2026-cı il iyunun 29-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Hüquqi Yardım Mərkəzində Avropa Şurası (AŞ) və Avropa İttifaqının “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” birgə proqramının üçüncü mərhələsi çərçivəsində “Azərbaycanda mediasiyanın təşviqi” layihəsinin icrası ilə əlaqədar ölkəmizdə səfərdə olan Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) ekspertləri və proqram meneceri ilə görüş keçirilib.
Görüşdə VK Rəyasət Heyətinin üzvləri Vüqar Babayev,
Lalə Nağıyeva və Kollegiyanın Aparat rəhbərinin müavini Səttar Məmmədov,
həmçinin CEPEJ-in ekspertləri Rimantas Simaitis və Karim Salem, proqram
meneceri Leonid Antonihdən ibarət nümayəndə heyəti iştirak ediblər.
VK nümayəndələri qonaqları səmimiyyətlə salamlayaraq
AŞ ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb, son illər həyata keçirilən birgə
layihələrin ölkədə hüquqi islahatların təşviqi, mediasiya institutunun inkişafı
və alternativ mübahisələrin həlli mexanizmlərinin təkmilləşdirilməsi baxımından
mühüm rol oynadığını qeyd ediblər.
Görüş çərçivəsində Azərbaycanda mediasiya
fəaliyyətinin mövcud vəziyyəti, bu sahədə həyata keçirilən islahatlar, gələcək
inkişaf perspektivləri ətrafında geniş
və konstruktiv fikir mübadiləsi aparılıb.
Öz növbəsində, CEPEJ ekspertləri və proqram meneceri
göstərilən səmimi qəbula görə təşəkkürlərini bildirərək, VK ilə qurulmuş
səmərəli əməkdaşlığın insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə,
ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və mediasiya institutunun
inkişafına mühüm töhfə verdiyini qeyd ediblər.
Görüşün sonunda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


