Vəkillər Kollegiyasının üzvü, “Sirius” Vəkil Bürosunun vəkili Lalə Məmmədlinin “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının 2026, №1 (27) buraxılışında dərc olunan “Öhdəliyin icrası haqqında iddialarla bağlı qəbul edilmiş məhkəmə qərarlarının xüsusiyyətləri” adlı elmi məqaləsini təqdim edirik:
Bu
məqalə inzibati məhkəmə qərarlarının struktur və məzmun xüsusiyyətlərini,
xüsusilə öhdəliyin icrası haqqında
iddialarla bağlı qərarların yazılış qaydasını və funksiyasını araşdırır.
Məqalənin məqsədi inzibati məhkəmə qərarlarının hüquqi legitimliyini,
ədalətliliyini və obyektivliyini təmin edən əsas elementləri müəyyənləşdirmək
və Azərbaycan Respublikasının qanunvericiliyini digər ölkələrin, o cümlədən
Almaniya, Türkiyə, Fransa və İspaniya inzibati prosessual təcrübələri ilə
müqayisə etməkdir. Məqalə həmçinin qərarların giriş, təsviri, əsaslandırıcı və
nəticə hissələrinin məzmun və formalarının hüquqi təsirini və məhkəmə
presedentinə töhfəsini qiymətləndirir. Metodologiya olaraq tədqiqat hüquqi
normativ təhlil, müqayisəli hüquq metodu və praktik məhkəmə qərarlarının
analizini birləşdirir. Məqalədə Azərbaycan Respublikası İnzibati Prosessual
Məcəlləsi çərçivəsində öhdəliyin icrası iddiaları ilə bağlı qəbul edilmiş
qərarların strukturu və yazılış üslubu incələnir, həmçinin digər ölkələrin
inzibati məhkəmə qərarları ilə müqayisəli şəkildə təhlil olunur. Bu yanaşma
Azərbaycan inzibati məhkəmə təcrübəsinin güclü və zəif tərəflərini, qərarların
hüquqi əsaslandırma keyfiyyətini və praktiki tətbiq imkanlarını ortaya qoyur.
Tədqiqat göstərir ki, inzibati məhkəmə qərarlarının hüquqi legitimliyi və
ədalətliliyi əsasən qərarın tam, aydın və ardıcıl struktura malik olmasından,
tərəflərin arqumentlərinin və faktiki hallarının obyektiv şəkildə
qiymətləndirilməsindən asılıdır. Standartlaşdırılmış və şablon xarakterli
qərarlar məhkəmənin müstəqilliyi və qərarların inandırıcılığı baxımından
risklər yaradır. Məqalədə qeyd olunur ki, qərarın giriş, təsviri, əsaslandırıcı
və nəticə hissələrinin hər biri həm mübahisənin həllinə, həm də inzibati
təcrübənin formalaşmasına xidmət etməli, hüquqi dövlət prinsipinin təmin
olunmasına töhfə verməlidir. Nəticədə, məqalə inzibati məhkəmə qərarlarının
hazırlanmasında hüquqi sabitliyin, şəffaflığın və məhkəmə presedentinin
əhəmiyyətini vurğulayır və Azərbaycan inzibati prosessual hüququnun
təkmilləşdirilməsi üçün məzmun və struktur baxımından tövsiyələr təqdim edir.
Açar sözlər: öhdəliyin icrası haqqında iddia, inzibati məhkəmə icraatı, məhkəmə qərarları, təsviri hissə, əsaslandırma hissəsi, nəticə hissəsi.
I. Giriş
Məhkəmə hakimiyyəti cəmiyyətdə yaranan hüquqi
mübahisələrin ədalətli şəkildə həll olunmasını
təmin edən əsas institutlardan biridir. Xüsusilə inzibati məhkəmələr inzibati
orqanların hərəkət və hərəkətsizliyi nəticəsində hüquqi maraqları və ya hüquqları pozulan şəxslərin müraciətlərini qiymətləndirir və onların
hüquqlarının qorunmasını təmin edir. Öhdəliyin icrası haqqında iddialar isə
inzibati məhkəmə icraatında xüsusi yer tutan, inzibati orqanları müəyyən
hərəkətləri həyata keçirməyə məcbur edən iddialardır. Bu baxımdan, inzibati
məhkəmə qərarlarının struktur və məzmunu, onların hüquqi legitimliyi və
ədalətliliyi, həmçinin qərarın tərəflər və digər şəxslər üçün aydın və icrası
mümkün sənəd kimi təqdim olunması mühüm əhəmiyyət kəsb edir.
Müasir inzibati hüquq sistemində məhkəmə qərarlarının keyfiyyəti, onların yazılış üslubu və strukturu ilə birbaşa bağlıdır. Qərarların giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrinin hər biri hüquqi qiymətləndirmənin əsasını təşkil edir və həm mübahisənin həllinə, həm də məhkəmə təcrübəsinin formalaşmasına töhfə verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi çərçivəsində öhdəliyin icrası iddiaları ilə bağlı qərarların yazılı şəkildə hazırlanması zəruridir və bu qərarlar yalnız hüquqi tələblərə cavab verməklə kifayətlənməyib, eyni zamanda məhkəmənin ədalətli və obyektiv fəaliyyətini əks etdirməlidir.
