2026-cı il iyulun 15-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası giriş sözü ilə
açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son
dövrdə həyata keçirilən tədbirlər, əldə olunan nəticələr və qarşıda duran
prioritet istiqamətlər barədə ətraflı məlumat verib.
Gündəliyə uyğun olaraq
bir sıra təşkilati, maliyyə və kadr məsələləri müzakirə edilib. Belə ki, bəzi vəkillərin
digər vəkil qurumlarına keçməsi ilə bağlı müraciətlərə, habelə Naxçıvan Muxtar
Respublikası Vəkillər Kollegiyasının inzibati binasında təmir işlərinin
aparılmasına maliyyə dəstəyinin ayrılması barədə müraciətə baxılaraq müsbət qərarlar
qəbul olunub.
Bundan başqa, Naxçıvan
Dövlət Universitetinin müraciətinə baxılaraq ali təhsil müəssisəsinin Beynəlxalq
münasibətlər və hüquq fakültəsində yaradılacaq "Hüquqi Təcrübə və Tədqiqat
Mərkəzi"nin maddi-texniki bazasının formalaşdırılmasına maliyyə dəstəyinin
göstərilməsi, habelə hüquqşünaslıq ixtisası üzrə təhsil alan üç tələbəyə Azərbaycan
Respublikası Vəkillər Kollegiyası tərəfindən xüsusi təqaüdün ayrılması qərara
alınıb.
Həmçinin iclasda
sığorta ödənişlərini icra etməyən fərdi qaydada fəaliyyət göstərən bəzi vəkillərlə
bağlı məsələ müzakirə olunub. Rəyasət Heyəti tərəfindən qanunvericiliyin tələbləri
nəzərə alınmaqla məsələnin həlli istiqamətində qərar qəbul edilib.
Daha sonra əmək
funksiyalarını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirdiyinə görə Vəkillər
Kollegiyası Aparatının əməkdaşı Gözəl Hüseynzadə Rəyasət Heyətinin qərarı ilə Fəxri
Fərmanla təltif olunub.
İclasın davamında Vəkillərin
İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları
ilə yol verilən intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib, 1
vəkilə xəbərdarlıq olunub, 4 vəkil barəsində cərimə intizam tənbehi tətbiq
olunub, 2 vəkilə töhmət verilib, 2 vəkilin isə gələcək peşə fəaliyyətində
qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi
diqqətə çatdırılıb.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.

