Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Lalə Nağıyevanın “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının 2026, №1 (27) buraxılışında dərc olunan “Yetkinlik yaşına çatmayan şəxslərin törətdiyi hüquq pozuntularının qarşısının alınmasında vəkillik institutunun rolu” adlı elmi məqaləsini təqdim edirik:
Yetkinlik
yaşına çatmayan şəxslərin törətdiyi hüquqpozmalar müasir cəmiyyətlər üçün həm
sosial, həm hüquqi, həm də psixoloji baxımdan mürəkkəb məsələlərdən biridir. Bu
yaş qrupu fərdin uşaqlıqdan yetkinlik
yaşına keçdiyi, şəxsiyyətin formalaşdığı və emosional sabitliyin hələ
tam bərqərar olmadığı bir dövrü əhatə edir. Məhz bu səbəbdən yetkinlik
yaşına çatmayan şəxslərin hüquqi proseslərə cəlb olunması zamanı peşəkar
müdafiənin, yəni vəkillik institutunun rolu xüsusi əhəmiyyət kəsb edir.
Araşdırmalar göstərir ki, yetkinlik yaşına çatmayan şəxslərin hüquq sistemində
müdafiəsiz qalması, onlara hüquqlarının sadə dildə izah edilməməsi və psixoloji
həssaslıqlarının nəzərə alınmaması gələcəkdə təkrar hüquq pozuntularına və
cəmiyyətdən uzaqlaşmağa yol açır. Yetkinlik yaşına çatmayan şəxslərin
cinayətkar davranışına aparan yollar çoxşaxəlidir və adətən ailəvi, sosial və fərdi amillərin kəsişməsində dayanır.
Parçalanmış ailələr, valideyn nəzarətinin zəifliyi, ailədaxili zorakılıq və ya
iqtisadi çətinliklər gəncləri cinayətkar davranışa sövq edən əsas faktorlardır.
Eyni zamanda, yetkinlik yaşına çatmayan şəxslərin sosial mühitdə özlərini
təsdiq etmək istəyi və mənfi həmyaşıd qruplarının təsirinə tez düşmələri onları
qanunsuz əməllərin iştirakçısına çevirir. Bu mərhələdə vəkilin müdaxiləsi
sadəcə prosessual zərurət deyil, həm də yetkinlik yaşına çatmayan şəxslərin
davranış trayektoriyasının mənfiyə doğru dəyişməsinin qarşısını alan preventiv
tədbirdir. Peşəkar vəkil yetkinlik yaşına çatmayan şəxslər ilə ədalət sistemi
arasında bir növ mühafizəçi rolunu oynayır. Hüquqi terminologiyanın
mürəkkəbliyi yetkinlik yaşına çatmayan şəxslərdə qorxu və inamsızlıq yaradır
ki, bu da onun özünü müdafiə imkanlarını məhdudlaşdırır. Vəkilin vəzifəsi
prosesin hər bir mərhələsini yetkinlik yaşına çatmayan şəxslərin anlayacağı səviyyədə
izah etmək, onun susmaq və ya öz
əleyhinə ifadə verməmək kimi fundamental hüquqlarını təmin etməkdir. Yetkinlik
yaşına çatmayan şəxslərin müdafiəsi sahəsində vəkillərin ixtisaslaşması və
onların psixoloji hazırlıq səviyyəsinin artırılması müasir hüquq sisteminin
təkmilləşdirilməsi üçün zəruri şərtdir.
Açar sözlər: yetkinlik yaşına çatmayan
şəxslərin hüquqpozmaları, vəkillik institutu, hüquqi müdafiə, uşaq hüquqları,
ədalətin bərpası, preventiv mexanizmlər, diskriminasiyanın yolverilməzliyi,
beynəlxalq hüquqi standartlar, ədalət mühakiməsi.
I. Giriş
Müasir hüquqi dövlət quruculuğu prosesində
insan hüquq və azadlıqlarının müdafiəsi prioritet istiqamət təşkil edir və bu prinsip hüquq sisteminin bütün
institutlarının fəaliyyətində əsas meyar kimi çıxış edir. Xüsusilə, cəmiyyətin
həssas təbəqələrindən biri hesab olunan yetkinlik yaşına çatmayan şəxslərin
hüquqlarının qorunması, onların sosial adaptasiyasının təmin edilməsi və
törətdikləri hüquqpozmaların qarşısının alınması hüquq siyasətinin mühüm istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlanılır. Bu sahədə
həyata keçirilən tədbirlər yalnız hüquqi məsuliyyət mexanizmləri ilə
məhdudlaşmamalı, eyni zamanda sosial, psixoloji və maarifləndirici yanaşmaları da özündə ehtiva etməlidir.
Yetkinlik yaş dövrü fərdin psixofizioloji
baxımdan formalaşma və keçid mərhələsi olmaqla, şəxsiyyətin davranış modellərinin müəyyən edildiyi
həssas bir mərhələdir. Bu yaş dövründə emosional qeyri-sabitlik, sosial
təsirlərə həddindən artıq açıq olma və riskli davranışlara meyillilik daha
qabarıq şəkildə müşahidə olunur. Məhz bu xüsusiyyətlər yetkinlik yaşına
çatmayan şəxslərin hüquqpozmaya sürüklənməsində mühüm rol oynayır və onların
hüquqi məsuliyyətə cəlb edilməsi zamanı fərqli, daha humanist və məqsədyönlü
yanaşmanın tətbiqini zəruri edir.
Müasir hüquq ədəbiyyatlarında da bu anlayış genişləndirilərək daha geniş formada əks olunmuşdur. Belə ki, yetkinlik yaşına çatmayan şəxslərin məhkəmədə psixoloji hazırlığı təkcə hüquqi problemin həllini deyil, həm uşağın stresli vəziyyətdə şəxsiyyətinin psixi inkişafına mənfi təsirləri minimuma endirir. Bu mümkün olmayan zaman isə, vəkil müraciət edən şəxsi psixoloji baxımdan məhkəməyə hazırlamalı və proses zamanı da ona dəstək olmalıdır [2, s. 98].
