25-30 noyabr 2018-ci il tarixlərdə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsi məqsədilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndə heyətinin Almaniya Federativ Respublikasına işgüzar səfəri baş tutmuşdur.
Səfərin birinci günü Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərliyi ilə Azərbaycan vəkillərinin nümayəndə heyəti Alman Federal Vəkillər Palatasının Prezidenti Ulrich Wessels ilə görüşmüşdür.
Görüşdə cənab Anar Bağırov Azərbaycan vəkilliyinin inkişafı ilə bağlı aktual məsələləri səsləndirmiş, Azərbaycan və alman vəkillərinin beynəlxalq əməkdaşlığı və təcrübə mübadiləsi ilə bağlı bir sıra məsələlər,o cümlədən əməkdaşlığın gələcək perespektivləri müzakirə edilmişdir. Alman Federal Vəkillər Palatasının Prezidenti Ulrich Wessels Azərbaycan Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırovu 2019-cu ilin aprel ayında Almaniya Federal Respublikasında vəkilliyin inkişafı ilə bağlı keçiriləcək beynəlxalq təbirdə iştirak etməyə dəvət etmişdir. Qarşılıqlı anlaşma və hörmət şəraitində keçirilmiş görüşdə Anar Bağırov Ulrich Wesselsə Azərbaycan vəkilləri adından xatirə hədiyyələrini təqdim etmişdir. Görüşdə həmçinin Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədov, Vəkillərin İntizam Komissiyasının sədr müavini İlhamə Həsənova, komissiyanın üzvləri Dilarə Əfrasiyabova, Fazil Nəhmətov, Cavid Alıyev, Bəylər Məmişov, Xəyal Bəşirov və Elxan Quliyev iştirak etmişlər.
Təcrübə səfərinin gündəliyinə uyğun olaraq Komissiya üzvləri səfərin növbəti günləri keçirilən tədbirlərdə Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədovun rəhbərliyi ilə iştirak etmişlər.
27 noyabr 2018-ci il tarixlərdə İntizam Komissiyasının üzvləri Almaniya Arbitraj Məhkəməsinin hakimi xanım Monika Nöhre və işlər müdiri xanım Sylvia Ruge ilə görüşmüşlər. Görüşdə nümayəndə heyətinə “Almaniyada vəkalət verənlər və onların vəkilləri arasında mülki hüquqla bağlı mübahisələrə arbitraj məhkəməsində baxılması” qaydaları haqqında məlumat verilmiş və bu məsələlərlə bağlı Almaniya təcrübəsi müzakirə olunmuşdur.
28 noyabr 2018-ci il tarixdə Komissiya üzvlərinin Frankfurt şəhərinin Vəkillər Palatasının əməkdaşları ilə görüşü keçirilmişdir. Görüşdə Frankfurtun Vəkillər Palatasının sədri cənab Griemi təmsil edən, Vəkillər Palatasının sədr müavini, vəkil və notarius cənab Hans-Christian Hauck Azərbaycan vəkillərini salamlamış, Frankfurt şəhərinin Vəkillər Palatasının referenti, vəkil Marc Zastrow tərəfindən şikayətlərə baxılması qaydasının hüquqi strukturu barədə təqdimat, şəhərin Vəkillər Palatası Rəyasət Heyətinin Şikayətlər şöbəsinin sədri, vəkil Hans-Rüdiger Dierks tərəfindən şikayətlər şöbəsinin işi barədə təqdimat edilmiş, Vəkillər Palatası Rəyasət Heyətinin Etirazlar şöbəsinin sədri, vəkil və notarius Hans-Christian Hauck tərəfindən etirazlar şöbəsinin işi barədə təqdimat, Palatanın dəftərxanası tərəfindən prosesin hazırlanması, prosesi müşayiət edilməsi, prosesin yekunlaşdırılması və ləğvetmə prosesi barədə işlər müdiri vəkil xanım Tanja Wolfun təqdimatı nümayəndə heyətinə təqdim edilmiş və bu məsələlərlə bağlı müzakirələr aparılmışdır.
Günün kinci yarısında “Dolce Lauda” vəkil bürosunda vəkili Rodolfo Dolce və vəkil xanım Marilena Bacci ilə görüş keçirilmiş, görüşdə “Ölkələrarası hüquqi münasibətlər sahəsində vəkillərin məktublaşmasının milli xüsusiyyətləri” məsələləri müzakirə edilmiş, bu sahədə Almaniya təcrübəsi ilə yanaşı İtaliya, Fransa və digər Avropa ölkələrinin təcrübəsi barədə məlumatlar verilmiş, müzakirələr aparılmışdır.
29 noyabr 2018-ci il tarixdə nümayəndə heyəti “Vəkilin davranışının yoxlanılması ilə bağlı ehtimal olunan müxtəlif proseslər üzrə” təlimçi vəkil Rudolf Laudanın keçirdiyi təlimdə iştirak edərək məhkəmədə vəkillik işinin səmərəli həyata keçirməməsi ilə bağlı vəkilin məsuliyyətə cəlb edilməsinə dair iddialar, rüsumlar ilə bağlı mübahisələrə məhkəmədə baxılması, mülkiyyət hüququ ilə bağlı mübahisələrə arbitraj məhkəməsində baxılması, şikayətlərlə bağlı proseslərə Vəkillər Palatasının Rəyasət Heyəti tərəfindən baxılması, Vəkillər Məhkəməsində məhkəmə prosesləri ilə bağlı məsələlər üzrə Almaniya təcrübəsi lə tanış edilmişdir.
30 noyabr nümayəndə heyəti Hessen Federal Torpağının Vəkillər məhkəməsinin Prezidenti Jürgen Taschke ilə görüşmüş, Vəkillik məhkəməsinin yurisdiksiyası və strukturu barədə məlumat verilmişdir. Vəkillər Məhkəməsində baxılan konkret hallarla bağlı Vəkillər Məhkəməsinin sədri, vəkil və notarius Dieter Lefévrenin məruzəsini və Vəkillər məhkəməsinin yurisdiksiyasına aid olan proseslərdə Baş prokurorun rolu ilə bağlı prokuror xanım Schorradt və cənab Lefévrenin məruzələri dinlənilmiş, o cümlədən Vəkillər Məhkəməsində baxılan prosesi müşahidə etmək imkanı olmuşdu.
Səfər nəticəsində İntizam Komissiyasının üzvləri Almaniya Federativ Respublikasında vəkillərin intizam məsuliyyətinə cəlb olunması qaydası, əsasları, vəkillər barəsində intizam icraatının başlanılması və araşdırmanın aparılması qaydaları, vəkillər barəsində tətbiq edilən intizam tənbehlərinin növləri və intizam icraatı ilə əlaqədar digər hallarla tanış olmaq, təcrübə mübadiləsi aparmaq imkanına malik olmuşlar.
Sonda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlərinin Almaniyaya səfərinin təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi sahəsində irəliyə atılmış bir addım olaraq hər iki ölkə vəkilləri üçün faydalı və məhsuldar olması, bu əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsinin hər iki ölkənin vəkilliyinin inkişafı üçün mühüm əhəmiyyət daşıması qeyd olunmalıdır.