Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Altay Mustafayev ABŞ-də hüquq elmləri doktoru (SJD) elmi dərəcəsi əldə edib.
O, bu yaxınlarda ABŞ-nin tanınmış ali təhsil
müəssisələrindən biri olan İndiana Universitetinin Maurer Hüquq Məktəbində
“Judicial Discretion in Common Law and Civil Law: A Comparative Legal and
Institutional Analysis through Elinor Ostrom’s IAD Framework” mövzusunda
doktorluq dissertasiyasını uğurla müdafiə edib.
Bununla da Altay Mustafayev ABŞ-də hüquq doktoru
(SJD) dərəcəsi almış ilk azərbaycanlı olub.
Dissertasiya işində məhkəmə diskresiyasının ümumi
hüquq (common law, anqlo-sakson hüquq sistemi) və kontinental (roman-german)
hüquq sistemlərində formalaşması və tətbiqi müqayisəli hüquqi və institusional
aspektdən araşdırılıb. Tədqiqatda Nobel mükafatı laureatı Elinor Ostromun
İnstitusional Təhlil və İnkişaf çərçivəsindən istifadə olunaraq məhkəmə
diskresiyasının hüquqi və institusional əsasları təhlil edilib.
Qeyd edək ki, hüquq doktoru hüquq sahəsində ən
yüksək akademik dərəcələrdən biri hesab olunur.
Onu da bildirək ki, Altay Mustafayev ABŞ-nin Nyu-York Vəkillər Kollegiyasının üzvüdür.

