Vəkillər Kollegiyasının “Kibercinayətkarlıq və Kibertəhlükəsizlik” Komitəsinin növbəti iclası keçirilib.
İclasda Komitənin təşkilati məsələləri, gələcək
fəaliyyət istiqamətləri, yeni layihələr və təşəbbüslər ətrafında müzakirələr
aparılıb.
İclasın əsas məsələlərindən biri Komitə sədrinin
müavininin seçilməsi olub. Komitə üzvlərinin yekdil səsverməsi ilə Kamal
Novruzov Komitə sədrinin müavini seçilib.
Daha sonra Komitə üzvləri tərəfindən müxtəlif layihə
təklifləri və gələcək fəaliyyət istiqamətləri təqdim olunub. Təkliflərin
praktiki əhəmiyyəti, həyata keçirilməsi imkanları və Komitənin fəaliyyətinə
verə biləcəyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb. Komitə üzvləri
ayrı-ayrılıqda öz fikir və təkliflərini səsləndiriblər.
Müzakirələrin nəticəsi olaraq Komitə tərəfindən dörd
layihənin həyata keçirilməsi barədə qərar qəbul edilib. Onlardan sosial və
hüquqi maarifləndirməyə yönəlmiş iki layihənin praktiki icrasına artıq start
verilib. Digər iki istiqamət üzrə isə layihələrin konsepsiyası və fəaliyyət
mexanizmlərinin hazırlanması qərara alınıb.
Yeni layihələr çərçivəsində kibercinayətkarlıq
riskləri, rəqəmsal təhlükəsizlik və hüquqi müdafiə vasitələri barədə cəmiyyətin
məlumatlandırılması, bu sahədə hüquqi maarifləndirmənin artırılması əsas
məqsədlər sırasında yer alır.
İclasın sonunda Komitənin qarşıdakı dövr üzrə fəaliyyətinin daha sistemli və layihə əsaslı şəkildə davam etdirilməsi, yeni təşəbbüslərin həyata keçirilməsi və müvafiq sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.



