2026-cı il iyunun 8-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Mediasiya Şurasının birgə təşkilatçılığı ilə "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilib.
Tədbirdə Vəkillər
Kollegiyasının sədri Anar Bağırov, Mediasiya Şurasının İdarə Heyətinin sədri
Nadir Adilov, hər iki qurum rəhbərinin başçılıq etdiyi nümayəndə heyətləri,
Muxtar Respublikasının rəsmi şəxsləri, hakim və vəkillər, mediatorlar, müəllimlər,
tələbələr, eləcə də kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak ediblər.
Mərasimdən əvvəl nümayəndə
heyətləri Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında
ucaldılan abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri düzülüb, Ümummilli
Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Konfrans Azərbaycan
Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra müasir müstəqil
Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin
müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış
edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov iştirakçıları salamlayaraq
konfransın əhəmiyyətini vurğulayıb, Kollegiyada son illər görülən işlərdən
danışıb. Sədr Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalandığını, Azərbaycan
tarixində ilk dəfə vəkilliyin tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı
olmayan bir təsisat kimi formalaşdığını və həmin dövrdə qəbul olunmuş
prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində
prosesin bərabərhüquqlu peşə birliyinə çevrildiyini dilə gətirib.
Anar Bağırov son dövrlər
Azərbaycan vəkilliyinin inkişafında ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
qəbul edilmiş Fərman və Sərəncamların tarixi rolundan, insan hüquqlarının
qorunmasında vəkillik institutunun məsuliyyətindən, vəkillərin
ixtisaslaşmasının zəruriliyindən, bu sahədə aparılan islahatların əhəmiyyətindən,
eləcə də mediasiya institutunun mübahisələrin həllindəki mühüm yerindən ətraflı
bəhs edib.
Ölkədə mediasiya
institutunun formalaşması və bu sahədə həyata keçirilən islahatlar barədə söz
açan sədr bildirib ki, Vəkillər Kollegiyası ilə Mediasiya Şurası arasında
qurulan səmərəli əməkdaşlıq nəticəsində mediator olan vəkillər və vəkil olmayan
mediatorlar arasında qarşılıqlı hörmətə və peşəkar həmrəyliyə əsaslanan münasibətlər
formalaşıb. Bu əməkdaşlıq modeli mediasiya praktikasının daha da zənginləşməsinə,
institutun cəmiyyətdə möhkəmlənməsinə və islahatların davamlı xarakter almasına
güclü təkan verməkdədir.
Sədr Mediasiya
Şurasının fəaliyyətini yüksək qiymətləndirdiyini bildirərək söyləyib ki, Vəkillər
Kollegiyası mediasiya islahatlarının ilk günündən Şuranın həmtəsisçisi kimi bu
prosesə tam dəstək verib. Anar Bağırov həmin dəstəyin bu gün də davam etdiyini
və bundan sonra da Kollegiyanın Şura ilə birgə fəaliyyət göstərəcəyini əminliklə
vurğulayıb.
Anar Bağırov vurğulayıb
ki, ölkəmizdə vətəndaş cəmiyyətinin, hüquq institutlarının və hüquqi yardım
sisteminin inkişafında əldə olunan uğurlar dövlətimizin göstərdiyi diqqət və
qayğının nəticəsidir. Eyni zamanda sədr Naxçıvanda gələcəkdə də bu cür regional
konfransların keçiriləcəyini ifadə edib.
Azərbaycan Respublikası
Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov çıxış edərək son illər
Şurada görülən işlərə toxunaraq bildirib ki, mediasiya xidmətlərindən istifadə
zamanı Vəkillər Kollegiyasının üzvlərinin təmsil etdikləri tərəflərin barışıq
sazişlərininin müddəaları və məzmunu üzrə keyfiyyətli hüquqi yardım göstərmələri
əsas insan hüquq və azadlıqlarının müdafiəsində çox mütərəqqi addımdır. Sədr Vəkillər
Kollegiyasının üzvlərinin mediasiya sahəsində əldə edilən barışıq sazişlərinin
hüquqi və keyfiyyətli məzmumunların formalaşmasını insan hüquqları və hüquq mədəniyyətinin
inkişafı sahəsində çox mütərəqqi addım olduğunu deyib.