Bu məqalənin məqsədi inzibati məhkəmə qərarlarının struktur və məzmun xüsusiyyətlərini araşdırmaq, Azərbaycan qanunvericiliyini digər ölkələrin, o cümlədən Almaniya, Türkiyə, Fransa və İspaniya inzibati prosessual təcrübələri ilə müqayisə etməkdir. Məqalədə həmçinin öhdəliyin icrası haqqında iddialarla bağlı qərarların hüquqi legitimliyini təmin edən əsas elementlər müəyyənləşdirilir və məhkəmə presedentinə töhfəsi qiymətləndirilir. Metodoloji baxımdan, tədqiqat hüquqi normativ təhlil, müqayisəli hüquq və praktik məhkəmə qərarlarının analizini əhatə edir.
II. Öhdəliyin icrası
haqqında iddialarla bağlı məhkəmə qərarlarının məzmunu
Məhkəmə hakimiyyəti qəbul etdiyi qərarlar
vasitəsilə müxtəlif subyektlər arasında yaranan hüquqi mübahisələrin ədalətli
və hüquqa uyğun şəkildə həllini təmin edir. Bu funksiyanın həyata keçirilməsi
hüquqi dövlət prinsipinin əsas elementlərindən biri olmaqla yanaşı, hüquqların
effektiv müdafiəsinin təmin edilməsində mühüm rol oynayır. Xüsusilə öhdəliyin
icrası ilə bağlı iddialar üzrə məhkəmə hakimiyyətinin rolu daha da əhəmiyyətli
xarakter daşıyır. Çünki bu kateqoriyadan olan işlərdə məhkəmə yalnız hüquqi mübahisəni
həll etmir, eyni zamanda inzibati orqanın üzərinə konkret hüquqi öhdəlik qoyur
və onun müəyyən hərəkəti həyata keçirməsini təmin edir. Məhkəmələr cəmiyyətdə
ortaya çıxan hüquqi mübahisələri həll etməklə hüquqi qeyri-müəyyənliyin
qarşısını alır, hüquq münasibətlərində sabitlik yaradır və hüquq subyektlərinin
hüquqi vəziyyətini müəyyən edir. Bu baxımdan öhdəliyin icrası haqqında iddialar
üzrə qəbul edilən məhkəmə qərarları hüquqların real bərpasına yönəlmiş mühüm
hüquqi vasitə kimi çıxış edir.
İnzibati məhkəmələr inzibati orqanların
fəaliyyəti və ya fəaliyyətsizliyi nəticəsində hüquqları və ya hüquqi maraqları
pozulan şəxslərin müdafiəsini təmin edən əsas məhkəmə instansiyasıdır. Bu
məhkəmələr inzibati orqanların qəbul etdiyi qərarların, həyata keçirdiyi
hərəkətlərin və ya göstərdiyi hərəkətsizliyin hüquqa uyğunluğunu yoxlayır.
Xüsusilə öhdəliyin icrası ilə bağlı iddialarda inzibati məhkəmələr inzibati
orqanın qanunla nəzərdə tutulmuş vəzifəsini yerinə yetirmədiyini müəyyən
etdikdə, həmin orqan üzərinə konkret hərəkətin həyata keçirilməsi barədə hüquqi
öhdəlik qoyur. Bu baxımdan inzibati məhkəmə icraatında əsas diqqət yalnız
inzibati aktın qanuniliyinin müəyyən edilməsinə deyil, eyni zamanda inzibati
orqanın hüquqi öhdəliyinin mövcud olub-olmamasının müəyyən edilməsinə yönəlir.
İnzibati məhkəmələr tərəfindən qəbul edilən qərarlar nəticəsində inzibati orqanların
fəaliyyəti hüquqa uyğunlaşdırılır, onların diskresion səlahiyyətlərinin hüquqi sərhədləri müəyyən
edilir və hüquqların
effektiv müdafiəsi təmin olunur. Beləliklə, öhdəliyin icrası haqqında iddialar üzrə qəbul edilən məhkəmə
qərarları yalnız konkret
mübahisənin həllinə deyil, eyni zamanda
inzibati təcrübənin və hüquq tətbiqinin formalaşdırılmasına təsir göstərən mühüm hüquqi mexanizm kimi çıxış edir.
İnzibati məhkəmə icraatında, xüsusilə öhdəliyin icrası
haqqında iddialar üzrə qəbul edilən məhkəmə qərarlarının strukturu, məzmunu,
əsaslandırılması və icrası hüquqi dövlət prinsipinin təmin olunmasında mühüm
vasitələrdən biridir. Bu kateqoriyadan olan qərarlar inzibati orqan üzərinə konkret hüquqi öhdəlik qoyduğuna görə
onların hüquqi əsaslandırılması və strukturunun düzgün formalaşdırılması xüsusi
əhəmiyyət kəsb edir. İnzibati məhkəmə qaydasında qəbul edilən qərarın hüquqi
qüvvəsi iş üzrə müəyyən edilmiş faktlara, tərəflərin təqdim etdiyi sübutlara və
məhkəmənin həmin sübutlara verdiyi hüquqi qiymətə əsaslanmalıdır. Bu, həm qərarın legitimliyinin təmin
edilməsi, həm də onun obyektivlik və ədalətlilik prinsiplərinə uyğun olmasının
təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Öhdəliyin icrası ilə bağlı
iddialara dair qəbul edilən qərarlar aşağıdakı struktura malik olmalıdır:
1. Giriş
2. Təsviri
3. Əsaslandırıcı
4. Nəticə
Bu struktura malik olan məhkəmə qərarları həm proses iştirakçıları, həm də inzibati orqan üçün hüquqi cəhətdən aydın, konkret və icrası mümkün olan hüquqi sənəd rolunu yerinə yetirməlidir. Qərarın strukturunun düzgün qurulması inzibati orqanın üzərinə qoyulan öhdəliyin məzmununun dəqiq müəyyən edilməsinə və həmin öhdəliyin icrasının təmin edilməsinə xidmət edir. Digər ölkələrin inzibati prosessual təcrübəsi də göstərir ki, öhdəliyin icrası haqqında iddialar üzrə qəbul edilən məhkəmə qərarlarının strukturu və məzmunu qanunvericiliklə dəqiq şəkildə müəyyən edilir. Məsələn, Almaniyanın “İnzibati məhkəmə icraatı haqqında” Qanunun 113-cü maddəsinə əsasən, inzibati aktın ləğvi və ya inzibati orqan üzərinə müəyyən hərəkətin həyata keçirilməsi öhdəliyinin qoyulması yalnız hüquqi maraqların pozulmasının müəyyən edilməsi və hüquqi əsaslandırmanın mövcudluğu ilə mümkündür [4]. Bu norma inzibati məhkəmələrin inzibati orqanların üzərinə konkret hüquqi öhdəlik qoymaq səlahiyyətini və bunun hüquqi əsaslarını müəyyən edir.