Yetkinlik yaşına çatmayan şəxslərin
cinayətkarlığına qarşı mübarizə yalnız cəza tədbirlərinin sərtləşdirilməsi və
repressiv üsulların tətbiqi ilə effektiv nəticə vermir. Əksinə, bu yanaşma bir
çox hallarda yetkinlik yaşına çatmayan şəxslərin cəmiyyətə reinteqrasiyasını
çətinləşdirir və təkrar hüquqpozmaların baş verməsi riskini artırır. Bu
baxımdan, preventiv mexanizmlərin gücləndirilməsi, hüquqpozmanın yaranma
səbəblərinin vaxtında müəyyən edilməsi və aradan qaldırılması xüsusi əhəmiyyət
kəsb edir. Belə mexanizmlər sırasında peşəkar vəkillik yardımının erkən
mərhələdən etibarən təmin olunması mühüm rol oynayır.
Vəkillik institutu yetkinlik yaşına çatmayan
şəxslərin ədalət mühakiməsi sistemində təkcə
onların prosessual hüquqlarının müdafiəsini həyata keçirən bir subyekt
kimi deyil, eyni zamanda islah prosesinə töhfə verən mühüm hüquqi təsisat kimi
çıxış edir. Vəkil yetkinlik yaşına çatmayan şəxslərin hüquqi maraqlarını
qorumaqla yanaşı, onun psixoloji vəziyyətini, sosial mühitini və fərdi
xüsusiyyətlərini nəzərə alaraq daha məqsədyönlü strategiya formalaşdırır. Bu
isə yetkinlik yaşına çatmayan şəxslərin hüquq sistemi ilə ilk təmasının daha az
travmatik olmasına və onun gələcək davranışlarına müsbət təsir göstərməsinə
şərait yaradır. Nəticə etibarilə, yetkinlik yaşına çatmayan şəxslərin
hüquqpozmalarının profilaktikası kompleks və çoxşaxəli yanaşma tələb edən bir
prosesdir. Bu məqalədə, yetkinlik yaşına çatmayan şəxslərin hüquqpozmalarının
profilaktikasında vəkilin rolu milli
və beynəlxalq hüquqi çərçivə kontekstindən təhlil edilir.
II. Beynəlxalq qanunvericilik və mühüm standartlar
Yetkinlik yaşına çatmayan şəxslərin törətdiyi hüquq pozuntularının qarşısının alınmasında vəkillik institutunun rolunun araşdırılması beynəlxalq
qanunvericilik və qlobal standartlar prizmasından xüsusi aktuallıq kəsb edir.
Müasir beynəlxalq hüquq uşaqların cinayət ədalət mühakiməsində iştirakını
cəzayönümlü deyil, reabilitasiya və sosial inteqrasiya əsaslı yanaşma üzərinə
qurmağı tələb edir. Bu baxımdan, beynəlxalq çərçivədə vəkillik institutu yalnız
müdafiə funksiyası yerinə
yetirən subyekt deyil, eyni zamanda yetkinlik yaşına
çatmayan şəxslərin hüquqazidd davranışının qarşısının alınmasında, alternativ
tədbirlərin təşviqində və cəmiyyətə təhlükəsiz reinteqrasiyanın təminində mühüm
aktor kimi təqdim edilir. Bu zaman xüsusi olaraq qeyd edilməlidir ki, uşaqların hüquqlarının müdafiəsi istiqamətində
mühüm addım 20 noyabr 1989-cu il tarixində Uşaq hüquqları haqqında
Konvensiyanın qəbul edilməsi olmuşdur. Hüquq ədəbiyyatında qeyd olunur ki, Konvensiya uşaqları
cəmiyyətin tamhüquqlu üzvü kimi
təqdim etməklə yanaşı, həm də uşaqların hüquqlarını vahid bir kompleks halında sistemləşdirmiş, uşaqlara
münasibətdə yeni etik prinsiplər və beynəlxalq davranış normaları müəyyən edilməklə yanaşı yeni hüquqlar
kompleksini də əks etdirmişdir [1, s. 143]. Sözügedən Konvensiyanın 2-ci
maddəsinin 2-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər uşağın, onun
valideynlərinin, qanuni qəyyumlarının və digər ailə üzvlərinin statusu,
fəaliyyəti, ifadə etdikləri baxışları və ya əqidələri əsasında uşağın
ayrı-seçkiliyin və ya cəzanın bütün formalarından müdafiə olunmasını təmin
etmək üçün hər cür lazımi tədbirlər görməlidir [4]. Konvensiyanın bu
müddəasından irəli gələrək, uşağın hüquqlarının müdafiəsində vəkillik institutu
mühüm rol oynayır. Vəkil uşağın maraqlarını müstəqil və qərəzsiz şəkildə təmsil
etməklə, onun yalnız öz davranışı və vəziyyətinə görə qiymətləndirilməsini
təmin edir.
1990-cı ildə qəbul olunmuş Yetkinlik yaşına çatmayan şəxslər arasında cinayətkarlığın qarşısının alınması barədə BMT-nin Rəhbər Prinsipləri (Ər-Riyad Prinsipləri) cinayətkarlığın qarşısını alma tədbirlərinin ümumi istiqamətləri, cəmiyyətdə həyata hazırlıq, sosial siyasət, yetkinlik yaşına çatmayan şəxslərə münasibətdə ədalət mühakiməsinin həyata keçirilməsi, siyasət və tədqiqatın işlənib hazırlanmasına həsr edilmişdir [16]. Hüquq ədəbiyyatında qeyd olunur ki, həmin Prinsiplərdə hər bir ailə və onun bütün üzvlərinin rifahının təmini, uşaqların tərbiyəsinə yönəldilmiş dövlət siyasətinin işlənib hazırlanması, uşaq və gənclərin bərabər hüquqlu şəkildə təhsilə cəlb edilməsi, məktəb və cəmiyyət əlaqələrinin formalaşmasına istiqamətlənmiş tədbirlərin həyata keçirilməsi, psixi təzyiqlərin qarşısının alınması və mənəvi dəstəyin göstərilməsi kimi məsələlər öz əksini tapmışdır ki, bu da öz növbəsində yetkinlik yaşına çatmayanlar üçün sağlam mühitin formalaşmasına xidmət edir və preventiv mexanizmlərin əsasını təşkil edir [1, s. 142].
