Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və
Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) birgə təşkilatçılığı ilə keçirilən
EYBA-nın payız konfransının (“EYBA Autumn Conference 2026”nın iştirakçıları
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil
olunan konsert proqramında iştirak ediblər.
Tədbirdə Kollegiyanın və EYBA-nın rəhbərlikləri,
yerli və xarici vəkillər, hüquqşünaslar iştirak ediblər.
Qonaqlar Qara Qarayev adına Azərbaycan Dövlət Kamera
Orkestrinin ifasında Azərbaycan və dünya klassik musiqisinin nümunələrini dinləyiblər.
Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə təqdim
olunan proqramda Aqşin Əlizadənin “Cəngi”, Üzeyir Hacıbəylinin “Sevgili canan”,
Vasif Adıgözəlovun “Bayram süitası”, Arif Məlikovun “İki qəlbin dastanı”
baletindən “Komdenin arzuları” və “Məhəbbət əfsanəsi” baletindən “Türk
qızlarının rəqsi”, Azər Rzayevin “Düşüncə” və “Qaytağı”, Antonio Vivaldinin
“İlin fəsilləri” silsiləsindən “Yay”, Astor Piazzollanın “Libertango”, Rodolfo
Falvonun “Dicitencello vujo”, Fərhad Bədəlbəylinin “Dəniz”, Musa Mirzəyevin “Azərbaycan
rəqsi”, Qara Qarayevin “Yeddi gözəl” baletindən “Vals”, Fikrət Əmirovun “Min
bir gecə” baletindən “Şəhrizadın bayramı” və Müslüm Maqomayevin “Odlar yurdu” əsərləri
səsləndirilib.
Solistlər Vəkillər Kollegiyasının üzvü Araz Əsədli, Orxan
Cəlilov, Mirxalid Məmmədzadə, Səxavət Məmmədov və Aydan Yeşildağ orkestrin
müşayiəti ilə çıxış edərək qonaqlara xoş musiqi anları yaşadıblar.
Konsert proqramının ardından konfrans iştirakçıları
üçün şam yeməyi təşkil olunub.













