Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) cari ilin iyun ayından “Əlçatan hüquq” layihəsinin icrasına başlayıb.
Fondun Gəncə-Daşkəsən Regional Filialında icrasına
başlanılan layihənin məqsədi vətəndaşların, xüsusilə sosial həssas qrupların
hüquqi xidmətlərə əlçatanlığını artırmaq, hüquqi biliklərini gücləndirmək və
hüquqlarının müdafiəsinə dəstək göstərməkdir.
Layihə çərçivəsində Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkilinin iştirakı ilə
vətəndaşların qəbulu keçirilib. Müraciətlər dinlənilib, qəyyumluq, valideyn
himayəsindən məhrum olmuş şəxslərin statusu, əmlak məsələləri, sosial sığorta
stajının bərpası, maddi yardımın alınması qaydaları və digər hüquqi məsələlər
üzrə pulsuz hüquqi xidmətlər göstərilib.
Vətəndaşlar göstərilən xidmətlərdən məmnun
qaldıqlarını bildirərək belə layihələrin davamlı keçirilməsinin vacibliyini
vurğulayıblar.
Növbəti mərhələdə layihənin Fondun digər regional filiallarında da icrası planlaşdırılır.