Türkiyənin “İnzibati məhkəmə icraatı haqqında”
Qanunun 2-ci maddəsinə əsasən, inzibati orqanların aktları, hərəkətləri və
hərəkətsizliyi inzibati məhkəmə nəzarətinə tabedir. Əgər inzibati orqan qanunla
müəyyən edilmiş öhdəliyi yerinə yetirməkdən imtina edirsə və ya hərəkətsizlik
göstərirsə, inzibati məhkəmə öhdəliyin icrası haqqında iddia üzrə qərar qəbul
edərək inzibati orqan üzərinə konkret hərəkətin həyata keçirilməsi öhdəliyini
qoya bilər [1]. Türkiyə Danıştayının uzun illər ərzində formalaşan məhkəmə təcrübəsi
göstərir ki, inzibati məhkəmələr yalnız inzibati aktların qanuniliyini
yoxlamaqla kifayətlənmir, eyni zamanda inzibati orqanları qanunla nəzərdə
tutulmuş vəzifələrini yerinə yetirməyə məcbur etmək səlahiyyətinə malikdir. Bu
yanaşma inzibati məhkəmə müdafiəsinin effektivliyini təmin edən mühüm hüquqi
mexanizmlərdən biri kimi çıxış edir.
Fransa inzibati hüququnda Dövlət Şurası
inzibati məhkəmə qərarlarının hüquqi təsirini geniş şəkildə izah edir və
inzibati məhkəmələrin yalnız inzibati aktları ləğv etmək deyil, eyni zamanda
inzibati orqan üzərinə konkret öhdəlik qoymaq səlahiyyətinə malik olduğunu
qəbul edir. Fransız inzibati prosessual hüququnda mövcud olan “plein
contentieux” institutu inzibati
məhkəmələrə inzibati
orqanların hüquqi öhdəliklərini müəyyən etmək və onların konkret hərəkət
etməsini tələb etmək imkanı verir. Bu
institut öhdəliyin icrası haqqında iddiaların inzibati məhkəmə müdafiəsinin
mühüm formalarından biri olduğunu göstərir.
İspaniyanın İnzibati Prosessual Məcəlləsi də inzibati
məhkəmələrə inzibati orqanların hərəkətsizliyinə qarşı təsirli hüquqi müdafiə
vasitələri təqdim edir. Bu qanunvericiliyə əsasən, inzibati orqan qanunla
müəyyən edilmiş müddətdə hərəkət etmədikdə və ya öz hüquqi öhdəliyini yerinə
yetirmədikdə, inzibati məhkəmə həmin orqan üzərinə konkret hüquqi öhdəlik
qoymaq səlahiyyətinə malikdir. Bu yanaşma öhdəliyin icrası haqqında iddiaların
hüquqların effektiv müdafiəsinin mühüm vasitəsi olduğunu bir daha təsdiq edir.
Öhdəliyin icrası ilə bağlı qəbul edilən məhkəmə qərarının giriş hissəsi qərarın hüquqi identifikasiyasını təmin edən mühüm elementdir. Bu hissədə qərarın qəbul edildiyi tarix və yer, qərarı qəbul edən məhkəmənin adı, işə baxan hakim və ya hakimlərin adı, proses iştirakçıları və mübahisənin predmeti haqqında məlumatlar göstərilməlidir. Giriş hissəsi qərarın hansı iş üzrə, hansı məhkəmə tərəfindən və hansı tarixdə qəbul edildiyini müəyyən etməyə imkan verir və qərarın hüquqi qüvvəsinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məsələn, giriş hissəsi aşağıdakı kimi təqdim oluna bilər:
GİRİŞ HİSSƏSİ
Bakı İnzibati Məhkəməsi Hakim “A”-nın sədrliyi “B”-nin
katibliyi
İddiaçı “C”-nin
Cavabdehin
nümayəndəsi “D”-nin iştirakı ilə,
İddiaçı “C”-nin cavabdeh Təhsildə Keyfiyyət Təminatı
Agentliyinə qarşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik
şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiası üzrə 17 iyul 2025-ci il
tarixdə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı
qəbul etdi.
