Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) tərəfindən 44 gün ərzində respublikanın müxtəlif ərazilərində keçirilən pulsuz hüquqi yardım aksiyaları çərçivəsində “Açıq qapı” günləri davam etdirilir.
Sentyabrın 27-dən başlayan aksiya çərçivəsində vətəndaşlara
müxtəlif ünvanlarda pulsuz hüquqi yardım göstərilir.
Belə ki, ötən həftə ərzində Bakı şəhəri 5 saylı, 6
saylı, 7 saylı, 8 saylı və 9 saylı Vəkil Bürolarının vəkilləri tərəfindən “Açıq
qapı” günləri təşkil olunub.
Keçirilən aksiyalar zamanı vətəndaşların müraciətləri
əsasən cinayət və inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktın müəyyən edilməsi,
pensiya təminatı, kredit mübahisələri, mənzil təminatı və digər sosial məsələlərlə
bağlı olub. Müraciətlər üzrə vətəndaşlara hüquqi məsləhətlər verilib, zəruri
hüquqi sənədlər hazırlanıb, o cümlədən yazılı ərizələr tərtib edilib.
Aksiyalar zamanı ümumilikdə 70-dən çox vətəndaşa
pulsuz hüquqi yardım göstərilib.
Qeyd edək ki, bu həftə ərzində Bakı şəhəri 10 saylı,
11 saylı, 12 saylı, 13 saylı və 14 saylı Vəkil Bürolarında pulsuz hüquqi yardım
aksiyalarının keçirilməsi nəzərdə tutulur.
Aksiya çərçivəsində aztəminatlı və sosial həssas qruplara aid vətəndaşlar qeyd olunan vəkil qurumlarına müraciət edərək hüquqi məsələləri ilə bağlı pulsuz məsləhət və digər hüquqi yardımlardan yararlana bilərlər.





























