2026-cı ilin avqust ayı ərzində vəkillərin peşə hazırlığı, eləcə də ixtisaslarının artırılması üzrə nəzərdə tutulmuş ikinci istiqamət üzrə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə müxtəlif icbari tədris tədbirləri təşkil olunub.
Avqustun 1-də “Vergi mübahisələri” mövzusunda təşkil
olunmuş hibrid formalı təlimdə Vəkillər Kollegiyasının üzvü Könül Bədəlova
tərəfindən vergi mübahisələri və mübahisə növləri, mübahisələndirmə haqqında
iddia qaldırılarkən nəzərə alınmalı məsələlər, müvəqqəti xarakterli müdafiə
institutunun tətbiqi üzrə yeni məhkəmə təcrübəsi, vergi orqanının qərarının
icrasının dayandırılmasının hüquqi nəticələri, kameral vergi yoxlamaları üzrə
aktual mübahisələr və məhkəmə təcrübəsi və praktiki tövsiyələr barədə müxtəlif
müzakirələr aparılıb.
Həmin gün keçirilən növbəti hibrid təlimdə isə “Cinayət
işlərində müdafiə taktikasının qurulması: nəzəri və praktiki yanaşmalar”
mövzusu üzrə təlimçi - Vəkillər Kollegiyasının üzvü Samir İsayev cinayət
işlərində müdafiə taktikasının anlayışı və əsas xüsusiyyətləri, müdafiə
strategiyası və müdafiə taktikası anlayışlarının fərqləri, cinayət işinin ilkin
təhlili və sübut xəritəsinin qurulması, tutulma və həbs mərhələsində müdafiə
taktikası, axtarış, götürmə və digər istintaq hərəkətləri zamanı müdafiə,
Cinayət-Prosessual Məcəlləsinin müdafiə imkanları: vəsatətlər, etirazlar və
şikayətlər, ekspertiza və elektron sübutlarla iş, məhkəmə mərhələsində müdafiə
taktikası barədə məruzə ilə çıxış edib.
Bundan başqa, avqustun 8-də “İnzibati işlər üzrə
ümumi problemlər” mövzusunda təşkil olunmuş distant formalı təlimdə təlimçi -
Vəkillər Kollegiyasının üzvü Vəfadar Piriyev inzibati mübahisələrin hüquqi
mahiyyəti, inzibati icraatın və inzibati məhkəmə icraatının normativ əsasları,
İnzibati Prosessual Məcəllənin tətbiqində aktual məsələlər, o cümlədən
praktikada rast gəlinən əsas problemlər barədə ətraflı çıxış edib.
Eyni gündə keçirilən növbəti distant təlimdə isə “Elektron
sübutlar və rəqəmsal məlumatlarla sübutetmə, məlumatların qorunması” mövzusu
üzrə təlimçi - Vəkillər Kollegiyasının üzvü, “Kibercinayətkarlıq” Komitəsinin
sədri, hüquq üzrə fəlsəfə doktoru Asif Mustafayev elektron məlumatların
növləri, elektron sübutların əldə edilməsi və Cinayət-Prosessual Məcəlləsinin
tələbləri, elektron sübutların autentikliyi və bütövlüyü, elektron
daşıyıcıların ekspertizası, bulud sistemlərindən məlumatların əldə olunması,
eləcə də şəxsi məlumatların qorunması və konstitusiya təminatları barədə məruzə
ilə çıxış edib.
Bundan əlavə, avqustun 15-də “Süni intellektin
hüquqa təsiri və hüquqi risklər” mövzusunda təşkil olunmuş distant formalı
təlimdə Vəkillər Kollegiyasının üzvü Nurlan Səfərov süni intellekt
texnologiyalarının hüquq sahəsinə təsiri və tətbiq imkanları, hüquqi
fəaliyyətdə generativ süni intellekt alətlərindən istifadə, süni intellekt
tərəfindən yaradılan məlumatların dəqiqliyi və digər əlaqəli məsələlər barədə
müxtəlif müzakirələr aparıb.
Həmin gün keçirilən növbəti hibrid təlimdə isə “Aktual
vergi mübahisələri və məhkəmə təcrübəsi” mövzusu üzrə təlimçi – Vəkillər
Kollegiyasının və Kollegiyanın Biznes Hüququ Komitəsinin İdarə Heyətinin üzvü
Sirac Piriyev vergi mübahisələrinin növləri, müvəqqəti xarakterli müdafiə
institutunun tətbiqi üzrə yeni məhkəmə təcrübəsi, vergi orqanının qərarının icrasının
dayandırılmasının hüquqi nəticələri, ümidsiz vergi borclarının silinməsi üzrə
məhkəmə təcrübəsi və digər praktiki məsələlər barədə geniş məruzə ilə çıxış
edib.
Avqustun 22-də “Qeyri-kommersiya qurumlarının dövlət
qeydiyyatı və sonrakı fəaliyyəti ilə bağlı hüquqi məsələlərdə vəkillərin rolu”
mövzusunda təşkil olunmuş distant formalı təlimdə Vəkillər Kollegiyasının üzvü
Aytən Abbasova qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı
hüquqi yardımın mahiyyəti və əsas xüsusiyyətləri, ayrı-ayrı qeyri-kommersiya
qurumlarının dövlət qeydiyyatının xüsusiyyətləri, xarici qeyri-hökumət
təşkilatlarının filial və nümayəndəliklərinin dövlət qeydiyyatı və digər mövcud
praktiki məsələlər barədə müxtəlif müzakirələr aparıb.
Eyni gündə təşkil edilən “Cinayət işlərində müdafiə
taktikasının qurulması: nəzəri və praktiki yanaşmalar” mövzusu üzrə təlimçi -
Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar
Qasımlı müdafiə strategiyası və müdafiə taktikası anlayışlarının fərqləri,
cinayət işinin ilkin təhlili və sübut xəritəsinin qurulması, tutulma və həbs
mərhələsində müdafiə taktikası, məhkəmə mərhələsində müdafiə taktikası, o
cümlədən praktikada rast gəlinən əsas problemlər barədə ətraflı çıxış edib.
Qeyd olunan təlimlərdə 3 083 vəkil (1 vəkil bir neçə
təlimdə iştirak etməklə) iştirak edib.
Bununla da, Kollegiya üzvlərinin 31 yanvar 2026-cı
il tarixində keçirilmiş ümumi yığıncağında (konfransda) qəbul edilmiş və
vəkillər üçün peşə hazırlığı, eləcə də ixtisaslarının artırılması üzrə nəzərdə
tutulmuş ikinci istiqamət üzrə 3 saat icbari tədris tədbirlərinə yekun vurulub.










