2026-cı il iyulun 17-də “Badamdar” mehmanxanasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
Tədbirdə VK rəhbərliyi
ilə yanaşı, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin
Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, VK
Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, vəkillər, eləcə də
kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Mərasimdən əvvəl vəkilliyə
namizədlər Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı
önünə gül qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin ehtiramla anıblar.
Tədbir Dövlət Himninin
və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər
Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü
uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
olunub.
Sonra Kollegiyanın il ərzində
həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat xarakterli videoçarx
nümayiş olunub.
Açılış nitqi ilə çıxış
edən VK sədri Anar Bağırov qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə media
nümayəndələrini təbrik edərək onların cəmiyyətin hüquqi maarifləndirilməsində və
vəkillik institutunun fəaliyyətinin ictimaiyyətə çatdırılmasında mühüm rol
oynadıqlarını vurğulayıb.
Sədr çıxışında Azərbaycan
vəkilliyinin keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq son illərdə bu sahədə
həyata keçirilən islahatlardan və vəkillik institutunun gücləndirilməsi istiqamətində
görülən işlərdən ətraflı bəhs edib.
Anar Bağırov bildirib
ki, Ümummilli Lider Heydər Əliyevin 1999-cu il 28 dekabr tarixində imzaladığı
"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanun müasir Azərbaycan vəkilliyinin
möhkəm hüquqi təməlini qoyub və vəkillik institutunun müstəqil peşə təsisatı
kimi formalaşmasında tarixi rol oynayıb. Məhz həmin Qanunun qəbulundan sonra vəkillik
institutu ilk dəfə olaraq dövlət hakimiyyətinin qollarından asılı olmayan müstəqil
qurum kimi fəaliyyət göstərməyə başlayıb, məhkəmə prosesində isə çəkişmə
prinsipi əsasında bərabərhüquqlu iştirakçı statusu qazanıb.
Eyni zamanda sədr Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamının,
eləcə də 19 noyabr 2025-ci il tarixli Fərmanı ilə "Vəkillər və vəkillik fəaliyyəti
haqqında" Qanuna edilmiş dəyişikliklərin vəkillik institutunun inkişafında
yeni bir mərhələnin başlanğıcını qoyduğunu vurğulayıb. Həyata keçirilən ardıcıl
dövlət siyasəti nəticəsində hüquqi yardım sisteminin təkmilləşdirilməsi, vətəndaşların
müdafiə hüququnun daha səmərəli təmin olunması və vəkillik institutunun fəaliyyət
imkanlarının genişləndirilməsi sahəsində əhəmiyyətli nəticələr əldə edilib.
Anar Bağırov qeyd edib
ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün
Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın layiqli rəhbərliyi ilə uğurla davam etdirilir və yeni zirvələrə
doğru yüksəldilir.
Çıxışının davamında sədr
bildirib ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi əhatə dairəsi və şəffaflıq
baxımından əhəmiyyətli dərəcədə genişləndirilib. Bu müddət ərzində 17 test
imtahanı keçirilib, 7 000-dən artıq namizəd həmin imtahanlarda iştirak edib.
Onlardan 2 174 nəfər icbari təlim proqramını uğurla başa vuraraq and içib və
Kollegiya üzvlüyünə qəbul olunub.
Nəzərə çatdırılıb ki,
bugünkü mərasimdə daha 67 namizəd təntənəli şəkildə vəkil andı içərək VK
sıralarına qoşulub. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı
ilk dəfə olaraq 3 003 nəfərə çatıb. Qeyd olunub ki, bu göstərici Azərbaycan vəkilliyinin
inkişafında mühüm mərhələ olmaqla yanaşı, ölkədə hüquqi yardımın əlçatanlığının
genişləndirilməsi və vəkillik institutunun gücləndirilməsi istiqamətində həyata
keçirilən islahatların uğurlu nəticəsidir.
Sədr çıxışına əlavə
edib ki, yeni qəbul olunan vəkillərdən 37 nəfəri kişi, 30 nəfəri qadındır.
Onlardan 8 nəfəri regionlarda, 59 nəfəri isə Bakı şəhərində fəaliyyət göstərəcək.
Yeni qəbul nəticəsində qadın vəkillərin sayı 701 nəfərə yüksəlib ki, bu da
ümumi vəkil korpusunun təxminən 23 faizini təşkil edir.
Prezident
Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin
göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov çıxış edərək son dövrlərdə
ölkəmizdə vəkillik institutunun inkişafı barədə söz açıb, vəkillik peşəsinin cəmiyyət
və hüquq sistemi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Dövlət başçısının
rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik
institutunun daha da gücləndirildiyini, bu istiqamətdə ardıcıl tədbirlərin
görüldüyünü bildirib.
Kollegiyanın üzvü, Vəkillər
Kollegiyasının Ağsaqqallar Şurasının sədri, respublikanın əməkdar hüquqşünası
İkram Kərimov çıxış edərək vəkilliyə yeni qəbul olunmuş namizədləri təbrik
edib, onlara gələcək peşə fəaliyyətlərində uğurlar diləyib. O bildirib ki, vəkillik
peşəsi yüksək peşəkarlıq, məsuliyyət və etik davranış prinsiplərinə daim
sadiqlik tələb edir.
İkram Kərimov gənc vəkilləri
insan hüquq və azadlıqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirməyə,
peşə bilik və bacarıqlarını davamlı inkişaf etdirməyə çağırıb. Həmçinin
Ağsaqqallar Şurasının sədri onların vəkillik institutunun nüfuzunun daha da
yüksəldilməsinə layiqli töhfə verəcəklərinə əminliyini diqqətə çatdırıb.
Ardınca vəkilliyə qəbul
üzrə ixtisas imtahanlarını, icbari təlim proqramını və şifahi müsahibə mərhələsini
uğurla başa vuraraq VK üzvlüyünə qəbul edilmiş namizədlərin təntənəli andiçmə mərasimi
keçirilib. Namizədlər Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə vəkil
andı içərək peşə fəaliyyətlərini qanunun aliliyi, peşə etikası və insan hüquq və
azadlıqlarının müdafiəsi prinsiplərinə sadiq şəkildə həyata keçirəcəklərinə
dair öhdəlik götürüblər.
Daha sonra onlara vəkil
vəsiqələri təqdim olunub.
Tədbirin sonunda peşə fəaliyyətində fərqlənən və yubiley yaşlarını qeyd edən VK-nın bir qrup üzvü təltif olunub.


























