Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Bakı və regionlarda vətəndaşlara növbəti pulsuz hüquqi yardım göstəriblər

08 oktyabr 2026    102 share share

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 25 sentyabr 2026-cı il tarixində Mərkəzlərin psixoloq, sosial işçiləri və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlərinin birgə iştirakı ilə növbəti səyyar “Açıq qapı” günü keçirilib.

“Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, İsmayıllı rayonunun Xanagah, Goranboy rayonunun Nadirkənd, Göygöl rayonunun Çaykənd, Qəbələ rayonunun Vəndam, Ağdam rayonunun İmamqulubəyli, Saatlı rayonunun Naharlı, Sabirabad rayonunun Surra, Zaqatala rayonunun Maqov, Zərdab rayonunun Yarməmmədbağı kənd və qəsəbələrini əhatə edib.

“Açıq qapı” günündə UADM-lərin xidmətləri (psixoloji konsultasiya, Denver II qiymətləndirmə testi), Mərkəzlərlə əməkdaşlıq, maarifləndirmə tədbirlərinin təşkili, aliment, müalicə və sosial müavinətlər, əlilliyin müəyyən edilməsi, məktəbli ləvazimatları ilə təminat, işlə təminat, özünüməşğulluq proqramı, hüquqi məsələlər üzrə 53 nəfər vətəndaşın müraciəti dinlənilib. 

Müraciətlərin bir qismi təmin edilib, bəzi müraciətlərlə bağlı müvafiq izahat verilib, həlli araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb, eyni zamanda vəkillər tərəfindən sosial cəhətdən həssas qruplardan olan qadınlara hüquqi yardım göstərilib.

Qeyd edək ki, tədbirlərdə Saatlı rayon Vəkil Bürosu, Qəbələ rayon Vəkil Bürosunun vəkilləri, habelə Ağdam rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkillər iştirak edib.