2026-cı il iyunun 25-də Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasının “İdman hüququ” və “Turizm hüququ” ixtisaslaşmalarında təhsil alan magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib.
Müdafiə prosesi Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının (VK) sədri, hüquq üzrə fəlsəfə doktoru (h.ü.f.d.) Anar Bağırovun
sədrliyi ilə baş tutub.
Sədr Anar Bağırov çıxış edərək iştirakçıları
salamlayıb, magistrantların hər birinə gələcək elmi və peşə fəaliyyətlərində
uğurlar arzulayıb. Kollegiya sədri son illər BDU da daxil olmaqla, ölkənin Hüquq
fakültələri fəaliyyət göstərən ali təhsil müəssisələri ilə əməkdaşlıq
memorandumlarının imzalandığını bildirib. Bu əməkdaşlıq çərçivəsində
tələbələrin peşəkar hazırlığının gücləndirilməsi, təcrübə proqramlarının
təşkili, birgə tədbirlərin keçirilməsi və gənc hüquqşünasların vəkillik
peşəsinə marağının artırılması istiqamətində bir sıra faydalı təşəbbüslərin
uğurla həyata keçirildiyi diqqətə çatdırılıb.
Hüquq elmi sahəsində tanınmış alimlərin,
professor-müəllim heyətinin və Magistr Dissertasiya Şurasının üzvlərinin
iştirakı ilə keçirilən iclasda 3 magistrantın dissertasiya işləri müdafiəyə
təqdim edilib. Müzakirələrin yekununda dissertasiya işləri yüksək
qiymətləndirilib və magistrantlar müdafiə mərhələsini uğurla başa vurublar.
Kollegiyanın sədri Anar Bağırov BDU-nun Hüquq
fakültəsinə və hüquq təhsilinə göstərdiyi dəstəyə görə 50 illik yubileyi
münasibətilə Hüquq fakültəsinin Fəxri Fərmanı ilə təltif edilib.
Qeyd edək ki, Vəkillər Kollegiyasının sədri, h.ü.f.d.
Anar Bağırov həm Bakı Dövlət Universitetinin, həm də Dövlət Gömrük Komitəsinin
Akademiyasının Hüquq fakültələri üzrə Magistr Dissertasiya Şuralarına rəhbərlik
edir.