Öhdəliyin icrası haqqında iddialar üzrə məhkəmə qərarının təsviri hissəsində işin faktiki halları, tərəflərin mövqeləri və mübahisənin predmeti sistemli və aydın şəkildə göstərilməlidir. Bu hissədə inzibati orqanın hansı hərəkəti etmədiyi, iddiaçının hansı hüququnun pozulduğu və inzibati orqana hansı müraciətin edildiyi və həmin müraciətə hansı cavabın verildiyi qeyd edilməlidir. Bu hissə məhkəmənin sonrakı hüquqi qiymətləndirməsi üçün faktiki əsas yaradır və mübahisənin mahiyyətini müəyyən edir [13]. Məsələn:
İşin halları:
İddiaçı “C” Qazaxıstan Respublikasında
yerləşən Nazarbayev Universitetinin “dövlət siyasəti” ixtisası üzrə magistr
təhsili almış və 0005292 nömrəli diplom əldə etmişdir. İddiaçı diplomun
ekvivalentliyinin və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi üçün
Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş, cavabdeh isə
25.05.2025-ci il tarixli qərarla müraciəti təmin etməmişdir.
Öhdəliyin icrası haqqında iddialar üzrə
məhkəmə qərarının əsaslandırıcı hissəsi qərarın ən mühüm hissəsi hesab olunur.
Bu hissədə məhkəmə iş üzrə müəyyən edilmiş faktlara hüquqi qiymət verir, tətbiq
olunan normativ hüquqi aktlara istinad edir və inzibati orqanın üzərinə öhdəlik
qoyulmasının hüquqi əsaslarını izah edir [11, s. 28]. Əsaslandırıcı hissə
qərarın ratio decidendisini təşkil edir və məhkəmənin hansı
səbəblərə görə konkret
nəticəyə gəldiyini göstərir
[3, s. 617]. Bu hissə inzibati orqanın üzərinə qoyulan
öhdəliyin hüquqi əsaslarını müəyyən etdiyinə görə qərarın icra qabiliyyətinin
təmin edilməsində mühüm rol oynayır. Fransız inzibati məhkəmə təcrübəsində də
qərarların əsaslandırılması mühüm əhəmiyyət kəsb edir, baxmayaraq ki,
qərarların strukturu daha qısa və yığcam formada təqdim olunur və hüquqi
əsaslandırma ayrı-ayrı paraqraflarda göstərilir [7, s. 532].
Öhdəliyin icrası haqqında iddialar üzrə
məhkəmə qərarının nəticə hissəsi isə inzibati orqan üzərinə qoyulan hüquqi
öhdəliyin konkret və icrası mümkün formada ifadə edildiyi hissədir. Bu hissədə
məhkəmə iddianın təmin edilib-edilmədiyini, inzibati orqan üzərinə hansı
öhdəliyin qoyulduğunu və qərardan şikayət verilməsi qaydasını göstərir.
Məsələn:
Azərbaycan Respublikası İPM-in 52, 68, 75.4,
85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia tələbi rədd edilsin.
Qərardan təqdim olunduğu gündən 30 gün
müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya
şikayəti verilə bilər.
Hakim “A”
Nəticə hissəsi öhdəliyin icrası haqqında iddialar üzrə məhkəmə qərarının icra xarakterli əsas hissəsi olmaqla inzibati orqan üçün məcburi hüquqi nəticə yaradır. Bu hissədə məhkəmə tərəfindən müəyyən edilmiş hüquqi nəticə konkret və birmənalı şəkildə ifadə edilməli, inzibati orqanın hansı hərəkəti etməli olduğu dəqiq göstərilməlidir. Bu isə qərarın icrasını təmin edən əsas hüquqi mexanizm kimi çıxış edir və tərəflərin hüquqlarının effektiv müdafiəsinə xidmət edir [9, s. 31].
III. Öhdəliyin icrası
haqqında iddialarla bağlı məhkəmə qərarlarının xüsusiyyətləri
İnzibati məhkəmə sisteminin səmərəli və
effektiv fəaliyyət göstərməsi xüsusilə öhdəliyin icrası haqqında iddialar üzrə
qəbul edilən məhkəmə qərarlarının keyfiyyətindən birbaşa asılıdır. Bu
kateqoriyadan olan iddialarda məhkəmə yalnız hüquqi vəziyyəti müəyyən etməklə
kifayətlənmir, eyni zamanda inzibati orqanın konkret hərəkət etməsi və ya
müəyyən hüquqi öhdəliyi yerinə yetirməsi barədə qərar qəbul edir. Bu səbəbdən
belə qərarların keyfiyyəti hüquqların real və effektiv müdafiəsinin təmin
edilməsində həlledici rol oynayır. Məhkəmə qərarlarının keyfiyyəti isə onların
məzmun və forma baxımından düzgün və əsaslandırılmış şəkildə hazırlanması ilə
müəyyən olunur. Qərarın məzmunu məhkəmənin hüquqi nəticəyə necə gəldiyini,
hansı faktlara və hüquqi normalara əsaslandığını əks etdirirsə, qərarın forması
həmin hüquqi nəticənin aydın, sistemli və hüquqi tələblərə uyğun şəkildə təqdim
olunmasını təmin edir. Bu baxımdan öhdəliyin icrası haqqında iddialar üzrə
qəbul edilən qərarların həm məzmun, həm də forma baxımından yüksək səviyyədə
hazırlanması inzibati məhkəmə müdafiəsinin effektivliyinin əsas göstəricilərindən biri kimi çıxış edir [9, s. 248].
