Ötən ay ərzində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə Kollegiyanın üzvləri üçün müxtəlif icbari tədris tədbirləri təşkil olunub.
İyulun 4-də “Qeyri-kommersiya qurumlarının dövlət
qeydiyyatı və sonrakı fəaliyyətlə bağlı hüquqi məsələlərdə vəkillərin rolu”
mövzusunda hibrid qaydada keçirilən təlimdə təlimçi - Vəkillər Kollegiyasının
üzvü Aytən Abbasova qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı ilə
bağlı hüquqi yardımın mahiyyəti, ayrı-ayrı qeyri-kommersiya qurumlarının dövlət
qeydiyyatının xüsusiyyətləri, xarici qeyri-hökumət təşkilatlarının filial və
nümayəndəliklərinin dövlət qeydiyyatının fərqli xüsusiyyətləri barədə geniş
çıxış edib.
Eyni zamanda iyulun 4-də “İnzibati icraatda
müddətlər” mövzusunda təşkil olunmuş növbəti hibrid təlimdə isə təlimçi -
Vəkillər Kollegiyasının üzvü Vəfadar Piriyev tərəfindən müddətlərin növləri və
onların hüquqi təsnifatı, müddətlərin hesablanması qaydaları, inzibati
orqanların qərar qəbul etmə müddətləri, müddətlərin pozulmasının hüquqi
nəticələri və digər əlaqəli məsələlər barədə geniş müzakirələr aparılıb.
İyulun 11-də isə “Kibertəhlükəsizlik hüququ
kontekstində kibercinayətlərin istintaqı zamanı müdafiə taktikası” mövzusunda
hibrid qaydada keçirilən təlimdə təlimçi - Vəkillər Kollegiyasının üzvü Bəhruz
Orucov kibertəhlükəsizlik və kibercinayətkarlığın hüquqi anlayışı, kibercinayətlərin
istintaqının xüsusiyyətləri, kibercinayət işlərində müdafiə taktikası və
prosessual təminatlar, o cümlədən informasiya təhlükəsizliyi ilə bağlı hüquqi
məsələlər barədə ətraflı çıxış edib.
Həmçinin iyulun 11-də “Alqı-satqı müqavilələri
sahəsində məhkəmə təcrübəsi” mövzusunda təşkil olunmuş növbəti hibrid təlimdə
isə təlimçi - Vəkillər Kollegiyasının üzvü Rubayıl Səfərov tərəfindən
alqı-satqı müqavilələrinin hüquqi tənzimlənməsi və normativ bazası, alqı-satqı
müqavilələrindən irəli gələn mübahisələrdə sübutetmə, sübutların
qiymətləndirilməsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali
Məhkəmənin alqı-satqı müqavilələri üzrə formalaşdırdığı aktual hüquqi
mövqelərin təhlili ilə bağlı müxtəlif müzakirələr aparılıb.
İyulun 18-də isə “Beynəlxalq kommersiya arbitrajı”
mövzusunda təşkil olunmuş hibrid formalı təlimdə təlimçi - Vəkillər
Kollegiyasının və Kollegiyanın Biznes Hüququ Komitəsinin üzvü Fuad Qəşəmov
beynəlxalq kommersiya arbitrajının hüquqi əsasları, Arbitraj məhkəməsinin
yurisdiksiyası, o cümlədən arbitraja tətbiq olunan hüquq və digər praktiki
məsələlər barədə ətraflı çıxış edib.
İyulun 18-də keçirilən növbəti hibrid təlimdə
“Məişət zorakılığı və uşaq hüquqlarının müdafiəsi ilə bağlı işlərdə vəkilin
rolu; nəzəri və praktiki problemlər” mövzusu üzrə təlimçi - Vəkillər
Kollegiyasının üzvü Sadiq Bağırov məişət zorakılığının milli və beynəlxalq
hüquqi çərçivəsi, məişət zorakılığının növləri, sübutetmə, test alətləri və
meyarları, məişət zorakılığı ilə bağlı şikayət hallarında dövlətin pozitiv
öhdəlikləri, müdafiə tədbirlərinin əldə edilməsində mövcud çətinliklər, məişət
zorakılığı və ailə mübahisələrinin həllində uşağın mənafeyinin qorunması,
uşağın maraqlarına toxunan halların qiymətləndirilməsi meyarları, mediasiya və
məhkəmə baxışı zamanı uşağın maraqlarının təmin edilməsi, eləcə də uşağın
dindirilməsinin psixoloji aspektləri barədə məruzə ilə çıxış edib.
İyulun 25-də isə “Həbsin seçilməsi: dindirmə
prosedurları və məhkəmə qaydasında ləğvi” mövzusunda təşkil olunmuş hibrid
formalı təlimdə Vəkillər Kollegiyası İxtisas Komissiyasının üzvü, hüquq üzrə
fəlsəfə doktoru Şaiq Mirzəyev Şübhəli şəxsin tutulmasının hüquqi əsasları və
prosessual qaydaları, həbs qətimkan tədbirinin seçilməsi və tətbiqi meyarları,
həbsə alternativ qətimkan tədbirləri və onların tətbiqi praktikası, tutulan və
həbs edilmiş şəxslərin prosessual hüquqları, müdafiəçinin cinayət təqibinin
ilkin mərhələsində rolu, dindirmə prosedurlarının qanunvericilik əsasları,
şübhəli, təqsirləndirilən şəxs, şahid və zərərçəkmiş şəxsin dindirilməsinin
xüsusiyyətləri, məhkəmə araşdırmasının mərhələləri və prinsipləri, sübutların
təqdim olunması və məhkəmə tərəfindən qiymətləndirilməsi, şahidlərin və digər
proses iştirakçılarının məhkəmədə dindirilməsi qaydaları barədə müxtəlif
müzakirələr aparıb.
İyulun 25-də növbəti hibrid təlimdə “Peşəkar hüquqi
yardımın göstərilməsi prosesində hüquqi yazı: nəzəri və praktiki məsələlər”
mövzusu üzrə təlimçi - Vəkillər Kollegiyası
İntizam Komissiyasının üzvü, “Ruslan Vəliyev və partnyorları” Vəkil Bürosunun müdiri Ruslan Vəliyev hüquqi
yazının anlayışı və xüsusiyyətləri, hüquqi yazının növləri, hüquqi texnikanın
anlayışı, hüquqi sənədin daxili görünüşü, strukturu və əlamətləri, hüquqi
sənədin xarici görünüşü, vizuallaşdırılması və tipoqrafikası, hüquqi yazı
zamanı Vəkillərin etik davranış qaydaları haqqında Əsasnaməyə riayət edilməsi,
mövcud problemlər və onların aradan qaldırılması yolları barədə geniş məruzə
ilə çıxış edib.
Ötən ay ərzində ümumilikdə 3 209 vəkil (1 vəkil bir
neçə təlimdə iştirak etməklə) icbari təlimlərdə iştirak edib.
Qeyd edək ki, bu tədris tədbirlərində iştirak
Kollegiya üzvlərinin 31 yanvar 2026-cı il tarixində keçirilmiş ümumi
yığıncağında (konfransda) qəbul edilmiş və vəkillər üçün peşə hazırlığı, eləcə
də ixtisaslarının artırılması üzrə nəzərdə tutulmuş ikinci istiqamət üzrə 3
saat icbari tədris tədbirlərinə daxildir.