Yetkinlik yaşına çatmayanlara münasibətdə
ədalət mühakiməsinin həyata keçirilməsinə dair BMT-nin minimal standart
qaydalarının (Pekin qaydalarının) 10.3-cü maddəsində deyilir ki, hüquq
qaydalarının mühafizəsini təmin edən orqanlarla yetkinlik yaşına çatmayan qanun
pozucusu arasında təmas elə həyata keçirilir ki, yetkinlik yaşına çatmayanın
əmin-amanlığına yardım göstərilsin, işin şəraiti dəqiq nəzərə alınmaqla, ona
zərər vurulmasına yol verilməsin [15].
Pekin qaydalarının bu müddəası yetkinlik
yaşına çatmayanlarla bağlı ədalət mühakiməsində humanist və uşaqyönümlü
yanaşmanın əsas prinsip olduğunu bir daha təsdiq edir. Qaydalardan irəli
gələrək, hüquq-mühafizə orqanları ilə yetkinlik yaşına çatmayan arasında hər
hansı təmas zamanı uşağın fiziki və psixi sağlamlığının qorunması, ləyaqətinə
hörmət edilməsi və ona zərər vura biləcək hərəkətlərdən çəkinilməsi əsas
götürülməlidir [15]. Bu beynəlxalq standartların tətbiqi isə birbaşa vəkillik
institutunun fəal iştirakı ilə mümkün olur. Belə ki, vəkil yetkinlik yaşına
çatmayanın saxlanılması, dindirilməsi və digər prosessual hərəkətlər zamanı
işin konkret şəraitinin nəzərə alınmasını, yaş və psixoloji xüsusiyyətlərə uyğun davranılmasını tələb etməklə, onun əmin-amanlığının
və təhlükəsizliyinin təmin edilməsinə töhfə verir.
İstintaq və sorğu-sual zamanı vəkilin iştirakı, eyni zamanda, yetkinlik yaşına çatmayan şəxslərin məcburi şəkildə öz əleyhinə ifadə verməsinin qarşısını alan əsas mexanizmdir. Uşaq Hüquqları Komitəsinin Yuvenal ədliyyə sistemi ilə bağlı 24 saylı Ümumi Şərhi istintaq və sorğu-sual zamanı vəkilin iştirakı, eyni zamanda, yetkinlik yaşına çatmayan şəxslərin məcburi şəkildə öz əleyhinə ifadə verməsinin qarşısını alan mexanizmlərdən biridir. 24 saylı Ümumi Şərhə görə, bir uşağı etiraf və ya özünü-ittiham edəcək bir ifadə verməyə məcbur etmək yolverilməzdir [9, s. 21]. Buna görə də, uşaq qanuni və ya digər müvafiq yardımı əldə etməli və sorğu-sual zamanı valideyn, qanuni nümayəndə və ya digər müvafiq yetkin şəxs tərəfindən dəstəklənməlidir. Məhz hüquqi təmsilçilik bu prosesdə qanunsuz müdaxilələrin və psixoloji təzyiqlərin qarşısını alan qalxan rolunu oynayır.
Аzаdlıqdаn məhrum edilmiş yеtkinlik yаşınа çаtmаyаnlаrın müdаfiəsi üzrə BMT Qаydаlаrının (Tokio Qaydaları) 78-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayanın şikayət vermək üçün ailə üzvlərindən, hüquqi məsləhətçilərdən (vəkillərdən) və digər müvafiq qurumlardan yardım istəmək hüququnu açıq şəkildə tanıyır. Bu müddəa vəkillik institutunun yalnız məhkəmə mərhələsində deyil, həm də saxlanma və icra proseslərində uşağın hüquqlarının pozulmasına qarşı müdafiəçi rolunu təsdiqləyir [17]. Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında Avropa Şurası Konvensiyanın 14-cü maddəsinin 4-cü bəndində deyilir ki, hər bir tərəf zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, qurbana yaxın olan şəxslərin zəruri hallarda terapiya yardımı, xüsusilə təxirəsalınmaz psixoloji yardım almaq imkanı təmin edilsin [5].
Həmin Konvensiyanın 35-ci maddəsində uşaqdan ifadə alınmasının qaydaları öz əksini tapmışdır. Həmin maddəyə əsasən, faktlar barədə səlahiyyətli orqanlara məlumat daxil olduqdan sonra heç bir əsassız ləngimə olmadan uşaqdan ifadə almaq üçün müsahibə keçirilir; zəruri hallarda uşaqdan ifadə almaq üçün müsahibə bu məqsədlə yaradılmış və ya uyğunlaşdırılmış yerdə keçirilir; uşaqdan ifadə almaq üçün müsahibə bu məqsədlə təlim keçmiş mütəxəssislər tərəfindən keçirilir; mümkün və münasib olduqda uşaqdan ifadə almaq üçün müsahibələr eyni şəxslər tərəfindən keçirilir; müsahibələr yalnız cinayət təqibi məqsədləri ilə tələb olunan mümkün qədər az sayda olmalıdır [5].