Nadir Adilovun sözlərinə
görə, müşahidə və monitorinqlər göstərir ki, vəkillər mediasiya proseslərində
mediasiya barışıq sazişinin hüquq və qanuna uyğun məzmun üzrə mediatorlarla çox
sıx əməkdaşlıq edirlər. Vəkillərə təşəkkür etdiyini bildirən sədr vurğulayıb
ki, Naxçıvan Mediasiya Təşkilatının Vəkillər Kollegiyası üzvləri ilə peşəkar əməkdaşlığı
keyfiyyətli mediasiya barışıq sazişlərinin imzalanmasına birbaşa müsbət təsir
edən amildir. Diqqətə çatdırılıb ki, Şura Naxçıvan Mediasiya Təşkilatının Vəkillər
Kollegiyası üzvləri ilə qurduğu səmərəli əməkdaşlıq və nəticə yönümlü fəaliyyətdən
razıdır, bunun müsbət faydaları mövcuddur.
Hazırda isə ölkə üzrə
423 mediator və 75 mediasiya təşkilatı fəaliyyət göstərir. 2026-cı ildə barışıq
sazişinin sayı 1 794-dür. Probasiyada isə 6 barışıq sazişi qeydə alınıb.
Naxçıvan Muxtar
Respublikası Ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən
Hüseyn Səfərov çıxış edərək Naxçıvanda vəkilliyin tarixi, inkişaf yolundan bəs edib.
Qeyd olunub ki, vəkillik institutu nə qədər inkişaf etsə, Kollegiya nə qədər
savadlı və peşəkar vəkillərlə komplektləşdirilsə, bu, əhalinin hüquqlarının
yüksək səviyyədə qorunmasına, hüquqi problemlərin həllində məlumatlandırılmasına
xidmət edər, eləcə də lazımsız vaxt itkisindən, bilməyərəkdən lazımsız müraciətlərin
qarşısını alar.
Hüseyn Səfərov deyib
ki, insan hüquqlarının müdafiəsində dövlət qurumları ilə vəkillik institutunun əməkdaşlığı
da mühüm rol oynayır. Bu baxımdan Naxçıvan Muxtar Respublikanın Ədliyyə
Nazirliyi ilə Vəkillər Kollegiyası arasında qurulmuş səmərəli əməkdaşlıq xüsusi
qeyd olunmalıdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hazırda Naxçıvan
Muxtar Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi də Kollegiyanın İxtisas
Komissiyasının üzvü qismində iştirak edir. Bu iştirak qəbul prosesinin şəffaflığının,
obyektivliyinin və qanunauyğunluğunun təmin edilməsinə xidmət edir. Naxçıvan
Muxtar Respublikanın Ədliyyə Nazirliyi ilə Vəkillər Kollegiyası arasında əməkdaşlığın
mühüm istiqamətlərindən biri də penitensiar müəssisədə həyata keçirilən birgə tədbirlərdir.
Sonra konfransda
Mediasiya Şurası tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin
müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov, nazirliyin
Strateji planlaşdırma və monitorinq idarəsinin rəisi Səttar Zamanov və Naxçıvan
Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov Şuranın fəaliyyətində
göstərdikləri dəstəyə görə sertifikatla təltif ediliblər.
Sonra Naxçıvan Muxtar
Respublikası Vəkillər Kollegiyasının son 3 il ərzində həyata keçirdiyi fəaliyyətləri
əks etdirən videohesabat nümayiş olunub.
Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin sədrinin müavini Müşfiq Həsənov “Ədalət mühakiməsində
vəkilliyin və mediasiyanın rolu” mövzusunda çıxış edərək vəkilliyin əsas
missiyasının insan hüquq və azadlıqlarının müdafiəsini həyata keçirmək olduğunu,
ədalət mühakiməsinin həyata keçirilməsində vəkillərin mühüm rol oynadığını söyləyib.
Sədr müavininin sözlərinə
görə, təcrübə göstərir ki, vəkilin iştirak etdiyi işlərdə məhkəmə araşdırması
daha səmərəli və operativ aparılır. Vətəndaş peşəkar hüquqi yardım aldıqda həm
öz hüquqlarını daha yaxşı müdafiə edir, həm də məhkəmənin işi asanlaşır. Mediasiya
institutu da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Mediasiya həm məhkəməyə qədərki
mərhələdə mübahisələrin həllinə kömək edir, həm də məhkəmə baxışı zamanı tərəflərin
barışmasına şərait yaradır. Bir çox hallarda mediatorun fəaliyyəti nəticəsində
mübahisə məhkəməyə çatmadan həll olunur.
