Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəvəti əsasında ölkəmizdə səfərdə olan Türk Hüquqşünas Qadınlar Cəmiyyətinin nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinə Türk
Hüquqşünas Qadınlar Cəmiyyətinin sədri, Beynəlxalq Qadın Hüquqşünaslar
Federasiyasının vitse-prezidenti, hüquqşünas və mediator Zübeyde Aksay rəhbərlik
edib.
Görüşdə Vəkillər
Kollegiyasının sədr müavini Pərviz Ələkbərov, aidiyyəti dövlət qurumunun
struktur bölmə rəhbər və əməkdaşları, Kollegiyanın Rəyasət Heyətinin üzvləri,
eləcə də Türk Hüquqşünas Qadınlar Cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Ombudsman qonaqları
salamlayaraq, hüquqşünas qadınların peşəkar inkişafının dəstəklənməsi, qadınların
hüquq və imkanlarının genişləndirilməsi, hüquq və ədalət prinsiplərinin təşviqi
istiqamətində Cəmiyyətin fəaliyyətinin əhəmiyyətini qeyd edib.
Səbinə Əliyeva qadın və
uşaqların hüquqlarının müdafiəsi, gender bərabərliyinin təşviqi və
ayrı-seçkiliyin qarşısının alınmasının Ombudsman təsisatının fəaliyyətinin əsas
istiqamətlərindən olduğunu bildirib. Qadınların hüquqlarının səmərəli təmin
edilməsi, hüquqi maarifləndirilməsi, bərabər imkanlarının genişləndirilməsi və
qərar qəbuletmə proseslərində fəal iştirakının təşviq edilməsinin əhəmiyyətini
diqqətə çatdırıb.
Ombudsman qonaqlara Azərbaycanın
hüquq sistemi, Ombudsman təsisatının fəaliyyəti, insan hüquq və azadlıqlarının
müdafiəsi, bərabərlik prinsipinin təmin olunması və ayrı-seçkiliyin qarşısının
alınması istiqamətində görülən işlər barədə məlumat verib.
Həmçinin Azərbaycanda
qadın hüquqşünasların müxtəlif dövlət qurumlarında, məhkəmə sistemində, vəkillik
və digər hüquq sahələrində geniş təmsil olunduğu, onların hüquq və ədalətin təmin
edilməsində, eləcə də ictimai həyatda fəal rol oynadığı qeyd edilib.
Görüşdə Azərbaycan və
Türkiyə arasında mövcud olan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin
insan hüquqlarının müdafiəsi və hüquq sahəsində əməkdaşlığın inkişafı üçün möhkəm
zəmin yaratdığı vurğulanıb. Bu çərçivədə iki ölkənin hüquq sistemləri arasında
təcrübə və fikir mübadiləsinin genişləndirilməsinin, qadın hüquqşünasların əməkdaşlığının
gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Zübeyde Aksay səmimi qəbula
görə təşəkkürünü bildirərək, rəhbərlik etdiyi Cəmiyyətin 1968-ci ildən etibarən
fəaliyyəti, qadın hüquqşünasların peşəkar inkişafının dəstəklənməsi, onların
hüquq sahəsində fəal iştirakının təşviqi, bilik və bacarıqlarının artırılması,
eləcə də qadın hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən təşəbbüslər
barədə məlumat verib.
Görüş zamanı qadın hüquqlarının müdafiəsi sahəsində mövcud çağırışlar, hüquqşünas qadınların hüquq müdafiəsi fəaliyyətində rolunun artırılması, qarşılıqlı təcrübə mübadiləsi, birgə maarifləndirmə təşəbbüslərinin həyata keçirilməsi və gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


