Vəkillər Kollegiyasının nümayəndə heyəti Polşada beynəlxalq konfransda iştirak edib
2026-cı il sentyabrın
25–26-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar
Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Vəkillər Assosiasiyasının
(AEA-EAL) dəvəti ilə Polşanın paytaxtı Varşavada səfərdə olub.
Səfər çərçivəsində nümayəndə
heyəti Polşa Milli Vəkillər Şurasının AEA-EAL-a üzvlüyünün 30 illiyi və Avropa
Vəkillər Assosiasiyasının təsis edilməsinin 40 illiyi münasibətilə “Avropada və
onun hüdudlarından kənarda hüquq peşəsində həmrəyliyin gücləndirilməsi”
mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.
Konfransda Polşanın ədliyyə
naziri, Polşa Milli Vəkillər Şurasının, AEA-EAL-ın, Avropa Vəkillər
Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE), Avropa Vəkillər
Kollegiyaları Federasiyasının (FBE) prezidentləri və Avropa Şurasının İnsan
Hüquqları üzrə direktoru, eləcə də müxtəlif ölkələrin vəkillər kollegiyaları,
hüquq cəmiyyətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri,
dövlət rəsmiləri və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.
Açılış nitqi ilə çıxış
edən Polşanın ədliyyə naziri Valdemar Zurek konfrans iştirakçılarını və
qonaqları salamlayaraq, tədbirin hüquq peşəsi nümayəndələri arasında əməkdaşlığın
və həmrəyliyin gücləndirilməsi baxımından əhəmiyyətindən danışıb.
VK sədri Anar Bağırov
panel müzakirələri zamanı “Vəkillik peşəsinin müstəqilliyinin təminatları”
mövzusunda çıxış edib. Çıxışında AEA-EAL-a üzvlüyünün 30-cu ildönümünü qeyd edən
Polşa Milli Vəkillər Şurasının üzvlərini, eləcə də Avropa Vəkillər
Assosiasiyasının yaradılmasının 40 illik yubileyi münasibətilə Assosiasiyanın
üzvlərini təbrik edən sədr onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Anar Bağırov vəkillik
peşəsinin müstəqilliyinin hüququn aliliyinin, insan hüquqlarının və ədalətli məhkəmə
araşdırmasının əsas təminatlarından biri olduğunu vurğulayıb. Qeyd edilib ki, vəkillər
peşə fəaliyyətlərini hər hansı təzyiq və müdaxilədən azad şəkildə, yalnız
qanunun və peşə etikası normalarının tələblərinə uyğun həyata keçirməlidirlər. Vəkilliyin
müstəqilliyinin təmin olunmasında qanunvericilik təminatları, peşə özünüidarəetməsi
və maliyyə müstəqilliyi mühüm rol oynayır.
Sədr müstəqilliyin eyni
zamanda yüksək peşəkar və etik məsuliyyət tələb etdiyini diqqətə çatdırıb. Hər
bir vəkil öz fəaliyyətində maraqlar toqquşmasından çəkinməli, peşə müstəqilliyini
və ictimai etimadı qoruyan davranış nümayiş etdirməlidir.
Həmçinin Anar Bağırov bildirib
ki, Azərbaycanda vəkillərin peşə fəaliyyətində qarşılaşdıqları məsələlərin həlli
istiqamətində aidiyyəti qurumlarla institusional dialoq davam etdirilir. Beynəlxalq
təcrübə və peşəkar standartların öyrənilməsi də milli qanunvericiliyin və
institusional mexanizmlərin təkmilləşdirilməsinə mühüm töhfə verir.
Sədr çıxışında müasir
dövrdə rəqəmsallaşma, süni intellekt, məlumatların qorunması və kibertəhlükəsizlik
kimi yeni çağırışların vəkillik peşəsinə təsirlərinə də toxunub. Vurğulanıb ki,
texnologiyalar və hüquqi xidmətlərin göstərilməsi üsulları dəyişsə də, vəkilliyin
müstəqilliyi dəyişməz fundamental prinsip olaraq qalmalıdır.
Səfər çərçivəsində VK
nümayəndə heyəti ilə beynəlxalq təşkilatların və müxtəlif ölkələrin Vəkillər
kollegiyalarının rəhbərləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi
və təcrübə mübadiləsi istiqamətində görüşlər keçirilib, gələcək əməkdaşlığın
perspektivləri barədə müzakirələr aparılıb.
Eyni zamanda VK sədri
Anar Bağırov Polşa Milli Vəkillər Şurasının prezidenti Vlodzimierz Kroşçikə
xatirə hədiyyəsi təqdim edib.
Tədbirin sonunda iştirakçıların şərəfinə rəsmi ziyafət təşkil olunub, həmçinin şəhər üzrə ekskursiya keçirilib.







