Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “8 Noyabr – Azərbaycan tarixinin zəfər zirvəsi” mövzusunda konfrans keçirilib.
Tədbirdə müxtəlif dövlət
qurumlarının, hüquq-mühafizə orqanlarının, ali təhsil və elmi-tədqiqat müəssisələrinin
nümayəndələri, təhsilalanlar, həmçinin Vətən müharibəsinin qəhrəmanları və
iştirakçıları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə
Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi
bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik
sükutla yad ediblər. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib
və mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.
Konfransı giriş sözü ilə
açan Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov qonaqları
salamlayaraq tədbirin işinə uğurlar arzulayıb. Akademiyanın rəisi konfransın
keçirilmə məqsədi barədə fikirlərini bölüşərək, Zəfər Gününün tarixi-siyasi əhəmiyyətini
milli dövlətçiliyimizin və hərbi qüdrətimizin parlaq təzahürü kimi diqqətə
çatdırıb.
Daha sonra çıxış edən tədbir
iştirakçıları Zəfər Gününün xalqımızın qəhrəmanlıq salnaməsində müstəsna yer
tutduğunu, bu şanlı tarixin milli qürur, vətənə sonsuz sevgi və eyni zamanda şəhidlərimizin
əziz xatirəsinə dərin ehtiramın təcəssümü olduğunu vurğulayıblar.
Mərasimdə çıxış edən Vəkillər
Kollegiyasının sədr müavini Pərviz Ələkbərov 8 Noyabr – Zəfər Gününün
xalqımızın milli iradəsinin, birliyinin və dövlətçilik əzminin təntənəsi
olduğunu bildirib. Sədr müavini 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində
torpaqlarımızın böyük hissəsinin işğaldan azad edildiyini, 2023-cü ildə keçirilən
lokal xarakterli antiterror əməliyyatları ilə isə Azərbaycanın bütün ərazilərində
suverenliyinin tam bərpa olunduğunu diqqətə çatdırıb.
Pərviz Ələkbərov Zəfərin
əldə olunmasında xalqımızın birliyinin mühüm rol oynadığını vurğulayaraq, milli
həmrəyliyin və dövlətçilik iradəsinin ölkəmizin qüdrətini daha da artırdığını
qeyd edib.
Konfransın bədii hissəsində Akademiyanın kursantları tərəfindən hazırlanmış “Azərbaycan tarixinin zəfər zirvəsi” adlı ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına təqdim olunub.


