Avqustun 3-də "De Fendo" Vəkil Bürosunda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə vəkillər üçün özəl məhkəmə ekspertizası institutuna dair icbari təlim keçirilib.
Təlim "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya"nın Tədbirlər Planının 8.3.1-ci yarımbəndinin icrası çərçivəsində təşkil olunub. Tədbirin məqsədi vəkillərin özəl məhkəmə ekspertizası institutunun mahiyyəti, hüquqi əsasları, fəaliyyət və tətbiq mexanizmləri, eləcə də beynəlxalq təcrübə barədə bilik və peşəkar bacarıqlarının artırılması olub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının Tədris Mərkəzinin direktoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayaraq təlimin işinə uğurlar arzulayıb, bu cür tədris tədbirlərinin təşkilinə göstərilən diqqət və dəstəyə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Vəkillər Kollegiyasının rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini Vüsal
Məmmədov çıxışında ölkədə məhkəmə ekspertizası sahəsində aparılan islahatlar,
ekspertiza fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlər və bu
sahədə vəkillərlə əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
Daha sonra Məhkəmə Ekspertizası Mərkəzinin
Elmi-metodiki iş və təlim idarəsinin rəisi Aysel Kişiyeva özəl məhkəmə
ekspertizası institutunun hüquqi mahiyyəti, fəaliyyət mexanizmləri, inkişaf
perspektivləri və məhkəmə araşdırmalarında tətbiqi ilə bağlı təqdimatla çıxış
edib.
İnteraktiv formatda keçirilən təlim zamanı mövzu
üzrə beynəlxalq təcrübə və praktiki məsələlər müzakirə olunub, iştirakçıları
maraqlandıran suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, əyani formada keçirilən təlimdə 42 vəkil iştirak edib.



