2026-cı il iyulun 7-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov işə yeni qəbul olunan vəkil köməkçiləri ilə görüş keçirib.
Kollegiyanın inzibati binasında təşkil olunan
görüşdə çıxış edən Anar Bağırov vəkil köməkçilərini salamlayaraq onları yeni
fəaliyyət mərhələsinə başlamaları münasibətilə təbrik edib, gələcək peşə
fəaliyyətlərində uğurlar arzulayıb.
Sədr çıxışı zamanı son illər VK-da həyata keçirilən
institusional islahatlar, vəkillik institutunun inkişafı və peşəkar kadr
potensialının gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı
məlumat verib. Qeyd edilib ki, hazırda Kollegiyada 450-dən artıq vəkil
köməkçisi fəaliyyət göstərir və onların peşəkar inkişafına xüsusi diqqət
yetirilir.
Anar Bağırov vurğulayıb ki, hüquqi dövlət
quruculuğu, qanunun aliliyinin təmin olunması və insan hüquq və azadlıqlarının
etibarlı müdafiəsində vəkillik institutu mühüm rol oynayır. Bu baxımdan yüksək
peşə hazırlığına, güclü nəzəri biliklərə və etik davranış prinsiplərinə malik
hüquqşünasların yetişdirilməsi Kollegiyanın əsas prioritet istiqamətlərindən
biridir.
Sədr nəzərə çatdırıb ki, vəkil köməkçiləri gənc
hüquqşünasların peşəkar formalaşmasında mühüm mərhələ hesab olunur. Bu dövr
ərzində əldə olunan praktiki bilik və bacarıqlar onların gələcəkdə peşəkar
vəkil kimi yetişməsində mühüm rol oynayır. Bu məqsədlə Kollegiya tərəfindən
vəkil köməkçilərinin təcrübə imkanlarının genişləndirilməsi, peşə hazırlığının
gücləndirilməsi və onların real hüquqi fəaliyyət mühitinə inteqrasiyası
istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Anar Bağırov gənc hüquqşünasları bu imkanlardan
səmərəli istifadə etməyə, peşəkar inkişaflarına xüsusi diqqət yetirməyə,
təcrübəli vəkillərlə sıx əməkdaşlıq edərək bilik və bacarıqlarını daim
təkmilləşdirməyə çağırıb.
Eyni zamanda sədr VK Rəyasət Heyətinin 14 oktyabr
2024-cü il tarixli qərarı ilə vəkil köməkçiləri üçün vəkilliyə qəbul üzrə
ixtisas imtahanında tətbiq olunan güzəştləri xatırladaraq bildirib ki, bu qərar
gənc hüquqşünasların vəkillik peşəsinə marağının artırılmasına, onların peşəkar
inkişafının stimullaşdırılmasına və gələcək karyera imkanlarının
genişləndirilməsinə xidmət edir.
Görüşün sonunda vəkil köməkçilərinə vəsiqələr təqdim olunub.