Öhdəliyin icrası haqqında iddialar üzrə qəbul edilən məhkəmə qərarlarının yazılış üslubu və strukturu xüsusi əhəmiyyət kəsb edir. Çünki bu kateqoriyadan olan işlərdə məhkəmə yalnız hüquqi münasibətin mövcudluğunu müəyyən etmir, həm də inzibati orqan üzərinə konkret hüquqi öhdəliyin qoyulması barədə qərar qəbul edir. Bu isə qərarın icra olunmasının birbaşa olaraq onun necə əsaslandırılmasından və necə ifadə olunmasından asılı olduğunu göstərir. Qərarın yazılış üslubu məhkəmənin gəldiyi nəticənin aydın və birmənalı şəkildə başa düşülməsinə imkan verməli, inzibati orqanın üzərinə qoyulan öhdəliyin məzmunu, həcmi və icra qaydası dəqiq şəkildə müəyyən edilməlidir. Bu baxımdan qərarın yazılma forması hakimin hüquqi mövqeyinin və hüququ tətbiqetmə bacarığının göstəricisi olmaqla yanaşı, eyni zamanda qərarın icra qabiliyyətini müəyyən edən mühüm amil kimi çıxış edir. Bu səbəbdən qərarın yazılı forması sanki hakimin “möhürü” rolunu oynayır və onun hüquqi əsaslandırmasının keyfiyyətini əks etdirir [9, s. 248].
Azərbaycan Respublikası İnzibati Prosessual
Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, inzibati mübahisələrə baxılması və
onların həlli ilə bağlı qərarı məhkəmə verir və bu səlahiyyət öhdəliyin icrası haqqında iddialara da tam şəkildə
şamil olunur. Azərbaycan qanunvericiliyinə əsasən, inzibati məhkəmələr
tərəfindən qəbul edilən qərarlar yalnız yazılı formada tərtib edilir və şifahi
qərarların qəbul edilməsinə yol verilmir. Bu yanaşma xüsusilə öhdəliyin icrası
haqqında iddialar baxımından mühüm əhəmiyyət kəsb edir, çünki məhkəmənin
inzibati orqan üzərinə qoyduğu öhdəliyin konkret məzmunu yalnız yazılı qərarda
dəqiq və hüquqi cəhətdən məcburi formada ifadə oluna bilər. Yazılı qərar
inzibati orqan üçün hüquqi öhdəliyin mənbəyi olmaqla yanaşı, həmin öhdəliyin
icrasının təmin edilməsi üçün əsas hüquqi sənəd rolunu oynayır. Beləliklə,
öhdəliyin icrası haqqında iddialar üzrə qəbul edilən məhkəmə qərarlarının yazılı şəkildə tərtib edilməsi hüquqi müəyyənlik və icra edilə bilmə
prinsipinin təmin edilməsinin əsas şərtidir [14].
Öhdəliyin icrası haqqında iddialar üzrə qəbul
edilən məhkəmə qərarlarının əsas məqsədi inzibati orqanın konkret hüquqi
öhdəliyi yerinə yetirməsinin zəruriliyini hüquqi cəhətdən əsaslandırmaq və
həmin öhdəliyin icrasını təmin etməkdir. Bu baxımdan məhkəmə qərarının
əsaslandırılması xüsusi əhəmiyyət kəsb edir, çünki inzibati orqan yalnız hüquqi
cəhətdən əsaslandırılmış və inandırıcı qərar əsasında hərəkət etməyə borcludur.
Məhkəmə qərarında inzibati orqanın hərəkətsizliyinin və ya hərəkətinin
qanunsuzluğu əsaslandırılmalı, iddiaçının hüquqlarının pozulduğu göstərilməli
və həmin hüquqların bərpası üçün inzibati orqanın hansı konkret hərəkətləri
etməli olduğu aydın şəkildə müəyyən edilməlidir. Bu mənada məhkəmə qərarı yalnız
hüquqi nəticəni ifadə edən sənəd deyil, həm də inzibati orqanın gələcək
davranışını müəyyən edən hüquqi mexanizm kimi çıxış edir. Başqa sözlə, məhkəmə
bu zaman yalnız hüquqi mübahisəni həll etmir, həm də hüquqi arqumentasiya
vasitəsilə inzibati orqanın müəyyən hərəkəti həyata keçirməsinin zəruriliyini
əsaslandırır və bu nəticənin hüquqi və məntiqi əsaslarını ortaya qoyur [10, s.
14; 12, s. 117].
Məhkəmənin öhdəliyin icrası haqqında iddialar üzrə
qərar qəbul etmək öhdəliyi inzibati məhkəmə müdafiəsinin əsas formalarından
biridir. İnzibati hüququn xüsusiyyətlərindən biri ondan ibarətdir ki, bu sahədə
məhkəmə qərarları hüququn tətbiqində və inkişafında mühüm rol oynayır. Xüsusilə
öhdəliyin icrası haqqında iddialar üzrə qəbul edilən qərarlar inzibati orqanların
hüquqi fəaliyyətinin sərhədlərini müəyyən edir və onların üzərinə düşən hüquqi
vəzifələrin konkret məzmununu formalaşdırır. Bu baxımdan məhkəmə təcrübəsi
inzibati hüququn tətbiqində istiqamətverici rol oynayır və inzibati orqanların
gələcək fəaliyyətinə təsir göstərir. Beləliklə, inzibati hüquq sahəsində
normativ qaydaların müxtəlifliyinə baxmayaraq, öhdəliyin icrası haqqında
iddialar üzrə formalaşan məhkəmə təcrübəsi bu sahədə hüququn tətbiqinin əsas
istiqamətlərini müəyyən edən mühüm hüquqi mənbə kimi çıxış edir [6, s. 34].
