2026-cı il iyunun 12-də “İBİS” otelində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş hüquq qurumları arasında ilk dəfə “Hüquq Liqası 2026” şahmat turniri keçirilib.
Turnirin keçirilməsində əsas məqsəd ölkədə şahmat idman növünün
inkişafına dəstək vermək, hüquq ictimaiyyətinin nümayəndələri arasında
intellektual yarış mühitini təşviq etmək, habelə hüquqşünasların bu sahədə
bacarıqlarının nümayiş etdirilməsi üçün əlverişli şərait yaratmaq olub.
Hüquq ictimaiyyəti arasında ilk dəfə təşkil olunan yarışda Azərbaycan
Respublikası Vəkillər Kollegiyası ilə yanaşı, Azərbaycan Respublikasının Baş
Prokurorluğu, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Hakimləri
İttifaqını təmsil edən komandalar mübarizə aparıblar. Hər qurum yarışda 7 nəfərdən
ibarət 1 komanda ilə təmsil olunub.
Açılış mərasimində çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov iştirakçıları
salamlayıb, onlara uğurlar arzulayıb və qarşıdan gələn Milli Qurtuluş Günü
münasibəti ilə hər kəsi təbrik edib.
Turnirin əhəmiyyətinə toxunan sədr bildirib ki, bu cür yarışlar hüquq sahəsində
fəaliyyət göstərən qurumlar arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə,
sağlam rəqabət mühitinin formalaşdırılmasına və peşəkar həmrəyliyin gücləndirilməsinə
mühüm töhfə verir.
Anar Bağırov Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində və
müasir dövlətçilik tarixində müstəsna yer tutduğunu vurğulayaraq qeyd edib ki,
Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı
ölkəmizin müstəqilliyinin qorunmasında, ictimai-siyasi sabitliyin bərqərar
olunmasında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində həlledici rol
oynayıb.
Sədr vurğulayıb ki, dahi liderin uzaqgörən və müdrik siyasəti nəticəsində
Azərbaycan inkişaf yoluna qədəm qoyub, milli maraqlara əsaslanan güclü dövlətçilik
modeli formalaşdırılıb və hüquqi dövlət quruculuğu istiqamətində mühüm nailiyyətlər
əldə edilib. Diqqətə çatdırılıb ki, həyata keçirilən ardıcıl islahatlar ölkənin
hüquq sisteminin təkmilləşdirilməsi, qanunun aliliyinin təmin olunması və vəkillik
institutlarının inkişafı üçün əlverişli zəmin yaradıb.
Eyni zamanda Anar Bağırov son illər Vəkillər Kollegiyasında idman və
intellektual oyunların təşviqinə xüsusi önəm verildiyini, bu istiqamətdə müxtəlif
yarış və turnirlərin mütəmadi olaraq təşkil edildiyini deyib. Nəzərə çatdırılıb
ki, 2019-cu ildən etibarən Kollegiyanın təşəbbüsü ilə şahmat üzrə ölkədaxili və
beynəlxalq səviyyədə beşdən artıq turnir təşkil olunub və bu yarışlarda uğurlu
nəticələr əldə edilib. Sədr belə təşəbbüslərin hüquq sahəsində fəaliyyət göstərən
qurumlar arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət etdiyini
vurğulayaraq, gələcəkdə də oxşar yarışların davamlı şəkildə keçirilməsinə ümid
etdiyini söyləyib.
Həmçinin sədr bu təşəbbüsə dəstək verən və turnirdə iştirak edən
qurumların rəhbərlərinə təşəkkürünü bildirib. Anar Bağırov yarışın yüksək səviyyədə
təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycan Şahmat Federasiyasına, eləcə də tədbirin
baş sponsoru olan "BOA Agency” şirkətinə minnətdarlığını ifadə edib.
Azərbaycan Hakimlər İttifaqının sədr müavini Ələddin Cəfərov çıxış edərək
turnirin əhəmiyyətini yüksək qiymətləndirib. O bildirib ki, bu cür yarışlar
idmanın və sağlam həyat tərzinin təşviqinə, şahmatın daha geniş kütlələr
arasında təbliğinə xidmət etməklə yanaşı, hüquq sahəsində fəaliyyət göstərən
qurumlar arasında dostluq münasibətlərinin, qarşılıqlı anlaşmanın və peşəkar əməkdaşlığın
möhkəmlənməsinə mühüm töhfə verir.
Ələddin Cəfərov turnirin təşkilinə görə təşəkkürünü bildirərək, bu təşəbbüsün
gələcəkdə də davam etdirilməsinin hüquq ictimaiyyəti nümayəndələri arasında həmrəyliyin
gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Kollegiyanın sədr müavini, “İdmançı Vəkillər” Fondunun İdarə Heyətinin sədri
Pərviz Ələkbərov çıxışında isə bu cür yarışların hüquq ictimaiyyəti nümayəndələri
arasında həmrəyliyin möhkəmləndirilməsi, sağlam rəqabət mühitinin təşviqi və
idmana marağın artırılması baxımından mühüm əhəmiyyət daşıdığını deyib.
Sədr müavini təşkil olunan turnirin gələcəkdə də davam etdiriləcəyinə və
artıq gözəl bir ənənəyə çevriləcəyinə əminliyini ifadə edib.
"BOA Agency” ASC-nin direktoru Samir Mustafayev çıxış edərək turnir
iştirakçılarına uğurlar diləyib, intellektual və idman yönümlü layihələrin dəstəklənməsinin
cəmiyyət üçün faydalı olduğunu deyib. O, gələcəkdə də bu kimi yarışların və
sosial əhəmiyyətli təşəbbüslərin həyata keçirilməsinə dəstək göstərməyə hazır
olduqlarını bildirib.
FİDE arbitri Cavanşir Bağırov isə çıxışında turnirin keçirilmə qaydaları
barədə iştirakçılara ətraflı məlumat verib. O qeyd edib ki, yarış dairəvi sistemi
üzrə 2 dövrədən ibarətdir. Arbitrin sözlərinə görə, bu format komandaların öz
güclərini daha obyektiv şəkildə nümayiş etdirməsinə və yarışın yüksək rəqabət şəraitində
keçməsinə imkan yaradır.
Sonra Kollegiya sədri Anar Bağırov şahmat taxtası üzərində ilk gediş gedərək
oyunu açıq elan edib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın qalibi ədliyyə
orqanlarının əməkdaşlarından ibarət komanda olub. İkinci yerin sahibi vəkillər
və üçüncü pillədə isə hakimlər qərarlaşıb.
Sonda turnirin qaliblərinə “Baku Book Center” kitab mağazasından hədiyyə
kartları, kubok və diplomlar təqdim edib.
Qeyd edək ki, “Hüquq Liqası 2026” şahmat turnirinin keçirilməsinə təşkilatı dəstəyi Azərbaycan Şahmat Federasiyası tərəfindən göstərilib. Yarışın baş sponsoru isə “BOA Agency” ASC-dir.
