Avropa Şurası Nazirlər Komitəsinin 17 noyabr 2010-cu il tarixində qəbul etdiyi Uşaqyönümlü ədalət mühakiməsi üzrə Rəhbər Prinsiplər (Guidelines of the Committee of Ministers of the Council of Europe on child-friendly justice) uşaqların hüquqi müdafiəsi və vəkillik institutunun rolunu daha geniş və müasir kontekstdə təsbit edir. Bu sənədin fundamental prinsipləri uşağın iştirakı, onun üstün maraqlarının qorunması, ləyaqətinə hörmət və ayrı-seçkiliyə yol verilməməsi üzərində qurulmuşdur [10, s. 11]. Rəhbər prinsiplərə əsasən, uşaqların öz adlarından müstəqil hüquqi məsləhət və təmsilçilik hüququ, xüsusilə valideynlərlə maraqlar toqquşması yarandıqda mütləq şəkildə tanınmalı və onlara pulsuz hüquqi yardım əlçatan olmalıdır [10, s. 16]. Həmçinin yetkinlik yaşına çatmayanları təmsil edən vəkillərin uşaq hüquqları, uşaq psixologiyası və inkişafı sahəsində xüsusi hazırlığa malik olması, onlarla anlayış səviyyəsinə uyğun ünsiyyət qurma bacarığı tələb olunur. Sənəddə vurğulanır ki, vəkilin iştirakı yalnız məhkəmə prosesi ilə məhdudlaşmamalı, ilk dindirmədən etibarən təmin edilməli və çıxarılan qərarların uşağa onun yaşına uyğun dildə izah edilməsi vəkilin mühüm vəzifəsi kimi qəbul edilməlidir [10, s. 19].
Alim və tədqiqatçı hüquqşünaslar, E.B.Melnikova, A.İ.Dolqova yetkinlik yaşına çatmayan şəxslərin törətdiyi hüquq pozuntularının qarşısının alınmasında vəkillik institutunun roluna xüsusi diqqət yetirirlər [8, s. 503; 14, s. 48]. Təcrübə və elmi ədəbiyyatlarda vurğulandığı kimi, hüquqi təmsilçilik yalnız mühakimədə müdafiə funksiyası deyil, həm də yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının erkən mərhələdə qorunması və onlara uyğun sosial dəstək mexanizmlərinə çıxışın təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu isə, uşaqların hüquqi proseslərə uyğunlaşmasını və onların hüquq pozuntuları törətməsi meylinin azalmasına töhfə verir [13, s. 774].
III. Milli qanunvericilik müstəvisində yetkinlik
yaşına çatmayan
şəxslərin hüquqlarının müdafiəsi
Yetkinlik yaşına çatmayanların hüquqlarının
müdafiəsinin əsasını Azərbaycan Respublikası Konstitusiyası təşkil edir.
Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin
xüsusi himayəsindədir, valideynləri və qəyyumları olmayan, valideyn qayğısından
məhrum olan uşaqlar dövlətin himayəsindədirlər və uşaq hüquqlarının həyata
keçirilməsinə dövlət nəzarət edir. Bu müddəalar dövlətin uşaqların hüquqlarının
qorunması üzrə birbaşa vəzifəsini müəyyən edir [3]. Eyni zamanda, Konstitusiyanın
61-ci maddəsi hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnu təsbit
edir və qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardımın dövlət hesabına
göstərilməsini təmin edir. Həmin maddəyə
müvafiq olaraq, şəxs tutulduğu, həbsə alındığı və ya ittiham olunduğu andan müdafiəçinin
köməyindən istifadə etmək hüququna malikdir [3]. Beləliklə, yetkinlik yaşına
çatmayanların vəkillə təmin olunması həm dövlət himayəsi prinsipindən, həm də
birbaşa konstitusion hüquqi yardım təminatından irəli gəlir.
Yetkinlik yaşına çatmayanların cinayət prosesində
müdafiəsinin xüsusi prosessual təminatlarına Azərbaycan Respublikasının Cinayət
Prosessual Məcəlləsinin 432-ci maddəsində yer verilir. Həmin maddəyə
müvafiq olaraq müəyyən edilir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində ibtidai istintaq imkan
daxilində bu sahədə ixtisaslaşmış şəxslər tərəfindən aparılmalı, icraat
gecikdirilmədən həyata keçirilməli və müdafiəçinin iştirakı
məcburi olmalıdır. Eyni zamanda, istintaq
zamanı yetkinlik yaşına çatmayan şəxsə hörmətlə yanaşılması, onun rifahına
zərər vurulmaması təmin edilməli, ittiham barədə məlumat almaq, ifadə verməkdən imtina etmək, müdafiə
hüququndan imtina etmək, qanuni nümayəndələrin iştirakını təmin etmək
və məxfilik hüququ kimi əsas prosessual təminatlara riayət olunmalıdır. 16
yaşınadək şəxslərin iştirakı ilə istintaq hərəkətlərində müəllim və ya psixoloqun iştirakı da təmin edilməlidir [6].
Uşaq hüquqları haqqında 3 mart 2026-cı il
tarixli Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci hissəsində
qeyd olunur ki, Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini uşaq hüquqlarının müdafiəsi
üzrə komissiyalar, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), məhkəmə,
prokurorluq və digər hüquq mühafizə orqanları,
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və
yerli özünüidarəetmə orqanları təmin edirlər
[12]. Bu orqanlar,
birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) həmçinin “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir (maddə 8.5).
Həmin Qanunun 4-cü maddəsi ilə uşaqlar barəsində dövlət siyasətinin məqsədləri ətraflı şəkildə müəyyən edilmişdir: uşaqların hüquq və azadlıqlarının təmin edilməsi, uşaq hüquqlarının təminatının hüquqi əsaslarının formalaşdırılması; uşaqların hüquq və azadlıqlarının müdafiəsi üçün institusional mexanizmlərin yaradılması, onların pozulmuş hüquqlarının bərpası; uşaqlara qarşı ayrı-seçkiliyə yol verilməməsi, bütün uşaqlar üçün bərabər imkanların və inklüzivliyin təmin edilməsi; çətin həyat şəraitində olan uşaqların sosial müdafiəsi; uşaqların fiziki, əqli, mənəvi və əxlaqi inkişafı, onların vətənpərvərlik, vətəndaşlıq, sülhpərvərlik, əxlaqi dəyərlərə, milli adət və ənənələrə hörmət ruhunda tərbiyə olunması; uşaqlarda hüquq mədəniyyətinin formalaşdırılması; uşaqların sağlamlığına və inkişafına zərər vuran məlumatlardan qorunması [12].
