Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının üzvləri Gürcüstanda beynəlxalq tədbirdə iştirak ediblər

16 iyun 2026    567 share share

3–5 iyun 2026-cı il tarixlərində İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə Almaniyanın Bremen Universitetinin professoru, tanınmış hüquqşünas alim Rolf Knieperin 85 illik yubileyinə həsr olunmuş beynəlxalq tədbir keçirilib.

Tədbirdə Bank Ombudsmanın (ABA) da daxil olduğu Azərbaycan nümayəndə heyəti iştirak edib.

Nümayəndə heyətinin tərkibinə Bank Ombudsmanı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri İkram Kərimov, Bank Ombudsmanının Məsul katibi Elçin Həsənov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Elçin Usub, Almaniya Texniki Əməkdaşlıq Təşkilatının (GTZ) Azərbaycan üzrə keçmiş koordinatoru Aydın Süleymanov və GTZ-nin Azərbaycan üzrə keçmiş hüquqşünası Şakir Səfərbəyov da daxil olub.

Tədbirdə Almaniya, Gürcüstan, Azərbaycan, Qazaxıstan və digər ölkələri təmsil edən nüfuzlu alimlər, hüquqşünaslar və akademik dairələrin nümayəndələri iştirak ediblər.

Professor Rolf Knieper müstəqillik dövründə Azərbaycanın hüquq sisteminin formalaşmasına mühüm töhfələr vermiş görkəmli alimlərdən biridir. O, Almaniya Texniki Əməkdaşlıq Təşkilatının (GTZ) MDB ölkələrində xüsusi hüququn inkişafına dair layihəsinin rəhbərlərindən biri kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin hazırlanmasında fəal iştirak edib, bu mühüm qanunvericilik aktlarının Avropa standartlarına uyğunlaşdırılması istiqamətində əhəmiyyətli rol oynayıb. Həmçinin həmin qanun layihələrinin Avropa Şurasında müzakirəsi prosesində Azərbaycan tərəfinə yaxından dəstək göstərib.

Bu əməkdaşlıq illəri ərzində professor Rolf Knieper ilə Azərbaycan hüquq ictimaiyyəti arasında qarşılıqlı hörmət və etimada əsaslanan səmimi dostluq münasibətləri formalaşıb. O, Azərbaycan nümayəndə heyətlərinin Almaniyaya səfərləri zamanı onların fəaliyyətini müşayiət edib, müasir Avropa hüquq sisteminin və məhkəmə təcrübəsinin öyrənilməsi istiqamətində dəyərli töhfələr verib.

Professor Rolf Knieper yalnız Azərbaycanda deyil, həmçinin Qazaxıstan, Gürcüstan, Türkmənistan və digər ölkələrdə hüquqi islahatların həyata keçirilməsi, müasir qanunvericilik bazasının formalaşdırılması və hüquq sistemlərinin inkişafı sahəsində mühüm xidmətlər göstərmişdir. Məhz buna görə də o, müxtəlif ölkələrin hüquq ictimaiyyəti arasında böyük nüfuz və hörmət qazanmışdır. Bu günə qədər davam edən dostluq münasibətləri və peşəkar əlaqələr onun fəaliyyətinin ən dəyərli nəticələrindən biri hesab olunur.

Professorun yubileyinə həsr olunmuş tədbir təkcə görkəmli hüquqşünasın fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi deyil, eyni zamanda müxtəlif xalqlar arasında dostluğun, əməkdaşlığın və qarşılıqlı anlaşmanın əhəmiyyətini nümayiş etdirən mühüm beynəlxalq platforma olmuşdur.

Tədbirin diqqətçəkən məqamlarından biri də professor Rolf Knieperin 85 illik yubileyi münasibətilə müxtəlif ölkələrdən olan müəlliflərin 35 xatirə yazısını özündə birləşdirən xüsusi nəşrin təqdimatı olmuşdur. Nəşrdə Azərbaycan nümayəndə heyətinin üzvlərindən əməkdar hüquqşünas İkram Kərimovun və hüquqşünas Aydın Süleymanovun məqalələri də yer almışdır.

Tədbir çərçivəsində İkram Kərimov çıxış edərək professor Rolf Knieper ilə bağlı xatirələrini bölüşmüş, onun Azərbaycanın hüquq sisteminin inkişafındakı rolundan bəhs etmişdir. Həmçinin onun təşəbbüsü ilə nəfiz tərtibatda hazırlanmış “Xalqlar dostluğu: Azərbaycan – Gürcüstan – Almaniya” adlı xüsusi buklet tədbir iştirakçılarına təqdim edilmişdir.

Səfər günlərində daha bir əlamətdar hadisə baş vermişdir. Belə ki, Qazaxıstan Milli Elmlər Akademiyasının akademiki, Kaspi Universitetinin Mülki Hüquq İnstitutunun rəhbəri, hüquq elmləri doktoru, professor Maydan Süleymenova Tbilisi Dövlət Universitetinin “Fəxri doktor” adı təqdim edilmişdir. Beynəlxalq hüquq və arbitraj sahəsində böyük nüfuza malik olan, Qazaxıstanın enerji sektorunda bağlanmış mühüm beynəlxalq müqavilələrin hazırlanmasında iştirak etmiş və Azərbaycanla dostluq münasibətlərinə xüsusi önəm verən professor Maydan Süleymenovun bu yüksək ada layiq görülməsi tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkil etdiyi proqram əsasında nümayəndə heyəti Tbilisi şəhərində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsini və onun adını daşıyan parkı ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuşdur. Eyni zamanda, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin və görkəmli dövlət xadimi Nəriman Nərimanovun ev muzeyləri ziyarət edilmiş, Mirzə Fətəli Axundzadənin, Mirzə Şəfi Vazehin, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyskinin və Həsən bəy Ağayevin məzarları ehtiramla yad edilmişdir.

Azərbaycan nümayəndə heyəti səfərin yüksək səviyyədə təşkilinə və göstərilən diqqətə görə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri cənab Faiq Quliyevə dərin minnətdarlığını bildirir.

Tbilisidə keçirilən bu tədbir bir daha göstərdi ki, hüquq elmi və hüquqi əməkdaşlıq yalnız qanunların təkmilləşdirilməsinə deyil, eyni zamanda xalqlar arasında dostluq körpülərinin qurulmasına və möhkəmləndirilməsinə də xidmət edir.