Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul,
Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək
Mərkəzləri (UADM) tərəfindən 4-5 avqust 2026-cı il tarixlərində Mərkəzlərin
psixoloq, sosial işçiləri və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlərinin
birgə iştirakı ilə növbəti səyyar “Açıq qapı” günü keçirilib.
“Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonu Şağan
qəsəbəsi, İsmayıllı, Goranboy rayonu, Göygöl rayonunun Çaylı, Qəbələ rayonunun
Qaradeyin, Ağdam rayonunun Xındırıstan, Hacıqabul rayonunun Qubalı Baloğlan,
Saatlı rayonunun Heydərabad, Sabirabad rayonunun Azadkənd, Zaqatala rayonunun
Mamrux, Zərdab rayonunun Məlikumudlu kənd və qəsəbələrini əhatə edib.
“Açıq qapı” günündə UADM-lərin xidmətləri (psixoloji
konsultasiya, Denver II qiymətləndirmə testi), Mərkəzlərlə əməkdaşlıq, aliment,
müalicə və sosial müavinətlər, işlə təminat, özünüməşğulluq proqramı, hüquqi
məsələlər üzrə 67 nəfər vətəndaşın müraciəti dinlənilib, müraciətlərin bir
qismi təmin edilib, bəzi müraciətlərlə bağlı müvafiq izahat verilib, həlli
araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb,
eyni zamanda vəkillər tərəfindən sosial cəhətdən həssas qruplardan olan
qadınlara hüquqi yardım göstərilib.
Qeyd edək ki, tədbirlərdə Bakı şəhəri 8
saylı Vəkil Bürosu, Saatlı rayon Vəkil Bürosu, Göygöl rayon Vəkil Bürosu, İsmayıllı
rayon Vəkil Bürosu, Goranboy rayon Vəkil Bürosunun vəkilləri, habelə Ağdam və Hacıqabul
rayonlarında fərdi qaydada fəaliyyət göstərən vəkillər iştirak edib.





