8–9 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Ədliyyə Nazirliyi və Türkiyə Barolar Birliyinin dəvəti ilə İstanbul şəhərində keçirilən Beynəlxalq Ədalət Sammitində iştirak edib.
Səfərdə Kollegiya sədri Anar Bağırovla yanaşı, Vəkillərin
İntizam Komissiyasının sədri Cavid Alıyev də iştirak edib.
Tarixi Çırağan Sarayında “Ədalətin gələcəyi: bəşəriyyət
naminə ortaq məsuliyyət” mövzusunda təşkil olunan Sammit dünyanın 40-dan çox ölkəsindən
ədliyyə nazirlərini, məhkəmə orqanlarının yüksək vəzifəli nümayəndələrini, beynəlxalq
təşkilatların təmsilçilərini, tanınmış akademikləri, vəkilləri və
hüquqşünasları bir araya gətirib. Tədbir müasir ədalət sistemlərinin
qarşılaşdığı aktual problemlərin müzakirəsi və bu sahədə beynəlxalq təcrübə
mübadiləsi üçün mühüm platforma rolunu oynayıb.
Sürətli texnoloji dəyişikliklər, artan təhlükəsizlik
çağırışları və mürəkkəbləşən transsərhəd hüquqi məsələlər fonunda keçirilən
Sammitin əsas məqsədi beynəlxalq dialoq və əməkdaşlığın gücləndirilməsi, eləcə
də qarşıdakı illərdə ədalət sistemlərinin üzləşəcəyi çağırışlar və imkanlarla
bağlı ortaq yanaşmaların formalaşdırılması olub.
Tədbir çərçivəsində hüquq və ədliyyə sahəsinin
müasir gündəliyində yer alan məsələlər səkkiz əsas istiqamət üzrə təşkil edilən
panellərdə müzakirə olunub.
Açılış mərasimində Türkiyənin ədliyyə naziri Akın
Gürlek çıxış edərək iştirakçıları salamlayıb və ədliyyə sahəsinin aktual məsələlərinin,
eləcə də gələcək perspektivlərinin müzakirəsi baxımından belə beynəlxalq
platformaların əhəmiyyətini vurğulayıb.
VK sədri Anar Bağırov panel müzakirələri zamanı vəkillik
peşəsinin müstəqilliyinin hüququn aliliyi, insan hüquqlarının müdafiəsi və ədalət
mühakiməsinin səmərəli həyata keçirilməsi üçün fundamental təminat olduğunu
vurğulayıb. Sədr qeyd edib ki, bu müstəqilliyin qorunması yalnız ayrı-ayrı dövlətlərin
və milli vəkillər qurumlarının deyil, həm də regional və beynəlxalq peşə təşkilatlarının
ortaq məsuliyyətidir.
Hüquqi təminatlardan danışarkən Anar Bağırov ötən il “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş dəyişikliklərin vəkil-müvəkkil münasibətlərində məxfiliyin qorunması və peşə təminatlarının gücləndirilməsi baxımından əhəmiyyətini söyləyib. Sədr qanun layihəsi ilə bağlı dəyərli rəy və tövsiyələrinə görə Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) töhfəsini də yüksək qiymətləndirib.
Anar Bağırov VK-nın Türkiyə Barolar Birliyi ilə dostluq münasibətlərinə toxunaraq, təcrübə mübadiləsinin, o cümlədən vəkilliyə qəbul mexanizmləri sahəsində əməkdaşlığın praktik nəticələrini qeyd edib. Vəkillik peşəsinin dayanıqlı inkişafı üçün maliyyə müstəqilliyinin də mühüm əhəmiyyət daşıdığını bildirən sədr Türkiyə təcrübəsindən bəhrələnərək Azərbaycanda vəkil markası sisteminin tətbiqinin VK-nın institusional inkişafına və sosial təşəbbüslərin dəstəklənməsinə imkan yaratdığını söyləyib. Türkiyə də qəbul imtahanı mexanizmi hazırlayarkən Azərbaycanın təcrübəsindən istifadə etdiyini nəzərə çatdırılıb.
Anar Bağırov Türk dövlətlərinin vəkillər birliyi
arasında əlaqələrin institusional əsasda inkişaf etdirilməsinə də diqqət çəkib.
Sədr vahid Türk Dövlətləri Vəkillər Kollegiyaları Birliyinin yaradılmasının əhəmiyyətini
qeyd edərək, bu istiqamətdə Türkiyə Barolar Birliyi ilə birgə iş aparıldığını
bildirib.
Çıxış zamanı rəqəmsallaşma, süni intellekt, fərdi məlumatların
qorunması və kibertəhlükəsizlik məsələləri barədə də danışılıb. Sədr yeni
texnologiyaların vəkillik peşəsi üçün imkanlarla yanaşı, əlavə məsuliyyətlər də
yaratdığını, rəqəmsal mühitdə peşə sirrinin və müdafiə hüququnun qorunmasının
xüsusi əhəmiyyət daşıdığını deyib.
Səfər çərçivəsində VK nümayəndə heyəti ilə beynəlxalq
təşkilatların və müxtəlif ölkələrin Vəkillər kollegiyalarının rəhbərləri
arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsi
istiqamətində görüşlər keçirilib, gələcək əməkdaşlığın perspektivləri barədə
müzakirələr aparılıb.
Sammitin yekununda iştirakçıların şərəfinə rəsmi
ziyafət təşkil olunub.
Qeyd edək ki, Sammitdə Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov və Azərbaycan Respublikasının Baş prokurorunun birinci müavini Elçin Məmmədovun rəhbərlik etdikləri nümayəndə heyətləri də iştirak ediblər.