Öhdəliyin icrası haqqında iddialar üzrə birinci instansiya məhkəmələrinin qəbul etdiyi qərarların digər mühüm məqsədi isə həmin qərarların yuxarı instansiya məhkəmələri tərəfindən effektiv şəkildə yoxlanılmasına imkan yaratmaqdır. Apellyasiya və kassasiya instansiyası məhkəmələri inzibati orqan üzərinə qoyulan öhdəliyin qanuni və əsaslı olub-olmadığını məhz birinci instansiya məhkəməsinin qərarında göstərilən əsaslandırma əsasında qiymətləndirirlər. Bu səbəbdən qərarda işin faktiki halları, tətbiq olunan hüquqi normalar və məhkəmənin gəldiyi nəticənin əsasları aydın və sistemli şəkildə göstərilməlidir. Bununla yanaşı, bəzi hallarda qərar mətninə hüquqi zərurətdən kənar bədii və ya “bəzəkli” ifadələrin daxil edilməsi müşahidə olunur. Lakin öhdəliyin icrası haqqında iddialar üzrə qərarların əsas məqsədi inzibati orqan üzərinə konkret və icra edilə bilən hüquqi öhdəlik qoymaq olduğundan, bu cür ifadələrdən istifadə qərarın hüquqi aydınlığına və icra qabiliyyətinə mənfi təsir göstərə bilər. Buna görə də bu kateqoriyadan olan qərarlar hakimlərin fərdi üslubunu nümayiş etdirmək vasitəsi deyil, hüquqi öhdəliyin dəqiq və aydın şəkildə müəyyən edilməsi üçün hüquqi sənəd kimi hazırlanmalıdır [3, s. 618; 9, s. 270; 9, s. 299].
Öhdəliyin icrası haqqında iddialar üzrə
məhkəmə qərarlarının yazılış formasının əhəmiyyəti onun hüquqi nəticələrinin birbaşa icra
xarakteri daşıması ilə bağlıdır. Bu kateqoriyadan olan qərarlarda
məhkəmə inzibati orqanın konkret hərəkəti etməsini, məsələn, inzibati akt qəbul
etməsini, müəyyən hüququ tanımasını və ya konkret inzibati proseduru həyata
keçirməsini tələb edir. Bu səbəbdən qərarın yazılışında ənənəvi və hüquqi
cəhətdən formalaşmış üslubun qorunması xüsusi əhəmiyyət kəsb edir. Qərarın
aydın, dəqiq və hüquqi cəhətdən birmənalı olması onun icrasını asanlaşdırır və
hüquqi mübahisələrin gələcəkdə yaranmasının qarşısını alır. Bu baxımdan məhkəmə
qərarlarının yazılışında eksperimental və qeyri-ənənəvi üslublardan istifadə
edilməsi məqsədəuyğun hesab edilmir və hüquqi müəyyənliyin təmin edilməsi
məqsədilə formalaşmış ənənəvi üsluba üstünlük verilməlidir [9, s. 250].
Öhdəliyin icrası haqqında iddialar üzrə məhkəmə qərarlarının tərkibi və hissələri də qanunvericiliklə müəyyən edilmiş hüquqi tələblərə uyğun şəkildə formalaşdırılır. Bu, məhkəmənin inzibati orqan üzərinə qoyduğu öhdəliyin hüquqi əsaslarının və məzmununun dəqiq və aydın şəkildə müəyyən edilməsinə xidmət edir. Qərarın giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrinin hər biri inzibati orqanın üzərinə qoyulan öhdəliyin hüquqi əsaslandırılmasını təmin etmək üçün mühüm əhəmiyyət kəsb edir. Bu yanaşma göstərir ki, öhdəliyin icrası haqqında iddialar üzrə məhkəmə qərarlarının hazırlanması tam şəkildə hakimin mülahizəsinə buraxılmamış, əksinə qanunvericiliklə müəyyən edilmiş konkret hüquqi tələblər çərçivəsində həyata keçirilir. Beləliklə, bu kateqoriyadan olan məhkəmə qərarlarının məzmunu və forması hüquqi normativ aktlarla tənzimlənir və bu, inzibati orqanların üzərinə qoyulan öhdəliklərin hüquqi müəyyənlik və icra edilə bilmə prinsiplərinə uyğun şəkildə formalaşdırılmasını təmin edir.
IV. Nəticə
Əvvəlcə qeyd edilməlidir ki, öhdəliyin icrası
haqqında iddialar üzrə qəbul edilən məhkəmə qərarlarının tərtibi üçün hüquq
sistemlərində vahid və dəyişməz bir forma mövcud deyildir. Müqayisəli hüquq təcrübəsi göstərir ki,
müxtəlif hüquq sistemlərində inzibati məhkəmələr zamanla özünəməxsus qərar
yazma üslubunu formalaşdırmış və bu üslub həmin sistem daxilində ardıcıl tətbiq
edilməyə başlanmışdır. Bu xüsusilə öhdəliyin icrası ilə bağlı qərarlar üçün
mühüm əhəmiyyət daşıyır, çünki belə qərarlar inzibati orqan üzərinə konkret
hüquqi öhdəlik qoyur və həmin öhdəliyin məzmununun dəqiq müəyyən edilməsi tələb olunur. Hakimlərin müstəqilliyi
prinsipi onların qərarların forması, dili və əsaslandırılması baxımından
müəyyən sərbəstliyə malik olmasını nəzərdə tutur. Lakin öhdəliyin icrası
haqqında iddialar üzrə qəbul edilən qərarlarda struktur elementlərinin müəyyən
standartlara uyğun olması hüquqi müəyyənliyin təmin edilməsi, qərarın icra
qabiliyyətinin artırılması və inzibati orqan tərəfindən düzgün icra olunmasının
təmin edilməsi baxımından zəruri hesab olunur. Bu, həm də inzibati məhkəmə
qərarlarının hüquqi sabitliyin təmin edilməsində və məhkəmə təcrübəsinin
formalaşdırılmasında mühüm rol oynadığını göstərir.
