Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Moldova Respublikası Vəkillər Birliyinin dəvəti ilə Kişinyov şəhərində səfərdədir.
Nümayəndə heyəti səfər
çərçivəsində Vəkil Gününə həsr olunmuş “Təhlükəsizlik və müstəqillik: Vəkillər
hakimiyyətdən sui-istifadəyə qarşı müdafiəçilər qismində” mövzusunda beynəlxalq
konfransda iştirak edib.
Tədbirdə Moldova
Respublikasının ədliyyə naziri, Moldova Prezidentinin Hüquq məsələləri üzrə köməkçisi,
Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE)
vitse-prezidenti, müxtəlif ölkələrin vəkillər kollegiyaları, hüquq cəmiyyətlərinin
rəhbərləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, dövlət rəsmiləri
və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.
Açılış nitqi ilə çıxış
edən Moldova Respublikası Vəkillər Birliyinin prezidenti Anatolie Barbacar
konfrans iştirakçılarını və qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən
danışıb.
Tədbirin açılışında
çıxış edən VK sədri Anar Bağırov Moldova Respublikası Vəkillər Birliyini Vəkil
Günü münasibətilə təbrik edib, birliyin rəhbərliyinə və üzvlərinə gələcək fəaliyyətlərində
uğurlar arzulayıb. Vəkillərin peşə bayramının əhəmiyyətindən danışan sədr Azərbaycanda
da Vəkil Gününün qeyd olunduğunu nəzərə çatdırıb.
Anar Bağırov çıxışında
vəkillik fəaliyyətinin müstəqilliyinin əhəmiyyətinə toxunaraq, Azərbaycanda vəkillik
institutunun inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə geniş məlumat
verib.
Konfransın panel
müzakirələri zamanı VK Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cavid
Məmmədli “Azərbaycanda vəkillik fəaliyyətinin rəqəmsallaşdırılması” mövzusunda
çıxış edib.
Səfər çərçivəsində VK
nümayəndə heyəti ilə beynəlxalq təşkilatların və müxtəlif ölkələrin Vəkillər
kollegiyalarının rəhbərləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi
və təcrübə mübadiləsi istiqamətində görüşlər keçirilib, gələcək əməkdaşlığın
perspektivləri barədə müzakirələr aparılıb.
Sonda VK sədri Anar Bağırov Moldova Respublikası Vəkillər Birliyinin prezidenti Anatolie Barbacara xatirə rəsm əsərini hədiyyə edib.












