Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üzvü, uzun illər vəkillik fəaliyyəti ilə məşğul olan Qəmizə Qəhrəmanovanın 70 illik yubileyi qeyd olunur.
Yubiley münasibətilə VK sədri Anar Bağırov veteran
vəkili ziyarət edərək onu səmimi-qəlbdən təbrik edib, uzunmüddətli peşə
fəaliyyətində qazandığı nailiyyətləri yüksək qiymətləndirib, möhkəm cansağlığı
və yeni uğurlar arzulayıb.
Görüş zamanı Qəmizə Qəhrəmanova vəkillik
fəaliyyətinə dair xatirələrini bölüşüb, peşə yolunda qarşılaşdığı maraqlı
məqamlar haqqında danışıb, xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, Qəmizə Qəhrəmanova 1985-ci ildən
vəkillik fəaliyyəti ilə məşğul olur və hazırda Bakı şəhəri 7 saylı Vəkil Bürosunun
müdiri vəzifəsində çalışır. O, müxtəlif illərdə Vəkillərin İxtisas
Komissiyasının üzvü, həmçinin Komissiya sədrinin müavini vəzifələrində
fəaliyyət göstərərək vəkilliyə qəbul prosesinin təkmilləşdirilməsi və peşə
standartlarının qorunması istiqamətində mühüm xidmətlər göstərib.
Qəmizə Qəhrəmanovanın hüquq sahəsindəki səmərəli fəaliyyəti dövlət və VK tərəfindən yüksək qiymətləndirilib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. Eyni zamanda VK Rəyasət Heyətinin qərarları ilə Kollegiyanın Fəxri Hüquq Doktoru adına və Fəxri Fərmanına layiq görülüb.

