib ki, Ədliyyə Akademiyası ilə birgə hazırlanan təlim proqramları
praktiki bilik və bacarıqların artırılmasına yönəlik kompleks yanaşma təqdim
edir və bu sahədə sistemli, davamlı nəticələr əldə olunmasına zəmin yaradır. Anar
Bağırov təlimlərin yüksək peşəkarlıqla təşkil olunduğunu vurğulayaraq göstərilən
dəstəyə görə Ədliyyə Nazirliyinin və Ədliyyə Akademiyasının rəhbərliyinə minnətdarlığını
ifadə edib.
Bundan başqa, vəkillərin davamlı peşə hazırlığının və tədrisinin
Kollegiyanın əsas prioritet istiqamətlərindən biri olduğu xüsusi vurğulayıb.
Qeyd olunub ki, vəkillərin bilik və bacarıqlarının artırılması, onların müasir
hüquqi çağırışlara uyğun hazırlanması məqsədilə mütəmadi təlimlər, seminarlar və
ixtisasartırma proqramları təşkil edilir.
Sədr Kollegiyanın ictimai məsuliyyət layihələrinə, sosial və hüquqi
maarifləndirmə aksiyalarına xüsusi önəm verdiyini, regionlarda mütəmadi hüquqi
yardım və maarifləndirmə tədbirlərinin həyata keçirildiyini söyləyib.
Çıxış zamanı Kollegiyanın yeni inzibati binası – “Vəkil Evi” barədə də məlumat
verən Anar Bağırov bildirib ki, hazırda binada təmir-tikinti işləri uğurla
davam etdirilir və yaxın müddətdə yekunlaşdırılması nəzərdə tutulur. Bununla
yanaşı, Regional Vəkil bürolarının fəaliyyəti, maddi-texniki bazanın gücləndirilməsi
və elektron xidmətlərin genişləndirilməsi istiqamətində işlərin davam
etdirildiyi vurğulanıb.
Vəkillik etikası və peşə məsuliyyətinə ayrıca toxunan sədr deyib ki, hər
bir vəkil öz peşə borcunu vicdanla və məsuliyyətlə yerinə yetirməli, etik
davranış qaydalarına ciddi riayət etməli, vətəndaşlara yüksək keyfiyyətli
hüquqi yardım göstərməli, formal fəaliyyət və qeyri-prosessual münasibətlərdən
isə qəti şəkildə uzaq durmalıdır. Anar Bağırov vurğulayıb ki, etik normalara
zidd davranışlar vəkillik institutunun nüfuzuna xələl gətirir və Kollegiya bu
kimi hallara qarşı həmişə prinsipial və qətiyyətli mövqe sərgiləyəcəkdir.
Təlim çərçivəsində vəkillik institutunun inkişaf istiqamətləri və
strateji hədəflər barədə də geniş məlumat verən Anar Bağırov Azərbaycan
Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli "Vəkilliyin
inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamının əhəmiyyətini
xüsusi vurğulayıb. Bildirilib ki, həmin sənəd vəkillik fəaliyyətinin genişləndirilməsi,
hüquqi yardımın əlçatanlığının artırılması və vəkil sayının yüksəldilməsi
baxımından mühüm dönüş nöqtəsi olub.
"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilmiş son dəyişikliklərə
də toxunan sədr əlavə edib ki, vəkil peşəsinə qəbul üçün tələb olunan iş
stajının üç ildən bir ilədək azaldılması hüquq sisteminin təkmilləşdirilməsi, vəkillik
institutunun möhkəmləndirilməsi və müdafiə hüququnun effektiv təmin olunması
istiqamətində atılmış mühüm addımdır.
Açılış mərasimi Anar Bağırovun "Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik" mövzusunda əhatəli məruzəsi ilə davam edib, ardınca müzakirələr aparılıb.






