Cari il iyunun 12-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində vəkillərə “Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin (Şəxsi və ailə həyatına hörmət hüququ) milli səviyyədə tətbiqi və şəxsiyyət hüquqlarının müdafiəsi” mövzusunda distant formada təlim keçirilib.
Təlimdə Vəkillər Kollegiyasının üzvü Günel Sadıqova təlimçi qismində
çıxış edib.
Təlimdə Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin milli səviyyədə
tətbiqi, şəxsi və ailə həyatı, yazışma, fərdi məlumatlar, mənzil toxunulmazlığı
barədə praktikada yaranan problemlərin həll vasitələri, 8-ci maddə üzrə əsas
yoxlama alqoritminin zəruriliyi, mütənasibliyi və müvafiq olaraq digər məsələlər
ətrafında geniş müzakirələr aparılıb.
Sonda təlimçi tərəfindən vəkillərin sualları dinlənilib və müvafiq fikir
mübadiləsi olunub.
Təlimdə Vəkillər Kollegiyasının ümumilikdə 99 üzvü iştirak edib.
Qeyd edək ki, bu tədris tədbirində iştirak Kollegiya üzvlərinin 31 yanvar 2026-cı il tarixində keçirilən ümumi yığıncağında (konfransda) qəbul edilən və vəkillər üçün peşə hazırlığı, eləcə də ixtisaslarının artırılması üzrə nəzərdə tutulmuş ikinci istiqamət üzrə 3 saat icbari tədris tədbirlərinə daxildir.