Qanunun 7-ci fəsli isə “Uşaqlar barəsində icraatın əsasları” adlanır və 55-61-ci maddələri əhatə edir. “Uşaqlar barəsində icraatın əsas prinsipləri” adlanan 55-ci maddənin 1-ci hissəsində qeyd edilir ki, uşaqlar barəsində icraat uşağın
iştirakı, onun təhlükəsizliyinin təmin olunması, uşaq hüquqlarına və azadlıqlarına hörmət edilməsi və onların səmərəli şəkildə həyata keçirilməsi, uşaqların mənafelərinin üstünlüyü, uşağın ləyaqətinə hörmət edilməsi,
qeyri-bərabər rəftarın yolverilməzliyi və qanunun aliliyi prinsiplərinə
əsaslanır [12]. Qanunun 56-cı
maddəsində uşaqlar barəsində icraatın həyata keçirilməsi ilə bağlı prosessual
təminatlar, 57-ci maddəsində uşaqlar barəsində icraatı
həyata keçirən şəxslər,
58-ci maddəsində uşaqlar barəsində icraat zamanı uşağın öz
fikrini ifadə etmə hüququ, 59-cu maddəsində uşağın hüquqi yardım almaq hüququ, 60-cı maddəsində
uşağın təmsil olunmaq hüququ, 61-ci maddəsində isə uşaq hüquqları ilə bağlı qəbul edilən qərarlar
üzrə məsələlər öz əksini tapmışdır.
Qanunun 56-cı maddəsinin müddəaları xüsusi
qeyd edilməlidir: uşağın Azərbaycan Respublikasının
prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bilavasitə, qanuni
nümayəndəsi (həmin şəxslərin uşağa qarşı hüquq pozuntusu törətməsinə
şübhə olduğu hallar istisna olmaqla) və ya nümayəndəsi vasitəsilə öz hüquq və
azadlıqlarının, habelə qanuni mənafelərinin müdafiəsi ilə bağlı inzibati
orqana, polis, prokurorluq orqanlarına və ya məhkəməyə müraciət etmək, habelə
onların hərəkətindən (hərəkətsizliyindən) və qərarlarından şikayət etmək hüququ
(1-ci hissə); polis və prokurorluq orqanlarının cinayət törətmiş, cinayətin
qurbanı olmuş, valideynin və ya ailəni dolandıran şəxsin həbs olunması, habelə cinayət prosesini həyata keçirən orqanın
digər hərəkətləri və hərəkətsizliyi
nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən
məhrum olmuş uşaqların hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin
müdafiəsi üçün tədbirlər görməsi (2-ci hissə); uşaqlar barəsində icraatın bütün
mərhələlərində prosedurların uşaq üçün aydın və əlçatan olmasının təmin
edilməsi (3-cü hissə); uşağın özünün və yaxın qohumlarının əleyhinə ifadə
verməyə məcbur edilməməsi (4-cü hissə); cinayət törətməkdə təqsirləndirilən
uşağın barəsində cinayət təqibi həyata keçirilərkən cinayət prosesini həyata
keçirən orqanlar tərəfindən həbsə alternativ qətimkan
tədbirlərinin tətbiq edilməsinə üstünlük verilməsi və Azərbaycan
Respublikasının cinayət prosessual qanunvericiliyində müəyyən edilmiş qaydada
uşağın hüquq və azadlıqlarının təmin edilməsinin əsas prosessual təminatlarına riayət edilməsi, uşaqların yaşına, cinsiyyətinə və şəxsiyyətinin xüsusiyyətlərinə görə tələb olunan qulluq,
müdafiə və digər fərdi yardımla
təmin edilmələri (5-ci hissə) [12].
Qaununun 57-ci maddəsi
üzrə müddəalar da xüsusilə əhəmiyyətlidir. Belə ki, normanın tələbinə görə, uşaqlar barəsində
və ya onların cəlb olunduğu işlər üzrə icraatı həyata keçirən şəxslər uşaq
hüquqları barədə biliklərə və uşaqlarla iş üzrə bacarıqlara malik olmalıdırlar
[12].
Qanunun 59-cu maddəsi ilə uşağın hüquqi yardım
almaq hüququnun ayrıca maddədə təsbit edilməsi xüsusilə müsbət
qiymətləndirilməlidir. Belə ki, həmin maddənin 1-ci hussəsində qeyd edilir ki, uşağın yaşı, fərdi xüsusiyyətləri və ehtiyacları nəzərə alınmaqla, qanunla
nəzərdə tutulmuş hallarda və
qaydada onun başa düşəcəyi dildə və formada dövlət büdcəsinin vəsaiti hesabına
yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Həmin maddənin 2-ci hissəsinin tələblərinə görə isə, uşaqlar barəsində icraat zamanı uşaqlara hüquqi yardım
göstərən vəkil uşaq hüquqları və uşaqyönümlü hüquqi yardım barədə biliklərə
malik olmalıdır.
