2026-cı il iyunun 9-da Naxçıvan Muxtar Respublikasında səfərdə olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub, ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev və Hüquq fakültəsinin tələbələri ilə görüş keçirilib.
Görüş zamanı qonaqları
salamlayan rektor Elbrus İsayev universitetin Hüquq fakültəsinin formalaşma
tarixi, fəaliyyəti və son illərdə əldə etdiyi inkişaf göstəriciləri barədə ətraflı
məlumat verib. Rektor VK ilə qurulan əməkdaşlığı yüksək qiymətləndirərək, iki
qurum arasında imzalanmış memorandumun tələbələrin praktiki biliklərinin artırılmasına,
onların peşə yönümlü hazırlığının gücləndirilməsinə və gələcək hüquqşünasların
formalaşmasına mühüm töhfə verdiyini vurğulayıb.
Həmçinin Elbrus İsayev
son illərdə gənclərin vəkillik peşəsinə marağının əhəmiyyətli dərəcədə
artdığını bildirərək qeyd edib ki, onlar arasında bu sahəni seçənlərin sayı ildən-ilə
çoxalıb. Bu da ölkədə vəkillik institutunun nüfuzunun yüksəlməsinin və həyata
keçirilən islahatların müsbət nəticələrinin göstəricisidir.
Görüşdə Kollegiya sədri
Anar Bağırov çıxış edərək göstərilən səmimi qəbula görə minnətdarlığını ifadə
edib, vəkillik peşəsinin cəmiyyətdəki rolu, hüququn aliliyinin təmin edilməsində
onların funksiyası barədə geniş məlumat verib.
Sədr xatırladıb ki, VK
tərəfindən ölkədə Hüquq fakültələri fəaliyyət göstərən bütün ali təhsil müəssisələri
ilə, o cümlədən Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq memorandumu
imzalanıb və bu istiqamətdə tələbələrin vəkil qurumlarında təcrübə keçməsi,
müxtəlif hüquqi layihələrdə iştirak etməsi üçün geniş imkanlar yaradılıb. Nəzərə
çatdırılıb ki, Kollegiyanın təşəbbüsü ilə keçirilən intellektual yarışlarda, təqaüd
proqramlarında və vəkil qurumlarında istehsalat təcrübəsində Naxçıvan Dövlət
Universitetinin tələbələri də fəal iştirak edib və bu, onların hüquqi biliklərinin
dərinləşdirilməsinə, praktiki bacarıqlarının inkişafına, eləcə də peşəkar
formalaşmasına mühüm töhfə verib.
Sədr bildirib ki, gələcəkdə
də Naxçıvan Dövlət Universitetinin tələbələri üçün xüsusi təqaüd proqramlarının
ayrılması nəzərdə tutulur. Vurğulanıb ki, bu təşəbbüs hüquq təhsili alan gənclərin
təşviq edilməsi, onların peşəkar inkişafına dəstək göstərilməsi və gələcək
hüquqşünas kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Anar Bağırov söyləyib
ki, Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsi son illər ölkənin hüquq
sisteminə dəyərli töhfələr verən, peşəkar və savadlı hüquqşünaslar yetişdirir. Bu
təhsil ocağı artıq ixtisaslı hüquq kadrlarının formalaşdığı mühüm bir mərkəzə,
etibarlı kadr bazasına çevrilib.
Sonra nümayəndə heyəti
universitetin infrastrukturu, auditoriyaları, tədris imkanları və tələbələr
üçün yaradılmış müasir akademik mühitlə yaxından tanış olub. Eyni zamanda ali təhsil
müəssisəsində həyata keçirilən tədris prosesi, Hüquq fakültəsinin fəaliyyəti,
maddi-texniki baza və gələcək inkişaf istiqamətləri barədə ətraflı məlumat təqdim
edilib.
Daha sonra Anar Bağırov
Hüquq fakültəsinin tələbələri ilə görüşdə peşə təcrübəsini bölüşərək vəkillik
institutunun keçdiyi inkişaf yolu, son dövrlər bu sahədə aparılan islahatlar, əhalinin
keyfiyyətli hüquqi yardıma çıxış imkanlarının genişləndirilməsi, regionlarda vəkillik
xidmətlərinin əlçatanlığının artırılması və gənc hüquqşünasların peşəyə cəlb
olunması istiqamətində görülən işlər barədə ətraflı danışıb.
Ölkədə vəkillik
institutunun inkişaf mərhələləri, hüquq sahəsində həyata keçirilən müasir
islahatlar və gənc hüquqşünaslar üçün yaradılan imkanlar barədə danışan Anar
Bağırov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü
siyasəti nəticəsində vəkillik institutu keyfiyyətcə yeni bir inkişaf mərhələsinə
qədəm qoyub.
Sədr tələbələrə müraciət
edərək bildirib ki, bu inkişaf mühiti onlar üçün peşəkar fəaliyyət göstərmək,
özlərini hərtərəfli inkişaf etdirmək və cəmiyyətə layiqli töhfə vermək
baxımından əlverişli zəmin yaradır. Diqqətə çatdırılıb ki, Kollegiya gənc
kadrların peşəkar yetişməsinə, hüquqi bilik və bacarıqlarının artırılmasına
bundan sonra da həmişə dəstək olmağa hazırdır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.





















