21–22 may 2026-cı il tarixlərində Fransanın paytaxtı Paris şəhərində Avropa Şurası və Avropa İttifaqı tərəfindən həyata keçirilən “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” birgə proqramının üçüncü mərhələsi (PGG III) çərçivəsində “Şərq Tərəfdaşlığı regionunda iqtisadi cinayətlərin qarşısının alınması və onunla mübarizə tədbirlərinin gücləndirilməsi” layihəsi üzrə regional seminar təşkil olunub.
Seminarda Azərbaycan, Ermənistan, Moldova və Ukraynadan aidiyyəti dövlət
qurumlarının, maliyyə monitorinqi orqanlarının, nəzarət qurumlarının və özünütənzimləyici
təşkilatların nümayəndələri iştirak ediblər.
Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Vəkillər
Kollegiyası Rəyasət Heyəti Aparatının rəhbəri Orxan Babayev, Auditorlar
Palatasının nümayəndələri Qoşqar Əhmədov və Səftər Vəlizadə, Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi Ruqiyyə Məlikova, Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin nümayəndələri
Orxan Abdinov və Rauf Əsgərov, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin
nümayəndəsi Nilufər Abdullayeva iştirak ediblər.
Regional seminarın əsas məqsədi qeyri-maliyyə təsisatları və peşə sahibləri
üzrə nəzarət sistemlərində mövcud boşluqların sübuta əsaslanan şəkildə təhlili,
FATF standartları üzrə praktiki biliklərin artırılması və 6-cı raund qiymətləndirməsinə
hazırlıq prosesinə dəstək göstərilməsi olub.
Seminarlar çərçivəsində Azərbaycan Respublikasının nümayəndələri tərəfindən
ölkəmizdə qeyri-maliyyə peşələri və biznes subyektləri sektorunda ƏL/TMM nəzarəti,
riskəsaslı nəzarət mexanizmləri və həyata keçirilən institusional islahatlara
dair təqdimatla çıxış edilib.
Eyni zamanda iştirakçılar tərəfindən Şərq Tərəfdaşlığı ölkələri üzrə
prioritet sektorlar üçün risk əsaslı nəzarət alətləri və tipologiyalar müzakirə
edilib, qabaqcıl beynəlxalq təcrübə, nəzarət mexanizmləri və qurumlararası əməkdaşlıq
istiqamətində fikir mübadiləsi aparılıb.
Seminar iqtisadi cinayətlərlə mübarizə, pulların leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində regional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma olub.


