Vəkillər Kollegiyasının keçmiş üzvü, “Ədalət” Vəkil Bürosunun vəkili olmuş Türkan Hacıyeva təltif edilib.
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəis müavini
vəzifəsinə təyin olunan Türkan Muxtar qızı Hacıyeva Azərbaycan Respublikası Vəkillər
Kollegiyası (VK) Rəyasət Heyətinin 22 sentyabr 2026-cı il tarixində keçirilən
iclasına dəvət edilib.
O, VK-da müasir
texnologiyaların tətbiqi ilə bağlı verdiyi töhfəyə görə Kollegiyanın Rəyasət
Heyətinin Fəxri Fərmanı və hədiyyə ilə təltif olunub.
İclasda çıxış edən
Kollegiyanın sədri Anar Bağırov Türkan Hacıyevanı yeni vəzifəyə təyin olunması
münasibətilə təbrik edib, ona uğurlar arzulayıb. Türkan Hacıyevanın VK-nın ictimai
fəaliyyətinə verdiyi töhfələrdən danışan sədr onun peşəkar fəaliyyətində
qazandığı təcrübənin yeni vəzifəsində də uğurla davam etdiriləcəyinə əminliyini
ifadə edib.
Öz növbəsində, Türkan
Hacıyeva göstərilən diqqət və yüksək qiymətləndirməyə görə VK rəhbərliyinə təşəkkürünü
bildirib.
Qeyd edək ki, Türkan
Hacıyeva 2018-ci ildən Kollegiyanın üzvü olub. Eyni zamanda o, VK-nın müasir
texnologiyaların tətbiqi ilə yanaşı, Biznes Hüququ Komitəsinin fəaliyyətində fəal
iştirak edərək müxtəlif təşəbbüslərin həyata keçirilməsinə də töhfələr verib.
Türkan Hacıyeva Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr, Avstriyanın Vyana Universitetində isə Beynəlxalq Biznes Hüququ ixtisası üzrə magistr təhsili alıb.