Öhdəliyin icrası haqqında iddialar üzrə qəbul
edilən məhkəmə qərarlarında bütün paraqrafların nömrələnməsi xüsusi əhəmiyyət
kəsb edir. Bu, qərarın mətnində əks etdirilən faktiki halların, hüquqi
əsaslandırmanın və nəticə hissəsində müəyyən edilmiş öhdəliyin daha asan
müəyyən edilməsinə və istinad olunmasına imkan
yaradır. Xüsusilə inzibati orqan üzərinə konkret hərəkətin həyata keçirilməsi öhdəliyi qoyulduğu
hallarda, qərarın ayrı-ayrı
hissələrinin nömrələnməsi həmin öhdəliyin məzmununun və hüquqi əsaslarının daha aydın şəkildə
müəyyən edilməsinə xidmət
edir. Bundan əlavə,
apellyasiya və kassasiya
instansiyaları tərəfindən qərarın yoxlanılması zamanı paraqraf nömrələnməsi
hüquqi arqumentlərin və məhkəmənin mövqeyinin daha dəqiq təhlil edilməsinə
şərait yaradır. Qərarlarda istifadə olunan cümlələrin yığcam, aydın və hüquqi baxımdan
dəqiq olması isə öhdəliyin icrası
haqqında qərarın icra qabiliyyətinin təmin edilməsində mühüm rol oynayır.
Çünki inzibati orqan üzərinə qoyulan öhdəlik yalnız hüquqi baxımdan
aydın və konkret
şəkildə ifadə edildiyi
halda effektiv icra edilə bilər.
Öhdəliyin icrası haqqında iddialar üzrə məhkəmə təcrübəsində mühüm problemlərdən biri də şablon xarakterli qərarların (boilerplate decisions) geniş yayılmasıdır. Belə qərarlar adətən hazır nümunələr əsasında mexaniki şəkildə tərtib edilir və konkret işin faktiki halları, tərəflərin arqumentləri və tətbiq edilən hüquqi normalar lazımi səviyyədə fərdiləşdirilmir. Halbuki öhdəliyin icrası haqqında iddialar üzrə qəbul edilən qərarlar inzibati orqan üzərinə konkret hüquqi öhdəlik qoyduğuna görə onların əsaslandırılması hər bir işin fərdi xüsusiyyətlərinə uyğun şəkildə formalaşdırılmalıdır. İşlərin çoxluğu və məhkəmələrin qərarları qısa müddətdə yazmaq məcburiyyəti belə halların tətbiqi üçün əsaslı hüquqi səbəb hesab edilə bilməz. Hər bir qərar konkret iş üzrə inzibati orqanın hansı hüquqi öhdəliyi yerinə yetirmədiyini, bu öhdəliyin hansı normativ hüquqi aktdan irəli gəldiyini və məhkəmənin hansı hüquqi əsaslarla həmin öhdəliyin icrasını tələb etdiyini aydın şəkildə göstərməlidir. Hətta tipik xarakterli mübahisələrdə belə, qərarın faktiki və hüquqi əsaslandırılması konkret işin xüsusiyyətlərinə uyğun şəkildə təqdim edilməlidir.
Məhkəmənin öhdəliyin icrası haqqında iddialar üzrə qərar qəbul edərkən tərəflərin arqumentlərini, işin faktiki hallarını və tətbiq ediləcək hüquqi normaları sadələşdirərək mexaniki təkrar xarakterli model əsasında qərar qəbul etməsi yolverilməzdir. Bu cür yanaşma inzibati məhkəmə icraatının əsas məqsədi olan hüquqların effektiv müdafiəsi prinsipinə ziddir. Kütləvi istehsal xarakterli və fərdiləşdirilməmiş qərarlar inzibati orqan üzərinə qoyulan öhdəliyin hüquqi əsaslarının kifayət qədər aydın olmamasına səbəb ola bilər və bu isə qərarın icrasında çətinliklər yarada bilər. Bundan əlavə, belə qərarlar nə hüquqi əsaslandırmanın keyfiyyətini təmin edir, nə də məhkəmənin qəbul etdiyi qərarın inandırıcılığını artırır. Əksinə, bu cür qərarlar proses iştirakçılarında məhkəmənin işə fərdi yanaşmadığı və işin hallarını kifayət qədər araşdırmadığı barədə əsaslı şübhələr yarada bilər. Nəticə etibarilə, öhdəliyin icrası haqqında iddialar üzrə qəbul edilən məhkəmə qərarları hər bir konkret işin faktiki və hüquqi xüsusiyyətləri nəzərə alınmaqla, fərdiləşdirilmiş, əsaslandırılmış və hüquqi baxımdan aydın şəkildə tərtib edilməlidir. Bu, həm məhkəmə qərarlarının legitimliyinin təmin edilməsi, həm də inzibati orqanlar tərəfindən həmin qərarların düzgün və vaxtında icra edilməsinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
1. Administrative Procedure Law (İYUK),
Law No. 2577, Adopted 6 January 1982, Official
Gazette: 20 January 1982, №17580, Last Amendment: Law
No. 7511, 28 March 2024 (in Turkish / İdari
Yargılama Usulü Kanunu (İYUK), Kanun No. 2577, Kabul Tarihi: 6 Ocak 1982, Resmî Gazete: 20 Ocak 1982, Sayı: 17580,
Son Değişiklik: 28 Mart 2024 tarihli ve
7511
sayılı Kanun). URL:https://www.mevzuat.gov.tr/mevzuat?MevzuatNo=2577&MevzuatTur=1&MevzuatTe rtip=5
(last access: 16.11.2025).
