2026-cı il sentyabrın 22-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin (VK) sədri Anar Bağırov VK-nın dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyə Hüquqşünas Qadınlar Dərnəyinin sədri, Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasının sədr müavini Zübeydə Aksayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
“Hilton Garden Inn
Baku” mehmanxanasında keçirilən görüşdə qonaqları səmimiyyətlə salamlayan VK sədri
Anar Bağırov Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq, dostluq və
qarşılıqlı əməkdaşlıq münasibətlərinin
son illərdə daha da inkişaf etdiyini deyib.
Sədr xalqlarımızı birləşdirən
ortaq tarixi, mədəni və mənəvi dəyərlərin hüquq institutları arasında əlaqələrin
inkişafına da mühüm təsir göstərdiyini qeyd edib. Anar Bağırov dövlət
başçılarının həyata keçirdiyi ardıcıl siyasət nəticəsində iki ölkə arasındakı
münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, bunun da vəkillik
institutları arasında əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərdiyini bildirib.
Sədr son illərdə VK-da
həyata keçirilən islahatlar, institusional inkişaf və beynəlxalq əməkdaşlıq
istiqamətində görülən işlər barədə məlumat verib, Azərbaycanda vəkillik
institutunun inkişaf mərhələlərinə, Kollegiyanın fəaliyyətinin müasir idarəetmə
prinsipləri əsasında təşkilinə və maliyyə müstəqilliyinin təmin olunmasına toxunub.
Eyni zamanda Anar
Bağırov çıxışında türk dünyasının ilk qadın hüquqşünası və vəkili olan Sürəyya
Ağaoğlunun həyat və fəaliyyəti barədə də məlumat verib, onun hüquq peşəsində
qadınların rolunun formalaşmasına verdiyi töhfələrdən danışıb.
Sədr nəzərə çatdırıb
ki, son illərdə həyata keçirilən islahatlar nəticəsində qadınların vəkillik peşəsinə
marağı və vəkil korpusunda təmsilçiliyi əhəmiyyətli dərəcədə artıb. Xüsusilə
2018-ci ildən etibarən bu istiqamətdə görülən işlər qadın vəkillərin peşəkar
inkişafı, şəbəkələşməsi və qarşılaşdıqları gender əsaslı çətinliklərin aradan
qaldırılması üçün yeni imkanlar yaradıb. Bu məqsədlə VK Rəyasət Heyətinin
müvafiq qərarı ilə Qadın Vəkillər Alyansı yaradılıb. Alyans qadın vəkillər
arasında əməkdaşlıq və təcrübə mübadiləsinin gücləndirilməsinə, onların peşəkar
inkişafının dəstəklənməsinə və vəkillik sahəsində fəal iştirakının təşviqinə
xidmət göstərir.
Öz növbəsində, Türkiyə
Hüquqşünas Qadınlar Dərnəyinin sədri, Beynəlxalq Hüquqşünas Qadınlar
Federasiyasının sədr müavini Zübeydə Aksay səmimi qəbula və göstərilən qonaqpərvərliyə
görə təşəkkürünü bildirib. O, Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasının
yaradıcılarından biri olmuş Sürəyya Ağaoğlunun təşkilatda gördüyü işlərdən
danışıb, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri və gələcək planları
barədə məlumat verib. Həmçinin Zübeydə Aksay qadın vəkillərin beynəlxalq həmrəyliyinin
gücləndirilməsinin vacibliyini vurğulayıb və Azərbaycan ilə Türkiyənin qadın vəkilləri
arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətinə
toxunub.
Görüş çərçivəsində
bildirilib ki, VK Qadın Vəkillər Alyansı Beynəlxalq Hüquqşünas Qadınlar
Federasiyasına üzv olmaq üçün müraciət edib. Bu münasibətlə Federasiyanın sədri
Manoela Gonçalves Silvanın videomüraciəti nümayiş etdirilib. O, çıxışında
Alyansın Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasına üzv olması üçün müraciətini
böyük məmnuniyyətlə qarşıladığını söyləyib.
Sonda görüş iştirakçıları arasında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub və xatirə hədiyyələri təqdim edilib.





