Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdədir.
Səfər çərçivəsində
nümayəndə heyəti Culfa rayon Vəkil Bürosunun açılış mərasimində iştirak edib.
Tədbirdə VK rəhbərliyi ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvləri və büro əməkdaşları iştirak ediblər.
Açılış mərasimi çərçivəsində qonaqlara yeni inzibati bina təqdim olunub, yaradılan iş şəraiti ilə yerində tanışlıq keçirilib.
Naxçıvan Muxtar
Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov qonaqlara büro barədə ətraflı
məlumat verərək bildirib ki, Culfa rayonunda fəaliyyətə başlayan ofisdə vətəndaşların
qəbulu üçün əlverişli şərait yaradılıb.
VK sədri Anar Bağırov
açılış mərasimində çıxış edərək iştirakçıları salamlayıb, yeni büronun fəaliyyətə
başlaması münasibətilə təbriklərini çatdırıb və kollektivə uğurlar arzulayıb.
Büronun fəaliyyətini hüquqi xidmətlərin əlçatanlığının artırılması baxımından
mühüm addım kimi qiymətləndirən sədr son illərdə Kollegiya tərəfindən həyata
keçirilən sistemli islahatlardan, vəkillik institutunun inkişafı istiqamətində
görülən işlərdən, vəkillərin sayının artırılması və peşə hazırlığının gücləndirilməsi
sahəsində əldə olunan nəticələrdən bəhs edib.
Anar Bağırov qeyd edib
ki, hazırda ölkə üzrə 144 Vəkil Bürosu fəaliyyət göstərir və bu qurumların hər
birində beynəlxalq standartlara uyğun iş şəraiti formalaşdırılıb. Bu isə vətəndaşların
keyfiyyətli və əlçatan hüquqi yardım almasına geniş imkanlar yaradır.
Həmçinin sədr diqqətə
çatdırıb ki, respublika üzrə bütün vəkil qurumlarının maddi-texniki bazasının
gücləndirilməsi Kollegiyanın prioritet istiqamətlərindən biridir və bu sahədə
ardıcıl tədbirlər davam etdirilir. Eyni zamanda Anar Bağırov Naxçıvan Muxtar
Respublikasında vəkillik sahəsində son dövrlərdə həyata keçirilən islahatları
yüksək qiymətləndirib, bu istiqamətdə əldə olunan uğurlar və gələcək inkişaf
perspektivlərini xüsusi vurğulayıb.
Mərasim çərçivəsində vəkillərlə görüş keçirilib, onların peşə fəaliyyəti zamanı qarşılaşdıqları məsələlər və təklifləri dinlənilib. VK rəhbərliyi tərəfindən görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verilib, vəkilləri maraqlandıransuallar cavablandırılıb və qarşılıqlı müzakirələr aparılıb.