Bu müddəalardan irəli gələrək vəkillik
institutu uşaq hüquqlarının müdafiəsi mexanizminin ayrılmaz və praktiki
baxımdan ən mühüm subyektlərindən biri kimi çıxış edir. Vəkillər uşaqların hüquq və mənafelərinin məhkəmə və
məhkəmədənkənar mərhələlərdə peşəkar müdafiəsini təşkil etməklə, onların
ədalətli məhkəmə araşdırması hüququnun real həyata keçirilməsində xüsusi rol
oynayırlar. Xüsusilə qeyd edilməlidir ki, yetkinlik yaşına çatmayanlar yaş və
psixoloji xüsusiyyətlərinə görə öz
hüquqlarını müstəqil şəkildə müdafiə etmək hüququna malik olmadıqlarından, vəkil onların adından
çıxış edərək onların mənafeyinin qorunmasına nəzarət edir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında 30 iyun 2008-ci il tarixli Qərarının 5-ci bəndində deyilir ki, məhkəmələrə izah edilsin ki, yetkinlik yaşına çatmayanların həyat tərzi, tərbiyəsi ilə əlaqədar ətraflı məlumat əldə etmək məqsədilə təhsil-tərbiyə müəssisələrinin və ya iş, yaxud yaşayış yeri üzrə ictimai təşkilatların nümayəndələrinin də məhkəmədə iştirakını təmin etmək üçün tədbirlər görülməlidir. Qanunvericilikdə də qeyd olunduğu kimi uşaq hüquqlarının müdafiəsində dövlət və qeyri dövlət qurumlarının, uşaqlarla hüquqi təmasda olan vəzifəli şəxslərin üzərinə böyük vəzifə qoyulmuşdur. Bu vəzifələrin yetkinlik yaşına çatmayanlarla necə davranılmasını bilmək, onlarla ünsiyyətdə olarkən fiziki, psixi zorakılıqdan çəkinmək, ayrı-seçkiliyə yol verməmək, uşaqların hüquqi prosedurlardan zərər görməsinin qarşısını almaqdır [7].
Qeyd edilən tələblərə əsasən aydın olur ki,
yetkinlik yaşına çatmayanlarla bağlı məhkəmə baxışı yalnız formal hüquqi prosedur
kimi deyil, onun şəxsiyyətinin, sosial mühitinin və psixoloji vəziyyətinin kompleks şəkildə
qiymətləndirilməsi əsasında həyata keçirilməlidir. Bu yanaşma isə yetkinlik
yaşına çatmayanla hüquqi təmasda olan bütün subyektlər kimi, vəkillik
institutunun üzərinə də xüsusi məsuliyyət qoyur. Belə ki, vəkil,
yetkinlik yaşına çatmayanın müdafiəçisi və ya nümayəndəsi kimi çıxış
edərkən təkcə hüquqi arqumentlərlə kifayətlənməməli, uşağın tərbiyə aldığı
mühit, ailə vəziyyəti, təhsil səviyyəsi və sosial davranış xüsusiyyətlərini nəzərə
alaraq müdafiə mövqeyini formalaşdırmalıdır. Məhkəmə prosesində təhsil-tərbiyə müəssisələrinin və ictimai təşkilatların nümayəndələrinin iştirakının
təmin olunması vəkilin yetkinlik yaşına çatmayanın şəxsiyyəti barədə obyektiv
və hərtərəfli məlumatların məhkəməyə təqdim
edilməsində fəal rol oynamasını zəruri
edir.
Yetkinlik yaşına çatmayanların baxımsızlığının
və hüquq pozuntularının profilaktikası haqqında 24 may 2005-ci il tarixli
Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində yetkinlik yaşına
çatmayanlarla bağlı sahədə fəaliyyət göstərən bütün dövlət və qeyri-dövlət
qurumlarının uşaqların hüquq və qanuni mənafelərini qorumaq
öhdəliyi müəyyən edilir
[11]. Bu müddəa
kontekstində vəkillik
institutu uşağın hüquqlarının pozulması riskinin mövcud olduğu hallarda onun
peşəkar hüquqi müdafiəsini həyata keçirən əsas subyekt kimi çıxış edir. Bundan
əlavə, Qanunun 9-cu maddəsində yetkinlik yaşına çatmayanların hüquqlarının təmin edilməsində onların maraqlarının üstün
tutulması və hüquqlarının
pozulmasının qarşısının alınması əsas prinsip kimi təsbit olunur [11]. Bu
prinsipin praktiki icrası isə uşağın istintaq, inzibati və məhkəmə
proseslərində vəkil vasitəsilə təmsil olunmasını zəruri edir. Vəkil uşağın yaş,
psixoloji vəziyyət və sosial şəraitin nəzərə alınmasını təmin etməklə, formal
prosedurların uşağa zərər vurmasının qarşısını alır.
IV. Nəticə
Aparılan təhlillər göstərir ki, yetkinlik
yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi müasir hüquqi dövlət quruculuğunun və insan hüquqlarına
əsaslanan hüquq siyasətinin ayrılmaz tərkib hissəsidir. Yetkinlik yaşına
çatmayan şəxslər yaş, psixoloji inkişaf və sosial adaptasiya xüsusiyyətlərinə
görə cəmiyyətin digər üzvləri ilə müqayisədə daha həssas qrup olduqlarından
onların hüquqlarının qorunması həm milli, həm də beynəlxalq hüquq sistemlərində
xüsusi hüquqi mexanizmlər vasitəsilə
təmin edilir. Bu mexanizmlərin əsas məqsədi yetkinlik yaşına çatmayan şəxslərin
hüquqpozmaya yönəlməsinin qarşısının alınması, hüquq sisteminə etimadının
formalaşdırılması və onların cəmiyyətə sağlam şəkildə reinteqrasiyasının təmin olunmasıdır.
Azərbaycan Respublikasının milli qanunvericiliyi yetkinlik yaşına çatmayan
şəxslərin hüquqlarının müdafiəsi sahəsində kifayət qədər geniş və kompleks
normativ bazaya malikdir. Konstitusion prinsiplərdən başlayaraq sahəvi qanunvericiliyə qədər bütün hüquqi
aktlarda yetkinlik yaşına çatmayan
şəxslərin maraqları üstün tutulur, onların hüquqlarının müdafiəsi dövlətin
xüsusi vəzifəsi kimi müəyyən edilir. Cinayət və cinayət-prosessual
qanunvericilikdə nəzərdə tutulan xüsusi təminatlar, azadlıqdan məhrum etmənin
tətbiqinin son həddə mümkünlüyü, müdafiə hüququnun məcburiliyi və tərbiyəvi
tədbirlərin üstün tutulması humanist hüquq siyasətinin bariz nümunəsi kimi
çıxış edir.
