2026-cı il mayın 27-29-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Sloveniya Respublikasının paytaxtı Lyublyana şəhərində səfərdə olub.
Səfərdə
VK sədri Anar Bağırovla yanaşı, Kollegiyanın Rəyasət Heyətinin üzvü Elçin Usub
da iştirak edib.
Səfər
çərçivəsində nümayəndə heyəti Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri
Şurasının (CCBE) plenar iclasına, eləcə də təşkilatın “Mübadilə,
əməkdaşlıq və dəstək platforması” (PECO) Komitəsinin tədbirinə qatılıb.
İclas
və tədbirdə müxtəlif ölkələrin Vəkillər kollegiyalarının və hüquq cəmiyyətlərinin
rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, dövlət rəsmiləri və vətəndaş
cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.
Plenar
iclasın açılış mərasimində Sloveniya Vəkillər Kollegiyasının prezidenti Janez
Starman, Sloveniya Respublikasının Prezidenti Nataşa Pirc Musar, Sloveniya Ali
Məhkəməsinin sədri Damjan Oroz və Sloveniya Məhkəmə Şurasının sədri Urşka
Kezmah çıxış edərək iştirakçıları salamlayıblar. Çıxışlarda hüququn aliliyinin
qorunması, beynəlxalq hüquqi əməkdaşlığın inkişafı və hüquq peşəsi nümayəndələri
arasında institusional əlaqələrin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
İclas
çərçivəsində CCBE rəhbərliyi tərəfindən təşkilatın cari fəaliyyəti, qarşıda
duran prioritetlər və strateji inkişaf istiqamətləri barədə məlumat verilib. Eyni
zamanda maliyyə məsələləri və təşkilatın qarşıdakı dövr üçün tədbirlər təqvimi
təsdiqlənib. Həmçinin CCBE-nin fəaliyyəti üzrə yeniliklər nəzərdən keçirilib və
strateji əhəmiyyət daşıyan sənəd layihələri müzakirə olunub. Bununla yanaşı, Vəkillər
kollegiyaları, hüquq cəmiyyətləri, hüquq firmaları və vəkillər üçün istixana
qazı emissiyaları və iqlim dəyişikliyi ilə bağlı CCBE Bələdçisinin layihəsinə
baxılıb.
PECO iclasında çıxış edən VK sədri Anar Bağırov son illər ölkədə vəkillik
institutunun dinamik inkişaf etdiyini, həyata keçirilən islahatlar nəticəsində
vəkillərin sayının əhəmiyyətli dərəcədə artdığını bildirib. Sədr qeyd edib ki,
vəkillik peşəsi ölkədə nüfuzlu və perspektivli hüquq fəaliyyət istiqamətlərindən
birinə çevrilib.
Sədr VK-nın ali təhsil müəssisələri ilə əməkdaşlığının genişləndirildiyini,
eləcə də “PAŞA Holding” ilə birgə həyata keçirilə “LEGIS Hüquq Forumu” layihəsinin
hüquqi maarifləndirmə, peşəkar dialoq və hüquq ictimaiyyətinin inkişafına mühüm
töhfə verdiyini diqqətə çatdırıb. Bununla yanaşı, yerli və beynəlxalq tərəfdaşlarla
əməkdaşlıq çərçivəsində vəkillərin peşəkar hazırlığının artırılması istiqamətində
ardıcıl tədbirlərin həyata keçirildiyi vurğulanıb.
Anar Bağırov çıxışının davamında Azərbaycanın beynəlxalq hüquq
platformalarında fəal təmsil olunduğunu qeyd edərək, cari ilin oktyabr ayında
ölkəmizin Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) payız konfransına ev
sahibliyi edəcəyini və bununla bağlı hazırlıq işlərinin davam etdirildiyini söyləyib.
İclas çərçivəsində müxtəlif ölkələrin Vəkillər kollegiyalarının rəhbərləri
öz ölkələrində hüquq sistemi və vəkillik institutu sahəsində görülən işlər, həyata
keçirilən islahatlar və aktual yeniliklər barədə məlumat verərək hesabatlarla
çıxış ediblər.
Təqdimatlardan sonra iştirakçılar arasında qarşılıqlı müzakirələr
aparılıb, fikir mübadiləsi həyata keçirilib və suallar cavablandırılıb.
Eyni
zamanda tədbir çərçivəsində gələcək əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi
məqsədilə Kollegiya sədri Anar Bağırov tərəfindən beynəlxalq təşkilatların və
bir sıra ölkələrin Vəkillər kollegiyalarının rəhbərləri arasında müvafiq görüşlər
keçirilib, təcrübə mübadiləsi, gələcək əməkdaşlığın perspektivləri barədə
müzakirələr aparılıb.
Tədbirin sonunda iştirakçılar üçün Lyublyana qəsrində
rəsmi ziyafət təşkil olunub.
Bundan başqa, səfər çərçivəsində nümayəndə heyəti bu ölkənin Çepovan kəndindəki qardaşlıq qəbiristanlığında dəfn olunmuş Sovet İttifaqı və Sloveniya qəhrəmanı Mehdi Hüseynzadənin məzarını ziyarət ediblər. Sonra nümayəndə heyəti əfsanəvi qəhrəmanın şərəfinə ucaldılmış abidə və onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şempas qəsəbəsində yaradılmış muzeydə olublar.