Daha sonra Naxçıvan
Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov “Mediasiya
proseslərində baxılan mübahisələrdə insan hüquqlarının qorunmasında vəkilin
iştirakı ilə bağlı məsələlər: keyfiyyətli hüquqi yardım, keyfiyyətli mediasiya
barışıq sazişinin əsasıdır” mövzusunda çıxış edərək bildirib ki, müasir hüquq
sistemində mübahisələrin həllində alternativ mexanizmlərin, xüsusilə
mediasiyanın tətbiqi hüquqi dövlət prinsiplərinin, o cümlədən insan və vətəndaş
hüquqlarının daha effektiv təmin olunmasına xidmət etməkdədir. Bu baxımdan vəkil
və mediator əməkdaşlığı göstərilən xidmətin keyfiyyətinin artırılması və mübahisənin
sülh yolu ilə həllinin genişləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etməkdədir.
Sədr vurğulayıb ki,
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu mediasiyanın məqsədini
mübahisələrin tərəflərin qarşılıqlı razılığı əsasında, sülh yolu ilə həll edilməsi
kimi müəyyən edib. Qanuna əsasən mediator tərəflər arasında neytral vasitəçi
kimi çıxış edir, vəkil isə tərəfin hüquqi mövqeyinin peşəkar təminatçısı kimi
çıxış etməkdədir. Bu iki institutun qarşılıqlı fəaliyyəti hüquqi cəhətdən əsaslandırılmış
və icrası mümkün barışıq sazişlərinin yaranmasına birmənalı şəkildə zəmin
yaradmaqdadır.
Bundan başqa, Naxçıvan
Mediasiya Təşkilatının direktoru Yusif Həsənov çıxışında vəkillərin icraatında
olan işlərin vəkil və mediator əməkdaşlığı nəticəsində keyfiyyətli hüquqi
yardım əsasında keyfiyyətli barışıq sazişlərinin imzalanması sahəsində görülən
işlər və təkliflər barədə danışıb. O qeyd edib ki, hazırda Naxçıvan Mediasiya Təşkilatı
sıralarında 5 nəfər mediator fəaliyyət göstərir. Yusif Həsənovun sözlərinə görə,
2021-ci ilin avqust ayından 2026-cı ilin müvafiq dövründə mediatorların
icraatında 7 885 iş olub. Hər iki tərəfin iştirak etdiyi 2 413 iş üzrə 1 032
barışıq sazişi imzalanıb. O bildirib ki, Təşkilatın fəaliyyəti dövründə vəkillərin
iştirakı ilə baş tutan mediasiya proseslərində 40-a yaxın barışıq sazişləri
imzalanıb.
Naxçıvan şəhər “Asan” Vəkil
Bürosunun vəkili Şəbnəm Hüseynova “Mülki mübahisələrdə insanların hüquqlarının
müdafiəsində mediasiya proseslərinin həyata keçirilməsində vəkilin rolu”
mövzusunda çıxışı zamanı qeyd edib ki, müasir dövrdə ailə mübahisələrindən irəli
gələn mülki mübahisələrin həlli yalnız məhkəmə vasitəsilə həyata keçirilmir.
İnsanlar arasında yaranan ailə, əmək, əmlak xarakterli mübahisələrin həllində
alternativ üsullardan biri də mediasiyadır. Mediasiya tərəflər arasında
qarşılıqlı razılığın əldə edilməsinə yönəlmiş hüquqi prosesdir. Bu prosesdə
mediator neytral şəxs kimi çıxış edir və tərəflərin ortaq nəticəyə gəlməsinə
kömək edir.
Sonda müzakirələr
aparılıb, iştirakçıları maraqlandırılan suallar cavablandırılıb.
Tədbir çərçivəsində Kollegiyanın nümayəndə heyəti Naxçıvan Mediasiya Təşkilatının inzibati binasında olub. Qonaqlara Təşkilatın fəaliyyəti barədə məlumat verilib.































