2026-cı il sentyabrın 22-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası giriş sözü ilə
açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son
dövrdə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran əsas prioritet
istiqamətlər barədə məlumat verib.
Sonra iclasın gündəliyinə
uyğun olaraq ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, eləcə də icbari
təlimi uğurla başa vuran vəkilliyə namizədin andiçmə mərasimi keçirilib, ona vəsiqə
təqdim edilərək gələcək fəaliyyətində uğurlar arzulanıb.
Həmçinin iclasda bəzi vəkillərin
digər vəkil qurumlarına keçirilməsi, müəyyən müddətə vəkillik fəaliyyətinin dayandırılması,
habelə müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad olunması ilə bağlı
müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Bundan başqa, Avropa
Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi tərəfindən
təşkil ediləcək “Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası”nın XII və
Milli Məhkəmə Müsabiqəsinin XVI buraxılışlarının keçirilməsinə maddi dəstək
göstərilməsi ilə bağlı müraciət müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə
ELSA Azərbaycan təşkilatına 3 000 manat məbləğində maddi dəstək göstərilməsi qərara
alınıb.
Eyni zamanda “Feniks” Vəkil
Bürosunun təsis edilməsi ilə bağlı müraciətə baxılıb və müsbət qərar qəbul
edilib.
İclasın davamında Vəkillərin
İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin müvafiq qərarları
ilə yol verilən intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib, 2
vəkilə töhmət verilib, daha 2 vəkilin isə gələcək peşə fəaliyyətində
qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə
çatdırılıb.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər müzakirə edilib, onların həlli istiqamətində müvafiq qərarlar qəbul olunub.

