Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) rəsmi internet platformasında vəkil köməkçilərinin reyestri istifadəyə verilib.
Reyestrin yaradılmasında əsas məqsəd vəkil köməkçiləri
barədə məlumatların elektron qaydada toplanılması və sistemləşdirilməsi, eləcə
də həmin məlumatların ictimaiyyət üçün əlçatanlığının təmin edilməsidir.
Vəkil köməkçiləri barədə məlumatların reyestrə daxil
edilməsi elektron qaydada həyata keçirilir. Bunun üçün vəkil köməkçisi VK-nın
elektron sistemində (https://barassociation.az/login?)
“vəkil köməkçisi kimi giriş et” bölməsi
vasitəsilə şəxsi kabinetinə daxil olaraq tələb olunan şəxsi və digər məlumatları
doldurmalı, məlumatların düzgünlüyünü yoxladıqdan sonra təsdiq üçün göndərməlidir.
Növbəti mərhələdə müvafiq Vəkil Bürosunun müdiri öz
şəxsi kabinetinə daxil olaraq yeni yaradılmış xana vasitəsilə vəkil köməkçisi tərəfindən
təqdim edilmiş məlumatları yoxlayır. Məlumatların düzgünlüyü təsdiq edildikdən
sonra onlar Kollegiyanın Aparatına yönləndirilir.
Kollegiyanın Aparatı tərəfindən təqdim edilmiş məlumatlar
yenidən yoxlanıldıqdan və uyğun hesab edildikdən sonra yekun təsdiq həyata
keçirilir.
Bununla da vəkil köməkçisi barədə məlumatlar VK-nın rəsmi internet səhifəsində yerləşdirilən (https://barassociation.az/public-assistant/index) “Fəaliyyət göstərən vəkil köməkçilərinin reyestri” bölməsində dərc olunur.