Azərbaycanın hüquq ictimaiyyətinə və vəkilliyinə ağır itki üz verib.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının
üzvü, Kollegiyanın Ağsaqqallar Şurasının sədri, respublikanın Əməkdar
hüquqşünası İkram Heydər oğlu Kərimov 2026-cı il avqustun 2-də ömrünün 84-cü
ilində vəfat edib.
İkram Kərimov 1942-ci ildə Kürdəmir şəhərində anadan
olub. Orta təhsilini doğulduğu şəhərdə başa vurduqdan sonra 1961–1966-cı
illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alaraq
hüquqşünas ixtisasına yiyələnib. Əmək fəaliyyətinə Azərbaycan SSR Prokurorluğu
orqanlarında başlayıb və hüquq-mühafizə sistemində uzun illər məsul vəzifələrdə
çalışıb.
1966–1978-ci illərdə Bakı şəhərinin Oktyabr (indiki
Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR
Prokuroru yanında mühüm işlər üzrə müstəntiq vəzifələrində fəaliyyət göstərib.
1978–1987-ci illərdə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon prokuroru, daha
sonra isə Bakı şəhər prokurorunun birinci müavini – istintaq şöbəsinin rəisi
olub.
1987–2012-ci illərdə məhkəmə hakimiyyəti sistemində
fəaliyyətini davam etdirən İkram Kərimov Bakı Şəhər Məhkəməsinin sədri, Ağır
cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri və
Sumqayıt Apellyasiya Məhkəməsinin sədri vəzifələrini layiqincə icra edib.
O, Azərbaycan Respublikası Ali Məhkəməsi yanında və
Polis Akademiyasında Elmi-Məsləhət Şurasının üzvü olub, uzun illər Bakı Dövlət
Universitetinin Hüquq fakültəsində və Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Polis Akademiyasında Dövlət İmtahan Komissiyalarına sədrlik edib.
2017-ci il aprelin 14-dən etibarən Azərbaycan
Respublikasının Bank Ombudsmanı vəzifəsini icra edib.
İkram Kərimov 2019-cu ildə Azərbaycan Respublikası
Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub. Həmin il Vəkillər Kollegiyası
Rəyasət Heyətinin qərarı ilə yaradılmış Ağsaqqallar Şurasının sədri təyin
edilərək ömrünün sonunadək bu vəzifəni böyük məsuliyyət və yüksək peşəkarlıqla
yerinə yetirib. Onun zəngin hüquqi bilik və təcrübəsi, gənc hüquqşünasların və
vəkillərin peşəkar inkişafına verdiyi töhfələr Kollegiyanın fəaliyyətində
xüsusi yer tutub.
Peşəkar fəaliyyəti dövründə SSRİ Baş Prokuroru
tərəfindən baş ədliyyə müşaviri xüsusi rütbəsinə, Azərbaycan Respublikası Milli
Məclisi tərəfindən isə I ixtisas dərəcəli hakim rütbəsinə layiq görülüb.
Üstü açılmamış qəsdən adamöldürmə cinayətlərinin
istintaqı sahəsində qazandığı uğurlar hüquq ictimaiyyəti tərəfindən yüksək
qiymətləndirilib. Onun istintaq təcrübəsi dəfələrlə SSRİ və respublika
miqyasında yayılıb, adı prokurorluğun "Ən yaxşı müstəntiqi" Fəxri Kitabına
daxil edilib. Barəsində ittifaq miqyasında kitab nəşr olunub, hüquq
jurnallarında oçerklər dərc edilib. Müxtəlif elmi və publisistik məqalələrin
müəllifi olan İkram Kərimov uzun illər hüquqi fikir tarixinin inkişafına da
töhfə verib.
O, "Şərəf nişanı" ordeni, "Tərəqqi"
və "Əmək veteranı" medalları, Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin, SSRİ Baş Prokurorunun, Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi
Şurasının, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Fəxri fərmanları ilə
təltif olunub, "Əməkdar hüquqşünası" fəxri adına layiq görülüb. Peşə
fəaliyyətində qazandığı nailiyyətlərə görə SSRİ Baş Prokuroru, Azərbaycan
Respublikasının Baş prokuroru, Ədliyyə naziri və Məhkəmə-Hüquq Şurası
tərəfindən dəfələrlə təşəkkür və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Həmçinin İkram Kərimov bir neçə çağırış Əzizbəyov
(Xəzər) rayonu və Bakı şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib. SSRİ
Prokurorluğu və SSRİ Ədliyyə Nazirliyinin rəhbər işçilərinin ixtisasartırma
institutlarında təhsil alıb, 1995-ci ildən etibarən ölkəmizdə həyata keçirilən
məhkəmə-hüquq islahatlarının qanunvericilik bazasının hazırlanmasında yaxından
iştirak edib, ABŞ, Avropa və Asiya ölkələrində keçirilən beynəlxalq
tədbirlərdə, eləcə də Avropa Şurasında Azərbaycanı layiqincə təmsil edib.
2022-ci il aprelin 4-də Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə hüquq sahəsində uzunmüddətli
səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunub.
İkram Kərimov ömrünü hüququn aliliyinə, ədalət
mühakiməsinin inkişafına, hüquqşünas nəslinin yetişdirilməsinə və Azərbaycan
vəkilliyinin inkişafına həsr etmiş görkəmli hüquqşünaslardan biri idi. Əməkdar
hüquqşünasın zəngin həyat yolu, yüksək peşəkarlığı, prinsipiallığı və insani
keyfiyyətləri onu tanıyanların xatirəsində daim yaşayacaq.
Azərbaycan Respublikası Vəkillər Kollegiyası
mərhumun doğmalarına, yaxınlarına və bütün hüquq ictimaiyyətinə dərin hüznlə
başsağlığı verir.
Allah rəhmət eləsin!