Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə “Beynəlxalq Ticarət Palatasının yeni Arbitraj Qaydaları” mövzusunda təlim keçirilib

21 avqust 2026    136 share share

Avqustun 19-da Vəkillər Kollegiyası Tədris Mərkəzi və Kollegiyanın Biznes Hüququ Komitəsinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Ticarət Palatasının yeni Arbitraj Qaydaları” mövzusunda hibrid qaydada interaktiv təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin direktoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlimin işinə uğurlar arzulayıb. Qeyd olunub ki, bu tədris tədbirində iştirak Kollegiya üzvlərinin 31 yanvar 2026-cı il tarixində keçirilmiş ümumi yığıncağında (konfransda) qəbul edilmiş və Kollegiya üzvləri üçün peşə hazırlığı, eləcə də ixtisaslarının artırılması üzrə nəzərdə tutulmuş ikinci istiqamət üzrə 3 saat icbari tədris tədbirlərinə daxildir.

Həmçinin vəkillik institutunun hüquqi əsaslarını, praktik fəaliyyətini əhatə edən “Vəkillik fəaliyyəti” adlı dərslik və “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalı iştirakçılara təqdim olunub.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyası və Kollegiyanın Biznes Hüququ Komitəsinin üzvü, Paris Beynəlxalq Arbitraj Məhkəməsinin tədris və təlim şöbəsinin müdiri Ruslan Mirzəyev Beynəlxalq Ticarət Palatasının (ICC) yeni Arbitraj Qaydaları, ICC Arbitraj Qaydalarının tətbiq dairəsi, ICC Arbitraj Qaydalarının beynəlxalq kommersiya arbitrajında rolu, yeni ICC Arbitraj Qaydalarının beynəlxalq arbitraj praktikasına təsiri, ICC Arbitraj Qaydalarının beynəlxalq arbitrajın inkişafındakı əhəmiyyəti və digər əlaqəli məsələlər üzrə geniş təqdimatla çıxış edib.

Təlimçi mövcud təcrübəsini vəkillərlə bölüşərək, mövzu üzrə vəkillərin çoxsaylı suallarını cavablandırıb.

Hibrid qaydada təşkil olunan təlimdə Vəkillər Kollegiyasının 139 üzvü iştirak edib.