Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəsmi internet platformasına “mygov ID” vahid giriş altsistemi inteqrasiya edilib.
Yeni inteqrasiya nəticəsində
vəkillərin şəxsi kabinetə giriş imkanları daha da genişləndirilib.
Belə ki, Kollegiya üzvləri,
vəkilliyə namizədlər və vətəndaşlar artıq şəxsi kabinetlərinə “mygov” tətbiqi,
eləcə də müxtəlif gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə
daxil ola bilərlər.
Bununla da istifadəçilərin
elektron xidmətlərdən daha rahat və çevik şəkildə yararlanmasına şərait
yaradılıb.
Bundan əlavə, vətəndaşların
“mygov” tətbiqi vasitəsilə Kollegiyanın Rəyasət Heyətinə elektron qaydada
müraciət etməsi imkanı da yaradılıb. Yeni funksionallıq müraciətlərin daha
operativ şəkildə təqdim olunmasına və vətəndaşlarla VK arasında elektron əlaqənin
daha da təkmilləşdirilməsinə xidmət göstərir.
Eyni zamanda Azərbaycan
Respublikası Vəkillər Kollegiyası Elektron Hökumət İnformasiya Sisteminin Rəqəmsal
Sənəd Dövriyyəsi (RSD) altsisteminə inteqrasiya olunub.
İnteqrasiya nəticəsində
Vəkillər Kollegiyası RSD-yə qoşulmuş dövlət qurumları və digər təşkilatlarla sənədlərin
rəqəmsal formada təhlükəsiz və operativ mübadiləsini həyata keçirə biləcək. Rəsmi
sənədlərin rəqəmsal qaydada göndərilməsi və qəbul edilməsi sənəd dövriyyəsinin
sürətləndirilməsinə, kağız daşıyıcılardan istifadənin azaldılmasına və
qurumlararası yazışmaların daha səmərəli təşkilinə imkan yaradacaq.
Onu da bildirək ki, gələcəkdə
vəkil sorğularının RSD altsistemi vasitəsi ilə göndərilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, Kollegiya
tərəfindən fəaliyyətin rəqəmsallaşdırılması, elektron xidmətlərin genişləndirilməsi
və müasir texnoloji həllərin tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata
keçirilir. RSD sisteminə qoşulma da bu istiqamətdə atılan növbəti addımlardan
biridir.