Vəkillərin peşə hazırlığı, eləcə də ixtisaslarının artırılması üzrə nəzərdə tutulmuş birinci istiqamət üzrə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Tədris Mərkəzi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə təşkil olunan növbəti icbari təlimlər keçirilib.
Oktyabrın 31-də isə “Vəkillərin etik davranış
qaydaları: nəzəri və təcrübi məsələlər” mövzusunda hibrid qaydada təlim təşkil
olunub.
Təlimə qatılan VK Rəyasət Heyətinin sədri Anar
Bağırov iştirakçıları salamlayıb və təlimin işinə uğurlar arzu edib.
Sədr bildirib ki, vəkillərin peşəkar bilik və
bacarıqlarının davamlı inkişafı, qanunvericilikdəki yeniliklərin mənimsənilməsi
və məhkəmə təcrübəsinin dərindən öyrənilməsi hüquqi yardımın keyfiyyətinin yüksəldilməsində
mühüm əhəmiyyət daşıyır.
Anar Bağırov vurğulayıb ki, mütəmadi təşkil olunan tədris
tədbirləri vəkillərin nəzəri biliklərinin təcrübə ilə möhkəmləndirilməsinə, peşə
fəaliyyətində qarşılaşdıqları məsələlərin həllinə və hüquqi müdafiə mexanizmlərinin
təkmilləşdirilməsinə xidmət edir. Eyni zamanda nəzərə çatdırılıb ki, vəkillik fəaliyyəti
ilə bağlı qanunvericiliyin müasir tələblərə uyğun inkişaf etdirilməsi, qabaqcıl
beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, habelə mövcud hüquqi mexanizmlərin
təkmilləşdirilməsi vəkillik institutunun gücləndirilməsinin əsas istiqamətlərindəndir.
Həmçinin təlim mövzusunun aktuallığı ilə bağlı çıxış
edən sədr deyib ki, bu istiqamətdə keçirilən təlimlər vəkillərə etik prinsiplərin
nəzəri əsaslarını daha dərindən mənimsəmək, peşə fəaliyyətində qarşılaşdıqları
praktiki məsələləri düzgün qiymətləndirmək və mümkün etik pozuntuların
qarşısını almaq imkanı yaradır. Eyni zamanda vurğulanıb ki, vəkilin müstəqilliyi,
vicdanlılığı, məxfilik öhdəliyi, maraqlar toqquşmasının qarşısının alınması və
müdafiə etdiyi şəxsin hüquq və qanuni mənafelərinə məsuliyyətlə yanaşması kimi
məsələlərin müzakirəsi peşə məsuliyyətinin gücləndirilməsinə xidmət göstərir.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyası İntizam
Komissiyasının üzvləri Ruslan Vəliyev və Paşa Səfərov vəkillik fəaliyyətində
peşə etikası, vəkilin peşə məsuliyyəti, vəkilin müstəqilliyi və müstəqil peşə fəaliyyəti,
vəkilin vicdanlılıq və dürüstlük prinsipləri, vəkil sirrinin qorunması və məxfilik
öhdəliyi, maraqlar toqquşmasının qarşısının alınması, vəkilin hüquqi və etik
öhdəlikləri, peşə etikasının nəzəri və praktiki əsasları, etik normaların vəkillik
fəaliyyətində tətbiqi, vəkilin müdafiə etdiyi şəxsin hüquq və qanuni mənafelərinə
münasibəti, həmçinin vəkillərin intizam icraatı və etik pozuntuların qiymətləndirilməsi
barədə geniş təqdimatla çıxış ediblər.
Təlimlər çərçivəsində vəkillərə “İnzibati məhkəmə
icraatında iddianın növləri və düzgün iddia növünün müəyyən edilməsi”
mövzusunda hibrid qaydada təlim təşkil olunub.
Təlimdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin
hakimi Xəyalə Cəmilova iddiaçının hüquqi məqsədi, iddianın predmeti və iddia
növü arasındakı əlaqə, iddianın mümkünlüyü və əsaslılığı, hüquqi maraq, aidiyyət
və digər prosessual şərtlərin yoxlanılması, mübahisələndirmə haqqında iddia,
inzibati aktın tam və ya qismən ləğvi və dəyişdirilməsi, icra olunmuş, ləğv
edilmiş və ya qüvvədən düşmüş inzibati aktlar üzrə hüquqi müdafiə, məcburetmə
haqqında iddia, arzulanan inzibati aktın qəbulundan imtina, məcburetmə iddiası
üzrə məhkəmənin səlahiyyətləri, diskresion səlahiyyət, o cümlədən qiymətləndirmə
azadlığı, öhdəliyin icrası haqqında iddia və onun məcburetmə iddiasından fərqi kimi praktiki məsələlər barədə geniş çıxış
edib.
Qeyd edək ki, təşkil olunmuş hibrid formalı təlimlərdə VK Rəyasət Heyətinin sədri Anar Bağırov, sədr müavinləri Aydın Axundov, Pərviz Ələkbərov və Şahmar Məmmədov da daxil olmaqla, Kollegiyanın 1 387 üzvü iştirak edib.








