11–12 sentyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov Özbəkistan Respublikası Vəkillər Palatasının dəvəti ilə bu ölkənin paytaxtı Daşkənd şəhərində səfərdə olub.
Səfər çərçivəsində
Aydın Axundov türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə
“Türk dövlətlərinin vəkillər birliklərinin statusunun möhkəmləndirilməsi məsələləri:
Türk dövlətlərinin təcrübəsi” mövzusunda keçirilən dəyirmi masada iştirak edib.
Tədbirdə Özbəkistan və
Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan Vəkillər
kollegiyalarının rəhbərliyi iştirak edib.
Dəyirmi masanın əsas məqsədi
türk dünyası Vəkillər kollegiyaları arasında qarşılıqlı təcrübə və fikir
mübadiləsinin aparılması, mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi,
habelə vəkillik institutunun inkişafı istiqamətində birgə təşəbbüslərin müzakirəsi
olub.
Tədbiri giriş nitqi ilə
açan Özbəkistan Respublikası Vəkillər Palatasının sədri Şuxrat Sadikov
iştirakçıları salamlayıb, görüşün əhəmiyyətindən danışıb və vəkillik
institutunun statusunun möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Mərasimdə çıxış edən
Kollegiyanın sədr müavini Aydın Axundov türkdilli dövlətlərin vəkillər birlikləri
arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Sədr
müavini Azərbaycan Respublikası Vəkillər Kollegiyasında son illərdə həyata
keçirilən islahatlar çərçivəsində rəqəmsallaşma, institusional inkişaf və beynəlxalq
əməkdaşlıq istiqamətlərində əldə etdiyi nəticələr barədə məlumat verib.
Həmçinin sədr müavini
birgə təlim və ixtisasartırma proqramlarının təşkili, müasir hüquq sahələri üzrə
bilik və təcrübə mübadiləsinin aparılması, elektron xidmətlərdən istifadə edilməsi,
eləcə də peşə etikası və davranış qaydalarının harmonizasiyasının əməkdaşlığın əsas
prioritetləri olduğunu söyləyib.
Aydın Axundov çıxışının
sonunda cari ilin dekabr ayında I Bakı Beynəlxalq Vəkil Görüşünün keçiriləcəyini
diqqətə çatdıraraq görüş iştirakçılarını həmin beynəlxalq tədbirdə iştirak etməyə
dəvət edib.
Dəyirmi masa çərçivəsində türk dünyası Vəkillər kollegiyaları arasında gələcək əməkdaşlığın perspektivləri, qarşılıqlı maraq doğuran məsələlər və birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb, bir sıra təkliflər səsləndirilib.




