2026-cı il iyunun 17-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin
cari fəaliyyəti, son dövrdə həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr
barədə ətraflı məlumat verib.
Gündəliyə uyğun olaraq bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, dövlət
qulluğuna qəbul edildiyinə görə vəkillik fəaliyyətinin dayandırılması, eləcə də
öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciətlərinə
baxılıb və müvafiq qərarlar qəbul edilib.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət
Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil
xaric edilib, 1 vəkilə xəbərdarlıq edilib, 5 vəkil barəsində cərimə tədbiri tətbiq
olunub və 2 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə riayət
etməsi diqqətə çatdırılıb.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.
