2026-cı il oktyabrın 21-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar
Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə görülən işlər, əldə
olunan nəticələr və qarşıda duran əsas prioritet istiqamətlər barədə məlumat
verib.
Sonra iclasın gündəliyinə uyğun olaraq, ixtisas
imtahanlarının yazılı və şifahi mərhələlərini, eləcə də icbari təlimi uğurla
başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib. Yeni vəkillərə vəsiqələr
təqdim olunub və onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulanıb.
Bundan əlavə, vəkillik fəaliyyəti ilə bağlı bir sıra
hüquqi məsələlər və qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər
müzakirə olunub. Müzakirələrin yekununda həmin təkliflərin aidiyyəti orqana
göndərilməsi barədə qərar qəbul edilib.
İclasda bəzi vəkillərin digər vəkil qurumlarına
keçirilməsi, eləcə də müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad
olunması ilə bağlı müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Həmçinin Kollegiya sədrinin müavinlərinin
regionlarda fəaliyyət göstərən vəkil qurumlarının və fərdi qaydada fəaliyyət
göstərən vəkillərin işinin yerində öyrənilməsi ilə bağlı məruzələri dinlənilib.
Bildirilib ki, səfərlər çərçivəsində sədr müavinlərinin müəyyən etdiyi bir sıra
pozuntular aşkarlanıb. Həmin pozuntuların qısa müddətdə aradan qaldırılması
tapşırılıb, yerində öyrənilmə mexanizmlərinin isə gələcəkdə daha da təkmilləşdirilməsi
qərara alınıb.
Daha sonra dövlət hesabına göstərilən hüquqi yardım
üzrə ödənişlərin audit yoxlanılması məsələsinə, eləcə də dövlət hesabına göstərilən hüquqi yardım üzrə
təqdim edilən qərarlarda aşkar edilən nöqsanlara dair təqdimata baxılaraq,
müvafiq qərarlar qəbul olunub.
İclasda VK Rəyasət Heyətinin
üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun müdiri Ramiz İbrahimovun Kollegiyanın
Ağsaqqallar Şurasının sədri vəzifəsinə təyin olunması barədə qərar qəbul edilib.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının
rəyləri müzakirə olunub. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən
intizam pozuntularına görə 3 vəkilə töhmət verilib və 4 vəkilə xəbərdarlıq
edilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər müzakirə edilib, onların həlli istiqamətində müvafiq qərarlar qəbul olunub.