2.
Aliyev
S.F. Commentary on the Code of Administrative Procedure. Baku: Elm və Təhsil,
2024, 777 p. (in Azerbaijani / Əliyev
S.F. İnzibati Prosessual Məcəllənin Kommentariyası. Bakı: Elm və Təhsil, 2024, 777
s.).
3.
Candan T.
Commentary on Administrative Adjudication Procedure Law. Ankara: Maliye ve
Hukuk Yayınları, 2005, 1109 p. (in Turkish / T. Candan, Açıklamalı İdari Yargılama Üsulu Kanunu, Ankara: Maliye ve
Hukuk Yayınları, 2005, 1109 s.).
4.
Code of
Administrative Court Procedure (VwGO). Federal Law of 21 January 1960. (in
German / Verwaltungsgerichtsordnung
(VwGO). Bundesgesetz vom 21. Januar 1960).
URL: https://www.gesetze-im-internet.de/vwgo/
(last access: 16.11.2025)
5. Code of Administrative Justice (CJA). Adopted in 2000 (amended 12 July 2025) (in French
/ Code de justice administrative (CJA),
adopté en 2000, modifié le 12 juillet
2025).
URL: https://www.legifrance.gouv.fr/loda/id/LEGISCTA000006150389 (last access: 16.11.2025).
6.
Kemal G.,
Kaplan, G. Administrative Law Lessons. Bursa: Ekin Basım, 2011, 896 p. (in
Turkish / G. Kemal, G. Kaplan, İdare
hukuku dersleri. Bursa: Ekin Basım, 2011, 896 s.).
7. Kızılyel S. A Critical Review on the Form of Decisions of Administrative Judiciary. 2024,
№3, p. 509-550 (in Turkish / S. Kızılyel, İdari yargı kararlarının şekli üzerine eleştirel bir
inceleme, 2024, №3, s. 509-550).
8. Law on the Council of State (Wet op de Raad van State), Law of 23 December 1946, published in the Belgian Official Gazette on 9 March 1947, as amended later (in French / Loi sur le Conseil d’État (Wet op de Raad van State), loi du 23 décembre 1946, publiée au Moniteur belge le 9 mars 1947, telle que modifiée ultérieurement).
URL: https://www.wipo.int/wipolex/en/legislation/details/11651(last access:
16.11.2025)
9. Lebovits G., Curtin,
A.V., Solomon, L. Ethical Judicial
Opinion Writing. Georgetown Journal of Legal Ethics, Washington, 2008, №21, p. 237-309.
10. Lebovits G., Hidalgo,
L.R. Advice to Law Clerks:
How to Draft Your First Judicial
Opinion. Westchester Bar Journal, Vol. 36, 2009, p. 29–37.
11.
MacCormick N. Legal Reasoning and Legal Theory. Oxford: Clarendon Press, 2003, 283 pages.
12. Ruggero J.A., Rasch,
M., Bartlett, M.P. Opinion Writing
and Opinion Readers.
Cardozo Law Review, New York, 2009, №31, p. 2-44.
URL: https://larc.cardozo.yu.edu/cgi/viewcontent.cgi?article=3613&context=clr (last acces:
16.11.2025)
13. Stelmach J., Brożek, B. Methods of Legal Reasoning. Dordrecht: Springer, 2006, 242 pages.
14. The Administrative Procedure Code of the Republic of Azerbaijan, 1 January 2011, №846-IIIQ (in Azerbaijani / Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi, 1 yanvar 2011, № 846-IIIQ). URL: https://e-qanun.az/framework/46956 (last access: 16.11.2025).
LALA
MAMMADLI1
This
article examines the structural and content features of administrative court
decisions, particularly the drafting procedure and functions of decisions
related to claims for the enforcement of obligations. The aim of the article is
to identify the key elements that ensure the legal legitimacy, fairness, and
objectivity of administrative court decisions and to compare the legislation of
the Republic of Azerbaijan with the administrative procedural practices of
other countries, including Germany, Turkey, France, and Spain. The article also
evaluates the legal impact of the content and form of the introduction,
descriptive, reasoning, and conclusion sections of decisions and their
contribution to judicial precedent. Methodologically, the study combines
normative legal analysis, comparative law methods, and the analysis of
practical court decisions. The article examines the structure and drafting
style of decisions adopted under the Administrative Procedural Code of the
Republic of Azerbaijan in cases concerning claims for the enforcement of
obligations, and also provides a comparative analysis with administrative court
decisions of other countries. This approach highlights the strengths and
weaknesses of Azerbaijan’s administrative judicial practice, the quality of
legal reasoning in decisions, and their practical implementation. The study
shows that the legal legitimacy and fairness of administrative court decisions
largely depend on the completeness, clarity, and consistency of the decision
structure, as well as on the objective evaluation of the parties’ arguments and
factual circumstances. Standardized and boilerplate decisions pose risks to
judicial independence and the credibility of decisions. The article notes that
each section of a decision – introduction, descriptive, reasoning, and
conclusion – should serve both the resolution of the dispute and the formation
of administrative practice, contributing to the principle of the rule of law.
In conclusion, the article emphasizes the importance of legal stability,
transparency, and judicial precedent in the preparation of administrative court
decisions and provides recommendations for improving the content and structure
of administrative procedural law in Azerbaijan.
Keywords: claim for enforcement of
obligations, administrative court proceedings, court decisions, descriptive
section, reasoning section, conclusion section.