2026-cı il sentyabrın 2-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar
Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə görülən işlər, əldə
olunan nəticələr və qarşıda duran əsas prioritet istiqamətlər barədə məlumat
verib.
Sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə
qəbulla bağlı məsələyə baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı və
şifahi mərhələlərini, həmçinin icbari təlim proqramlarını uğurla tamamlayan
namizədlər üçün andiçmə mərasimi keçirilib. Namizədlər vəkil etikası
normalarına və peşə borcuna sadiq qalacaqlarına dair and içərək Kollegiyanın
üzvlüyünə qəbul olunublar. Onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Eyni zamanda iclasda bəzi vəkillərin digər vəkil
qurumlarına keçirilməsi, öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi,
müəyyən müddətə vəkillik fəaliyyətinin dayandırılması, habelə müəyyən müddətə
üzvlük haqqının ödənilməsindən azad olunması ilə bağlı müraciətlərinə baxılıb
və müvafiq qərarlar qəbul edilib.
Bundan başqa, “Vəkil qurumlarında və fərdi qaydada
fəaliyyət göstərən vəkillər tərəfindən kargüzarlığın aparılmasına dair” Təlimat
müzakirə olunub. Həmçinin vəkil büroları və fərdi qaydada fəaliyyət göstərən
vəkillər tərəfindən 2026-cı ildə hüquqi yardım göstərilməsi ilə bağlı
yarımillik statistik hesabat təhlil edilib.
Həmçinin iclasda bəzi vəkil bürolarında aparılmış
monitorinqlərin nəticələri barədə məlumat verilib. Qeyd olunub ki, monitorinq
zamanı müəyyən nöqsanlar aşkarlanıb və onların qısa müddətdə aradan
qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Eyni zamanda monitorinq
mexanizmlərinin daha da təkmilləşdirilməsi və bu istiqamətdə nəzarət
tədbirlərinin səmərəliliyinin artırılması qərara alınıb.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının
rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarı ilə yol verilən intizam
pozuntusuna görə 1 vəkil barəsində cərimə intizam tənbehi tətbiq olunub.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər müzakirə edilib, onların həlli istiqamətində müvafiq qərarlar qəbul olunub.
