Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü və dəstəyi ilə ölkəmizdə səfərdə olan Türkiyə Hüquqşünas Qadınlar Dərnəyinin nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, Türkiyə ilə
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hicran Hüseynova iki ölkənin
prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Azərbaycan
ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə
uğurla inkişaf etməsindən söz açıb.
Komitə sədri Azərbaycan
və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin tarixi köklərinə nəzər
salıb, Şuşa Bəyannaməsini iki ölkə arasında müttəfiqliyin ən yüksək ifadəsi
kimi qiymətləndirib. H.Hüseynova gender bərabərliyinin təmin olunması, qadın və
kişilər üçün bərabər hüquq və imkanların yaradılması, ailə münasibətlərinin
hüquqi tənzimlənməsi, qadınların sosial və ictimai həyatda iştirakının
artırılması, həmçinin qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində
qanunvericilik sahəsində görülən işlər barədə ətraflı məlumat verib.
O, iki ölkənin
parlamentləri arasındakı əməkdaşlığın Azərbaycan ilə Türkiyə arasında strateji
tərəfdaşlığın daha da möhkəmlənməsinə, qanunvericilik sahəsində təcrübə mübadiləsinin
genişlənməsinə və ortaq təşəbbüslərin irəli sürülməsinə mühüm töhfə verdiyini
vurğulayıb. Eyni zamanda bildirilib ki, 2023-cü ildə Azərbaycan Respublikası
Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsi ilə Türkiyə Böyük Millət
Məclisinin Qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsi
komissiyası arasında əməkdaşlıq Protokolu imzalanıb. Bu sənəd çərçivəsində
qarşılıqlı təcrübə və fikir mübadiləsi aparılır, qadın hüquqlarının müdafiəsi,
ailənin möhkəmləndirilməsi və qadınların ictimai həyatda fəal iştirakının dəstəklənməsi
ilə bağlı məsələlər davamlı olaraq müzakirə olunur. H.Hüseynova əməkdaşlığın
daha da genişləndirilməsi baxımından bu cür görüşlərin əhəmiyyətini qeyd edərək,
qadın hüquqlarının müdafiəsi, qadınların cəmiyyətdə və ictimai-siyasi həyatda fəal
iştirakının təmin olunması, onların hüquq və imkanlarının genişləndirilməsi
istiqamətində birgə layihələrin həyata keçirilməsinin və yeni təşəbbüslərin irəli
sürülməsinin vacibliyini diqqətə çatdırıb.
Türkiyə Hüquqşünas
Qadınlar Dərnəyinin sədri, Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasının sədr
müavini, vəkil və mediator Zübeydə Aksay çıxışında Azərbaycanda olmaqdan məmnunluğunu
ifadə edib. O, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, əsas istiqamətləri və gələcək
planları barədə məlumat verib. Z.Aksay təşkilatın yaradıcısı, türk dünyasının
ilk qadın hüquqşünası və vəkili Sürəyya Ağaoğlunu böyük hörmət hissi ilə yad
edib.
Görüşdə Milli Məclisin
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, komitə
üzvləri Mehriban Vəliyeva, Tamam Cəfərova, İlham Məmmədov, Müşfiq Məmmədli, Səbinə
Xasayeva və Günay Ağamalı, həmçinin Vəkillər Kollegiyasının sədr müavini Pərviz
Ələkbərov, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Qadın Vəkillər
Alyansının sədri Dilarə Əfrasiyabova, Vəkillər Kollegiyası Rəyasət Heyətinin
üzvü Lalə Nağıyeva və Vəkillər Kollegiyasının Aparat rəhbərinin müavini Səttar
Məmmədov iştirak ediblər.
Çıxış edənlər Azərbaycan ilə Türkiyə arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinin bütün sahələr üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaratdığını bildiriblər. Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.