Bununla yanaşı beynəlxalq hüquqi sənədlərin, xüsusilə
BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının, Pekin, Ər-Riyad, Tokio
Qaydalarının müddəaları yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qlobal standartların formalaşmasına mühüm töhfə
vermişdir. Bu sənədlərdə, əsas vurğu cəzayönümlü yanaşmadan imtina edərək,
preventiv, sosial adaptasiyayönümlü mexanizmlərin tətbiqinə yönəldilmişdir. Beynəlxalq standartlar milli
qanunvericiliklərin təkmilləşdirilməsi üçün əsas metodoloji baza rolunu oynayır
və yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsində vahid hüquqi
yanaşmanın formalaşmasını təmin edir.
Bu kontekstdə qeyd edilən beynəlxalq sənədlər dövlətlərin hard law və soft law mexanizmlərindən kompleks şəkildə istifadə etməsini zəruri edir. Beynəlxalq səviyyədə hüquqi baxımdan məcburi qüvvəyə malik sərt hüquq (hard law) normaları dövlətlər üçün konkret öhdəliklər müəyyən etməklə milli qanunvericiliyə uyğunlaşdırılmanı tələb edir. Bununla yanaşı tövsiyə xarakterli, lakin yüksək normativ və metodoloji əhəmiyyət daşıyan yumşaq hüquq (soft law) normaları dövlətlərə yetkinlik yaşına çatmayan şəxslərlə bağlı ədalət mühakiməsində çevik, humanist və uşaqyönümlü yanaşmaların tətbiqi üçün istiqamət verir. Dövlətlərin bu iki mexanizmi paralel şəkildə tətbiq etməsi cəzayönümlü modeldən uzaqlaşaraq preventiv və sosial adaptasiyaya əsaslanan hüquqi mexanizmlərin formalaşmasına, habelə yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsində vahid və beynəlxalq standartlarla uzlaşan hüquqi yanaşmanın təmin edilməsinə şərait yaradır.
1.
Aliyev
A.I. Human Rights. Coursebook. Revised and supplemented second edition. Baku,
Nurlar publishing, 2019, 352 p. (in Azerbaijani / Əliyev Ə.İ. İnsan hüquqları. Dərslik. Yenidən işlənmiş və əlavələr
edilmiş ikinci nəşri. Bakı, Nurlar nəşriyyatı, 2019, 352 s.).
2.
Anar
Bagirov, Amir Aliyev, Turqay Huseynov, Shahriyar Aliyev, Gulnaz Rzayeva, Pasha
Safarov. Advocacy Practice. Visual Teaching Aid – Textbook. Baku, 2025, 435 p.
(in Azerbaijani / Anar Bağırov, Əmir
Əliyev, Turqay Hüseynov, Şəhriyar Əliyev, Gülnaz Rzayeva, Paşa Səfərov.
Vəkillik fəaliyyəti. Əyani vəsait – Dərslik. Bakı, 2025, 435 s.).
3.
Constitution
of the Republic of Azerbaijan (in Azerbaijani / Azərbaycan Respublikasının Konstitusiyası). URL: https://e-qanun.az/framework/897
(last access: 02.11.2025).
4. Convention on
the Rights of the Child of the United Nations.
URL: https://www.coe.int/az/web/compass/convention-on-the-rights-of-the-child (last access: 02.11.2025).
5.
Council
of Europe Convention on the Protection of Children against Sexual Exploitation and Sexual Abuse. URL: https://rm.coe.int/1680084822 (last
access: 02.11.2025).
6.
Criminal
Procedure Code of the republic of Azerbaijan (in Azerbaijani / Azərbaycan Respublikasının Cinayət
Prosessual Məcəlləsi). URL: https://e-qanun.az/framework/46950
(last access: 02.11.2025).
7.
Decision
of the Plenum of the Supreme Court of the Republic of Azerbaijan dated 30 June
2008 On Judicial Practice in Cases Concerning Crimes Committed by Minors. (in
Azerbaijani / Azərbaycan Respublikası Ali
Məhkəməsi Plenumunun Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə
təcrübəsi haqqında 30 iyun 2008-ci il tarixli Qərarı). URL: https://e-qanun.az/framework/60430
(last access: 02.11.2025).
8.
Dolgova A. I. Criminology: A Textbook for Higher Education Institutions / edited by A. I. Dolgova. – Moscow: Norma–Infra-M, 2000. - 784 p.
(in Russian
/ Долгова А.И.
Криминология: учебник для вузов / под ред. А. И. Долговой.
- М.: НОРМА-ИНФРА-М, 2000. - 784 с.).
9.
General
Comment No. 24 of the UN Committee on the Rights of the Child, 44 p. (in
Azerbaijani / Uşaq Hüquqları Komitəsinin
Yuvenal ədliyyə sistemi ilə bağlı 24 nömrəli Ümumi Şərhi, 44 s.). URL: https://azerbaijan.un.org/sites/default/files/2022-09/CRC%20book_%2324.pdf
(last access: 02.11.2025).
10. Guidelines of
the Committee of Ministers of the
Council of Europe on child-friendly justice,
64 p. (in
Azerbaijani / Avropa Şurası Nazirlər
Komitəsinin Uşaqyönümlü ədalət mühakiməsi
üzrə Rəhbər Prinsipləri, 64 s.).
URL: https://search.coe.int/cm#{%22CoEIdentifier%22:[%2209000016804b2cf3%22],%22
sort%22:[%22CoEValidationDate%20Descending%22]}
(last access: 02.11.2025).
11.
Law of
the Republic of Azerbaijan On the Prevention of Neglect and Juvenile
Delinquency (in Azerbaijani / Yetkinlik
yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası
haqqında Azərbaycan Respublikasının Qanunu).
URL: https://e-qanun.az/framework/10670 (last access:
02.11.2025).
12.
