2026-cı il oktyabrın 16-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov hakim vəzifəsinə yeni təyin edilmiş vəkillərlə görüş keçirib və onları təltif edilib.
Görüş zamanı Kollegiyanın sədri yeni təyin olunmuş
hakimləri salamlayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Anar Bağırov son illər məhkəmə sistemində vəkillik
institutunun rolunun və vəkillərin peşəkar potensialının artmasına diqqət çəkib.
Sədr Prezident İlham Əliyevin 10 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə hakim
vəzifəsinə təyin olunmuş şəxslər arasında Kollegiyanın 8 üzvünün də yer
aldığını bildirib. Bunun yüksək göstərici olduğunu qeyd edən sədr vəkillik
institutunun ölkənin məhkəmə sistemi üçün də etibarlı və peşəkar kadr mənbələrindən
birinə çevrildiyini xatırladıb.
VK-nın Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki
Komitəsində təmsil olunduğunu nəzərə çatdıran Anar Bağırov hakim vəzifəsinə təyin
edilmiş vəkillərin məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə mühüm töhfə
verəcəklərinə inamını vurğulayıb. Sədr yeni hakimlərin qanunun aliliyinə, ədalət
mühakiməsinin prinsiplərinə və etik davranış qaydalarına daim sadiq
qalacaqlarına əminliyini ifadə edib.
Görüşün sonunda Anar Bağırov VK Rəyasət Heyətinin müvafiq qərarına əsasən hakim vəzifəsinə təyin edilmiş şəxslərə Fəxri Fərmanları təqdim edib.








