2026-cı il iyulun 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası giriş sözü ilə
açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son
dövrdə həyata keçirilən tədbirlər, görülən işlər və qarşıda duran əsas vəzifələr
barədə ətraflı məlumat verib.
İclasın gündəliyinə
uyğun olaraq bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, dövlət qulluğunda
fəaliyyətlərinə xitam verilməsi ilə əlaqədar vəkillik fəaliyyətlərinin bərpa
olunması, eləcə də müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad edilmələri
barədə müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul olunub.
Eyni zamanda iclasda
Bakı şəhəri 41 saylı Vəkil Bürosunun təsis edilməsi, habelə bəzi vəkillərin vəkil
kabineti yaratmaları ilə bağlı müraciətlər müzakirə olunaraq müsbət qərarlar qəbul
edilib.
Bundan başqa, Avropa
Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi tərəfindən
təşkil olunacaq Beynəlxalq Yay Hüquq Məktəbi layihəsinə akademik və maddi dəstəyinin
göstərilməsi ilə bağlı müraciət müzakirə edilib. Gənc hüquqşünasların beynəlxalq
hüquqi bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların beynəlxalq
platformalarda təmsilçilik imkanlarının genişləndirilməsi və praktiki
hazırlığının gücləndirilməsi nəzərə alınaraq layihəyə akademik və müvafiq maddi
dəstəyinin göstərilməsi barədə qərar qəbul olunub.
İclasın davamında Vəkillərin
İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları
ilə yol verilən intizam pozuntularına görə 2 vəkilə töhmət verilib, 1 vəkil barəsində
cərimə tədbiri tətbiq olunub və 4 vəkilə isə peşə fəaliyyəti zamanı
qanunvericiliyin tələblərinə riayət etməsi diqqətə çatdırılıb.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.