Law of
the Republic of Azerbaijan on the Rights of the Child (in Azerbaijani / Uşaq hüquqları haqqında Azərbaycan
Respublikası Qanunu).
URL: https://e-qanun.az/framework/61671 (last access: 04.04.2026).
13. Losing Hold of the
Guiding Hand: Ineffective Assistance of Counsel in Juvenile Delinquency
Representation. Barbara A. Fedders. Lewis & Clark Law Review. Vol. 14:2. p. 772- 818. URL:https://scholarship.law.unc.edu/cgi/viewcontent.cgi?referer=&httpsredir=1&article=10 58&context=faculty_publications
(last access: 02.11.2025).
14.
Melnikova
E.B.Juvenile Justice: Issues of Criminal Law, Criminal Procedure, and
Criminology: A Study Guide. – Moscow: Delo, 2001. – 272 p. (in Russian / Мельникова Э.Б. Ювенальная юстиция: проблемы
уголовного права, уголовного процесса и криминологии: учебное пособие. – М.:
Дело, 2001. 272 с.).
15. The United Nations
Standard Minimum Rules for the Administration of Juvenile Justice. URL: https://www.ohchr.org/sites/default/files/beijingrules.pdf (last access: 02.11.2025).
16. United Nations Guidelines for the Prevention of Juvenile Delinquency (The Riyadh Guidelines). URL: https://www.ohchr.org/en/instruments-mechanisms/instruments/united-nations-guidelines-prevention-juvenile-delinquency-riyadh
(last access: 02.11.2025).
17. United Nations Rules for the Protection of Juveniles Deprived of their Liberty (the Tokyo Rules). URL: https://www.ohchr.org/sites/default/files/res45_113.pdf (last access: 02.11.2025).
LALA NAGHIYEVA1
Juvenile
delinquency is one of the most complicated issues facing modern societies from
social, legal, and psychological perspectives. Adolescence represents a
transitional period from childhood to adolescence, which personality formation
is ongoing and emotional stability has not yet been fully established. For this
reason, professional legal defense - namely, the institution of advocacy -
plays a particularly significant role when juveniles are involved in legal
proceedings. Research indicates that leaving juveniles without adequate legal
protection, failing to explain their rights in accessible language, and disregarding their psychological vulnerabilities may lead to repeated
delinquences and social alienation in
the future. The pathways leading to juvenile criminal behavior are multifaceted
and typically lie at the intersection of family, social, and individual
factors. Broken families, lack of parental supervision, domestic violence, and
economic hardship are among the primary factors that drive young people toward
delinquent behavior. At the same time, adolescents’ desire for self-affirmation
within their social environment and their susceptibility to negative peer
influence often draw them into unlawful activities. At this stage, the
intervention of a lawyer is not merely a procedural necessity but also a
preventive measure that helps avert a negative shift in a juvenile’s behavioral
trajectory. A professional lawyer acts as a protective intermediary between the
juvenile and the justice system. The
complexity of legal terminology can generate fear and distrust in adolescents,
thereby limiting their ability to defend themselves effectively. The lawyer’s
responsibility is to explain each stage of the process in a manner
understandable to the juvenile and to ensure the protection of fundamental
rights, such as the right to remain silent and the right not to testify against
oneself. Specialization of lawyers in juvenile defense and the enhancement of
their psychological training are essential conditions for improving the modern
legal system.
Keywords: juvenile delinquency, advocacy institution, legal defense, children’s rights, restorative justice, preventive mechanisms, non-discrimination, international legal standards, administration of justice.
ПРАВОНАРУШЕНИЙ, СОВЕРШАЕМЫХ НЕСОВЕРШЕННОЛЕТНИМИ
ЛАЛА НАГИЕВА1
Правонарушения,
совершаемые несовершеннолетними, являются одной из наиболее сложных проблем
современных обществ с социальной, правовой и психологической точек зрения.
Подростковый возраст охватывает переходный период от детства к взрослой жизни,
когда происходит формирование личности и эмоциональная стабильность еще не
достигнута в полной мере. Именно поэтому профессиональная правовая защита, то
есть институт адвокатуры, приобретает особую значимость при вовлечении
несовершеннолетних в правовые процессы. Исследования показывают, что отсутствие
надлежащей правовой защиты, непредоставление разъяснений прав в доступной форме
и игнорирование психологической уязвимости подростков могут в дальнейшем
привести к повторным правонарушениям и социальной изоляции. Пути, ведущие к
преступному поведению несовершеннолетних, носят многофакторный характер и, как
правило, формируются на пересечении семейных,
социальных и индивидуальных обстоятельств. Распад семьи, недостаточный
родительский контроль, внутрисемейное насилие и экономические трудности
являются основными факторами, способствующими вовлечению молодежи в
противоправную деятельность. Одновременно стремление подростков к
самоутверждению в социальной среде и их подверженность негативному влиянию
сверстников нередко делают их участниками незаконных действий. На данном этапе
вмешательство адвоката является не только процессуальной необходимостью, но и превентивной
мерой, направленной на предотвращение негативного развития поведенческой
траектории несовершеннолетнего. Профессиональный адвокат выступает в роли
защитного посредника между несовершеннолетним и системой правосудия. Сложность
юридической терминологии может вызывать у подростков чувство страха и
недоверия, что ограничивает их возможности эффективной самозащиты. Задача
адвоката заключается в разъяснении каждого этапа процесса на понятном для несовершеннолетнего уровне, а также в обеспечении
соблюдения его фундаментальных прав, таких как право хранить молчание и право не свидетельствовать против себя. Специализация адвокатов в сфере
защиты прав несовершеннолетних и повышение уровня их психологической подготовки
являются необходимыми условиями для совершенствования современной правовой системы.
Ключевые слова: правонарушения несовершеннолетних, институт
адвокатуры, правовая защита, права ребёнка, восстановительное
правосудие, превентивные механизмы, недопустимость дискриминации, международные правовые стандарты, осуществление правосудия.