Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən həmkarlar ittifaqları üzvlərinin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi, onların hüquqi maarifləndirilməsi və peşəkar hüquqi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
AHİK və Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) arasında
imzalanmış Əməkdaşlıq haqqında Memorandum çərçivəsində növbəti pulsuz hüquqi
yardım tədbiri də bu məqsədə xidmət edir.
Əvvəlcə iştirakçılara AHİK-in fəaliyyət istiqamətləri, üzvlərin əmək,
sosial-iqtisadi və qanuni mənafelərinin müdafiəsi sahəsində həyata keçirilən
layihələr və görülən işlər barədə məlumat verilib, Konfederasiyanın fəaliyyətini
əks etdirən film nümayiş etdirilib.
AHİK-in Əməyin Mühafizəsi və VK-nın Hüquqi Yardım Mərkəzin dəstəyi ilə
keçirilən tədbir zamanı həmkarlar ittifaqları üzvləri üçün hüquqi məsələlər üzrə
məlumatlandırma aparılıb və onların müraciətləri dinlənilib.
Belə ki, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən həmkarlar
ittifaqları üzvlərinə fərdi qaydada pulsuz hüquqi yardım göstərilib,
iştirakçıları maraqlandıran hüquqi məsələlər üzrə qanunvericiliyin tələbləri
izah olunub, müxtəlif hüquqi situasiyalarla bağlı peşəkar hüquqi məsləhətlər
verilib.
Qeyd edək ki, AHİK ilə VK arasında əməkdaşlıq həmkarlar ittifaqları üzvlərinin əmək hüquqlarının və qanuni mənafelərinin daha etibarlı müdafiəsinə, onların hüquqi maarifləndirilməsinə və keyfiyyətli hüquqi yardıma çıxış imkanlarının artırılmasına xidmət edir. Bu təşəbbüs, həmçinin əmək münasibətləri sahəsində hüquqi məlumatlılığın yüksəldilməsinə və həmkarlar ittifaqları üzvlərinin hüquqi müdafiə imkanlarının genişləndirilməsinə mühüm töhfə verir.





